Ümumdünya Ana südü ilə Qidalanma Həftəsi keçirildi

Ümumdünya Ana südü ilə Qidalanma Həftəsi keçirildi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə avqustun 1-dən 7-dək dünyada Ümumdünya Ana südü ilə Qidalanma Həftəsi keçirilir.
AZƏRTAC xəbər verir ki, belə bir günün təsis edilməsi 1990-cı ildə ÜST və BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən ana südü ilə qidalanmanın qorunması, təşviqi və dəstəklənməsinə yönəlmiş İnnoçenti Bəyannaməsinin qəbul edilməsi ilə əlaqədardır.
Hazırda dünyanın 170-dən çox ölkəsində Ümumdünya Ana Südü Həftəsi qeyd olunur. Onun məqsədi qadınları ana südü ilə qidalandırmanın sağlamlıq faydaları haqqında məlumatlandırmaqdır.
Tədbirin koordinatoru olan Qlobal Ana südü ilə Qidalanma Alyansının fikrincə, ana südü ilə qidalandırma yeni doğulmuş körpələri ehtiyac duyduqları qidalarla təmin etməyin ən yaxşı yoludur.
ÜST körpələrin altı ay müddətində ana südü ilə qidalanmasını, həmin müddətdən sonra isə onu lazımi qidalarla birlikdə davam etməyi tövsiyə edir. Bununla yanaşı, mütəxəssislər körpənin dünyaya gəldiyi ilk saat ərzində ana südü ilə qidalanmaya başlamağın vacibliyini də qeyd edirlər.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, UNICEF və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hər il bu həftə ölkəmizdə müxtəlif tədbirlərlə qeyd olunur. Bu tədbirlərin keçirilməsində məqsəd körpələrin ana südü ilə qidalandırılmasını təbliğ və təşviq etmək, ana südü ilə qidalandırmanın körpələrin və anaların sağlamlığı üçün əhəmiyyəti barədə geniş maarifləndirmə işi aparmaqdır.
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən bu istiqamətdə müntəzəm olaraq maarifləndirmə tədbirləri həyata keçirilir, məlumatlandırıcı materiallar hazırlanaraq nəşr edilir və əhaliyə paylanılır.
Bu il də İSİM Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə əhali üçün ana südü ilə qidalandırmaya həsr olunan təşviqat aksiyası keçirib.
Mərkəzdən verilən məlumata görə, ictimaiyyət nümayəndələri və yerli sakinlərin fəal iştirak etdikləri aksiyanın məqsədi uşaqların sağlam inkişafı və qidalanması ilə bağlı maarifləndirmə aparmaq idi.
Ümumdünya Ana Südü ilə Qidalanma Həftəsi çərçivəsində keçirilən aksiyada iştirakçılara körpələrin düzgün bəslənməsi barədə dolğun məlumat verilib. Vurğulanıb ki, körpə xəstəliklərə qarşı əsas anticisimləri ana südündən alır və bu südlə qidalandırma immunitetin güclənməsinə, körpənin sağlam böyüməsinə kömək edir. Hamilələr və gənc analara yeni doğulmuş körpəni həyatının ilk saatından başlayaraq 6 ay ərzində yalnız ana südü ilə qidalandırmaq və onunla qidalandırmanı dayandırmaq haqqında uşağın 1-2 yaşından tez düşünməmək tövsiyə olunub.
Aksiya iştirakçılarına həmçinin xəstəliklərin əsas risk amilləri, zərərli vərdişlər barədə məlumat verilib, sağlam həyat tərzi sürmək tövsiyə olunub, Mərkəz tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirici materiallar paylanılıb.
Qeyd edək ki, UNICEF-in hesablamalarına əsasən, anaların yalnız 12 faizi öz körpələrini ilk 6 ay ərzində heç bir əlavə qida olmadan yalnız ana südü ilə qidalandırır. Elmi olaraq hələ də tərkibi tam müəyyənləşdirilməyən ana südündə hər il yeni maddələr aşkarlanır və bu komponentlər körpələrin sağlamlığı üçün əvəzedilməzdir.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova