Bakıda “Qlobal psixi sağlamlıq və inkişaf xəstəlikləri” mövzusunda beynəlxalq simpozium keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında bu ali məktəbin Psixiatriya kafedrasının ABŞ-ın Harvard Universitetinin Boston Uşaq Xəstəxanasının İnkişaf Xəstəlikləri Departamenti ilə birgə təşkil etdiyi “Qlobal psixi sağlamlıq və inkişaf xəstəlikləri” mövzusunda beynəlxalq simpozium keçirilib.
Azərbaycan ilə yanaşı, ABŞ, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan alim və mütəxəssislərin iştirak etdikləri tədbirin açılışında ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov bildirib ki, müasir dünyada psixi sağlamlıq və onun qorunması ciddi əhəmiyyət kəsb edir. ATU-nun bu sahədə bir çox dünya universitetləri ilə elmi və praktiki əməkdaşlıq etdiyini söyləyən rektor keçirilən simpoziumu məhz bu əməkdaşlığın nəticəsi adlandırıb.
ATU-nun Psixiatriya kafedrasının müdiri, Səhiyyə Nazirliyinin psixiatriya üzrə baş mütəxəssisi, professor Gəray Gəraybəyli, Azərbaycan Psixiatrlar Assosiasiyasının rəhbəri, professor Nadir İsmayılov və qeyri-yoluxucu xəstəliklər üzrə Qlobal Əqli Sağlamlıq Proqramının direktoru Kərim Munir mövzunun aktuallığından danışıblar.
Sonra mütəxəssislərin “Azərbaycanda psixiatriya: müasir yanaşma”, “Diaqnostik və statistik təlimat üzrə baxışın keçirilməsi”, “Beş psixi pozuntu və qeyri-yoluxucu xəstəliklər”, “Həyat boyu müşahidə olunan diqqət çatışmazlığı və hiperaktivlik sindromu”, “Həyat boyu müşahidə olunan psixiotik pozuntular” və digər mövzularında məruzələr dinlənilib.
Simpoziumun ikinci günündə yerli və xarici tibb mütəxəssisləri “Azərbaycanda uşaqların normal inkişafı üzrə perspektivlər”, “Sinir sisteminin inkişafı xəstəliklərinin diaqnostikasına yanaşma”, “Autizm spektri xəstəlikləri üzrə genetika və genomika”, “Genetika və genomika üzrə tədris vəsaitləri”, “Əqli pozuntular üzrə ictimai qayğı” mövzularında məruzələrlə çıxışlar ediblər.
İkigünlük tədbirdə inkişaf xəstəlikləri ilə yanaşı, digər psixi və nevroloji pozuntular, inkişaf xəstəliklərinin genetik aspektləri, müayinə və müalicə metodları ilə əlaqədar təqdimatlar olub, fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Xəbəri paylaş