“Süd vəzisi xəstəliklərinə müasir yanaşma”



AMEA Mərkəzi Elmi Kitabxanasında bu mövzuda maarifləndirmə tədbiri keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) kitabxananın əməkdaşları üçün keçirilən “Süd vəzisi xəstəliklərinə müasir yanaşma” mövzusunda maarifləndirmə tədbirində Səhiyyə Nazirliyinin onkologiya üzrə baş mütəxəssisi Azad Kərimli bu xəstəlik haqqında və onun profilaktikası barədə çıxış edib. A.Kərimli bildirib ki, süd vəzisi xərçənginin yaranma səbəbi elmə məlum olmasa da, yaş, irsiyyət faktorları, müxtəlif hormonal pozuntular, piylənmə, zərərli alışqanlıqlar və s. kimi amilləri səbəb kimi qəbul etmək olar. Lakin bu faktorlar xəstəliyin yaranması və inkişafı üçün təhlükəli hesab edilsə də, insanlarda təşviş yaratmamalıdır. Mühüm olan xəstəliyin vaxtında aşkarlanmasıdır. 35 yaşdan sonra hər bir qadın ildə bir dəfə həkim müayinəsindən keçsə, problem erkən mərhələdə müəyyənləşdirilsə, xəstəliklə mübarizə asan olur və o, müvəffəqiyyətlə müalicə edilir.
Tədbirdə Milli Onkologiya Mərkəzinin Ümumi onkologiya şöbəsinin müdiri Samir Qurbanov süd vəzisi xərçəngi və onu aşkarlamaq üçün qadının özü-özünü müayinə texnikasından danışıb. Bu patologiyanın bütün dünyada qadınlar arasında ən çox yayılmış xərçəng növü olduğunu vurğulayan S.Qurbanov digər xəstəliklərdən fərqli olaraq, bu xəstəlikdə yaş amilinin mühüm rolunu qeyd edib.
Bildirilib ki, ölkəmizdə son illər onkoloji xidmətin müasir standartlara uyğunlaşdırılması və maarifləndirmə işinin genişləndirilməsinin nəticəsi olaraq xəstəliyin əlamətləri daha erkən aşkarlanır və uğurlu müalicə üsullarından istifadə edilir.
Sonra MEK-in qadın personalı Milli Onkologiya Mərkəzinin Mobil Diaqnostika Kompleksində keçirilən müayinə aksiyasında iştirak edib. İki gün davam edən aksiyada 582 adda müayinə aparılıb.
Xəbəri paylaş