İnfarkt gəncləşir

İnfarkt gəncləşir


Səhiyyə Nazirliyinin kardiologiya üzrə baş mütəxəssisi, professor Faiq Quliyevin media nümayəndələri ilə görüşü olub. 3 saylı Şəhər Klinik Xəstəxanasında keçirilən, ölkəmizdə mövcud kardioloji problemlərin müzakirə edildiyi tədbirdə F.Quliyev bildirib ki, son illər Azərbaycanda ürək-damar xəstəlikləri epidemik hal alıb: “Hazırda ölkəmizdə hipertenziyaya və vaskulyar miokarda daha çox rast gəlinir. Ümumiyyətlə, əhalinin orta yaş həddinin artması ilə əlaqədar olaraq, ürək-damar xəstəliklərində də artım müşahidə edilir. Ölkə üzrə statistik göstəricilərə əsasən, arterial hipertenziyadan əziyyət çəkənlərin 40 faizi 40, 50 faizi 50, 60 faizi isə 60 yaşından yuxarı olan şəxslərdir. Dünya əhalisi arasında ürək çatışmazlığı xəstəliyinin yayılması 10 faizdirsə, ölkəmizdə bu göstərici 10-12 faiz təşkil edir. Bundan əlavə, Azərbaycanda hər min nəfərdən dördü kəskin koronar sindromdan əziyyət çəkir ki, onun ölüm faizi vaxtında aşkarlanmasından asılı olaraq 1-5 faiz arası dəyişir. Son illər ölkəmizdə ürək-damar xəstəliklərinin yayılması səbəbindən bu problemin həlli prioritet sayılır.
Son zamanlar bütün dünyada olduğu kimi, ölkəmizdə də infarktın gəncləşməsi müşahidə edilir. Aparılan bir sıra tədqiqatlarla müəyyən edilib ki, 65 yaşdan yuxarı qadınlarda ürəyin işemik xəstəlikləri 52 faiz, kişilərdə isə 48 faiz təşkil edir. Dünyada həyata keçirilən araşdırmalara əsasən, bu xəstəliklərin yaranmasında genetik faktor 4-5 faiz rol oynayır. Bundan əlavə, qohumlararası evliliklər, psixoemosional gərginliyin artması, oturaq həyat tərzi, qeyri-düzgün qidalanma və bir sıra digər problemlər də bu xəstəliklərin əsas yaranma səbəblərindəndir”.
Toplantıda məlumat verilib ki, ölkəmizdə hamilə qadınlarda hipertenziyanın, hamiləlik zamanı meydana çıxan ürək qüsurlarının aşkarlanması və müalicəsi, həmçinin prenatal diaqnostikanın inkişafı istiqamətində bir sıra tədbirlər görülür.
Baş kardioloq qeyd edib ki, ürək-damar xəstəliklərinin profilaktikası onların müalicəsindən 10 dəfə daha az xərc tələb edir: “Hazırda kardio-vaskulyar xəstəliklərin diaqnostikası və müalicəsi üçün ölkədə hər bir şərait yaradılıb. Bir sıra pilot layihələr də var ki, onların köməyi ilə həkimlərimizin peşəkarlığını Avropa standartlarına uyğunlaşdırmaq nəzərdə tutulub. Bu layihələrin paytaxtla yanaşı, regionlarda da tətbiqi planlaşdırılır”.
Sonra mövzu ətrafında müzakirələr aparılıb, jurnalistlərin sualları cavablandırılıb.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova