Əhali Səhiyyə Nazirliyinin elektron xidmətlərindən geniş istifadə edir
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə Səhiyyə Nazirliyinin gördüyü işlərə dair tədbir keçirilib.
Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzində təşkil olunan tədbirdə Azərbaycanda açıq hökumətin təşviqi üzrə ardıcıl siyasətin həyata keçirildiyi qeyd edilib. Bildirilib ki, ölkəmizdə ilk dəfə 2007-ci ildə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiya” təsdiq olunub. Bu istiqamətdə icra olunan tədbirlər çərçivəsində ölkədə elektron hökumətin formalaşması sahəsində əhəmiyyətli işlər görülüb, o cümlədən, dövlət orqanları öz fəaliyyətlərinə uyğun olaraq elektron xidmətlər təşkil edib. Bu xidmətlərin “bir pəncərə” prinsipi əsasında təşkili məqsədilə “Elektron hökumət” portalı (www.e-gov.az) yaradılıb.
Tədbirdə qeyd olunub ki, Səhiyyə Nazirliyi vətəndaşlara elektron xidmətlərin göstərilməsi istiqamətində ciddi addımlar atır. Bu xidmətlərdən istifadəni asanlaşdırmaq məqsədilə 19 adda elektron xidmət yenidən hazırlanaraq istifadəyə verilib. O cümlədən, "Doğum haqqında tibbi şəhadətnamə" elektron registrindən məlumatların verilməsi, xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün müraciətin və sənədlərin qəbulu, özəl tibb müəssisəsində narkotik və psixotrop maddələrin istifadəsinə razılıq məktubunun verilməsi xidmətləri elektron formada göstərilir.
Elektron xidmətlər siyahısına həmçinin dərman vasitələrinin idxalına icazə verilməsi, onlara dövlət qeydiyyatı şəhadətnaməsi alınması üçün müraciətin və sənədlərin qəbulu, radioaktiv maddə və materialların, ionlaşdırıcı şüa mənbələri olan qurğuların, avadanlıqların və radioaktiv tullantıların daşınması üsullarının və şəraitinin sanitariya qaydalarına uyğun olması barədə sanitar-epidemioloji rəyin verilməsi və s. aiddir. Beş ildən çox işləməyən tibb mütəxəssislərinin hazırlığa göndərilməsi, tibb işçilərinin sertifikasiyadan keçməsi və ixtisas dərəcələrinin artırılması ilə əlaqədar müraciət və sənədlərin qəbulu xidmətləri də elektron formada təqdim edilir.
Səhiyyə Nazirliyinin elektron xidmətlərindən bəziləri vətəndaşlar tərəfindən daha çox istifadə olunur. Nazirliyinin tabeliyində olan tibb müəssisələrində işə qəbulla bağlı keçirilən müsabiqələrdə iştirak etmək üçün müraciət və sənədlərin qəbulu xidmətindən bu ilin mayın 22-dək 20 min dəfədən çox istifadə edilib. Tibb işçilərinin sertifikasiyadan keçməsi üçün 7716 dəfə, dərman vasitələri haqqında məlumat verilməsi üçün 3672 dəfə, tibbi kadrların vahid registrindən məlumatların verilməsi üçün 1231 dəfə, tibb müəssisələri barədə məlumatların verilməsi üçün isə 832 dəfə müraciət olunub.