Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konfrans keçirilib
Səhiyyə Nazirliyi, K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutu (ETPİ), İctimai Səhiyyə və İslahatlar Mərkəzi, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin birgə təşkilatçılığı, “Uptodate in Medicine” qurumunun texniki dəstəyi ilə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konfrans keçirilib.
ETPİ-dən verilən məlumata görə, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan toplantıda ilk olaraq İnstitutun direktoru Lətif Zeyniyev tədbir iştirakçılarını salamlayıb. O, pediatrlar üçün nəzərdə tutulan konfransın əhəmiyyətini, onun uşaq sağlamlığının qorunmasına verəcəyi tohfələri vurğulayıb.
Tədbirin açılışında Səhiyyə Nazirliyinin Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Qəhrəman Haqverdiyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təmsilçisi Seymur Məmmədov, Ədliyyə Nazirliyinin İnsan hüquqları, informasiya və kommunikasiya şöbəsinin əməkdaşı Aynur Sabitova, UNICEF-in Azərbaycan ofisinin nümayəndəsi Vüqar Salmanov, Ombudsman aparatının nümayəndəsi Nigar Ağayeva çıxış edib, uşaqların müdafiəsinin müxtəlif aspektlərindən danışıblar.
Konfransın dosent Nailə Rəhimova və dosent Aynur Poluxovanın moderatorluğu ilə keçirilən birinci hissəsində ETPİ-nin direktoru Lətif Zeyniyev “Uşaqlara qarşı fiziki zorakılığın diaqnostikasında vacib məqamlar”, İnstitutun böyük elmi işçisi dosent Adilə Hacıyeva “Uşaqların beynəlxalq müdafiəsi: uşaqları necə qoruyaq?”, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dosenti Nigar Hacıyeva “Atanın uşaq sağlamlığında rolu”, psixoloq Gülşən Axundova “Tibb müəssisələrində zorakılıq və təcavüz hallarının aşkarlanması”, Azərbaycan Pediatrlar Assosiasiyasının sədri dosent Təranə Tağızadə “Azərbaycan Pediatriya Assosiasiyasının uşaq hüquqlarının müdafiəsində rolu” mövzularında çıxış ediblər.
Tədbirin dosent Sevinc Nəsirovanın və Yeganə Qasımovanın sədrliyi ilə keçən ikinci hissəsində ETPİ-nin elmi işlər üzrə direktor müavini dosent Nailə Rəhimovanın “Vaxtından əvvəl doğulan uşaqlar: tibbi-sosial problem”, İSİM-in şöbə müdiri Şəhla İsmayılovanın “Uşaqların müdafiəsində sübuta əsaslanan resurslar”, Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin koordinatoru Günel Süleymanlının “Uşaq hüquqlarının müdafiəsində qaynar xəttlərin rolu”, İSİM-in əməkdaşı Könül İsmayılovanın “Uşaq və yeniyetmələrdə psixi sağlamlıq problemləri” mövzularında çıxışları dinlənilib.
Sonda uşaqların müdafiəsi, sağlamlıqlarının qorunması, mənəvi, əxlaqi və sosial inkişafı mövzuları ətrafında maraqlı müzakirələr aparılıb.
Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya qaydaları” əsasında akkreditasiya olunmuş konfransın sonunda iştirakçılara sertifikatlar təqdim edilib.