Telesəhiyyə - məsafədən xəstəyə göstərilən ilkin tibbi yardım xidməti artıq Azərbaycanda
Bəzən paytaxtdan uzaq bölgə və regionlarda elə vəziyyət yaranır ki, xəstəyə təcili olaraq hansısa mütəxəssisin yardımı tələb olunur. Belə halda telesəhiyyə xidmətindən istifadə etmək zərurəti yaranır.
Telesəhiyyə məsafədən, qısa və tez bir zamanda, canlı olaraq xəstəni vəziyyətini izləyib, ona ilkin tibbi yardım göstərilməsi xidmətidir. Belə ki, bölgələrdə yerləşən mərkəzi tibb müəssisələrində yaradılmış texniki imkanlar vasitəsilə videoəlaqə yaradılır və ixtisaslı həkim və ya mütəxəssis həmin canlı əlaqə nəticəsində xəstənin vəziyyətini izləyib, öz məsləhətlərini verir. Bu, müəyyən rayonlarda bəzi ixtisaslar üzrə həkim çatışmazlığı ilə bağlı zərurət yarananda, bəzi məhdud ixtisaslar üzrə tibbi yardıma ehtiyac olanda xüsusilə səmərəlidir. Telesəhiyyə xidməti göstərilməsi üçün müasir rəqəmsal avadanlıq alınıb və uğurla istismar edilir.
Bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Calalov jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, müasir telesəhiyyə texnologiyaları, mobil cihazlar, müxtəlif telekommunikasiya proqramları onlayn videodialoq aparılmasına, konsultasiya tələb olunan müəssisənin mütəxəssisləri və məsləhətçi-həkimləri arasında telefon ismarıc mübadiləsinə, eləcə də rentgen, ultrasəs, exokardioqram, kompüter və maqnit-rezonans tomoqrafiyası və s. müayinələrin canlı olaraq baxılmasına imkan verir. Konsultativ tibbi yardımı ixtisaslaşmış tibb müəssisələrində və ali tibb təhsili ocaqlarında çalışan alim, professor, dosent və digər aparıcı mütəxəssis və həkimlər aparırlar. Bu cür müasir tibbi xidmət növünün tətbiqi nəticəsində xəstələrin rayonlardan Bakıya köçürülmə sayında da xeyli azalma müşahidə olunur.
Stansiyanın baş həkiminin verdiyi məlumata görə, yeni xidmət növü bu ilin fevralından tətbiq edilməyə başlanılıb və ötən müddətdə telesəhiyyə xidməti vasitəsilə artıq 147 xəstəyə məsafədən tibbi yardım göstərilib. Bu, konsultativ xidmət göstərilmiş 389 xəstənin 37 faizi deməkdir. Telesəhiyyə vasitəsilə ən çox reanimatoloq, cərrah, nefroloq, mama-ginekoloq və nevroloqlardan məsləhətlər alınıb. Onun dediyinə görə, informasiya texnologiyalarının geniş tətbiq edildiyi bir sıra dünya ölkələrində xidmətin bu növü geniş yayılıb və uğurlu nəticələr verir.
Baş həkim konkret olaraq ölkəmizin ucqar rayonlarından birində yaranmış vəziyyəti misal göstərərək bildirib ki, həmin hadisədə xəstəni ağır vəziyyətdən çıxarmaq üçün nəinki telesəhiyyə vasitəsilə məsləhətlər verilib, hətta cərrahi əməliyyatın zəruri olduğu bildirilib, üstəlik, əməliyyatın gedişi canlı olaraq izlənilib. Uğurlu əməliyyat nəticəsində ağır fəsadlardan qaçmaq mümkün olub və həmin xəstə sağalaraq normal həyata qayıdıb.
Mirələm Calalov jurnalistlərin suallarını cavablandırdıqdan sonra mətbuat nümayəndələrinə Bərdədən olan ginekoloji və Lerikdən olan nevroloji xəstəyə göstərilən telesəhiyyə xidməti əyani olaraq nümayiş etdirilib.