Gədəbəydə oftalmoloji aksiyada 184 nəfər müayinə olunub
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Gədəbəy rayonunda Akademik Zərifə Əliyevanın 100 illiyinə həsr edilmiş tibbi aksiya keçirib. Aksiyada şəhid ailələri, qazilər və aztəminatlı ailələr müayinə olunub.
Mərkəzin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən bildirilib ki, aksiya çərçivəsində 184 nəfər müayinələrdən keçib. Müayinələr əsasında presbiopiya, miopik astiqmatizm, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar aşkar olunub. Ehtiyacı olan şəhid və qazi ailələri eynək və dərmanla təmin edilib.
Aksiyanın keçirilməsində əsas məqsəd pasiyentlərin operativ şəkildə, vaxt itirmədən müayinə, diaqnostika və müalicə edilməsi, korluğun qarşısının alınması, görmə patologiyasının erkən aşkarlanması, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparılması, çıxarılan nəticələr əsasında problemlərin həll edilməsidir.
Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri Mirana Mirişova, Qafar Tağıyev, Elçin Əsgərov və tibb bacısı Aygün Mahmudova tərəfindən həyata keçirilib.
Aksiyada direktor müavini Ceyhun Nəzərli, Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsinin rəhbəri Yazgül Abdıyeva, Səyyar Klinikanın baş həkimi Elçin Həsənov, Təşkilat şöbəsinin işçi heyəti iştirak edib.