Dünyanın tanınmış onkoloqları Bakıda toplaşdılar

Dünyanın tanınmış onkoloqları Bakıda toplaşdılarDünyanın tanınmış onkoloqları Bakıda toplaşdılar

Bakıda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin (MOM) və ABŞ-ın MD Anderson Xərçəng Mərkəzinin birgə təşkilatçılığı ilə onkologiyanın aktual problemlərinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib. Dünyanın nüfuzlu tibb mərkəzləri arasında əlaqələndirmə mexanizminin işlənib hazırlanması, onkologiya üzrə dünya şöhrətli alimlər, tədqiqatçılar və həkimlərlə əlaqələrin qurulması, təbabət elminin ən son nailiyyətlərinin müzakirə edilməsi məqsədi daşıyan tədbir bir çox ölkələrin tanınmış onkoloqlarını bir araya gətirib.
Toplantının açılışında qonaqları salamlayan Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev bildirib ki, ikigünlük beynəlxalq konfransda dünyanın 20-dən çox ölkəsindən Bakıya gəlmiş nüfuzlu alim, tədqiqatçı və aparıcı mütəxəssislər onkoloji xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası sahəsində azərbaycanlı həmkarlarının gördüyü işlər, əldə etdiyi nəticələrlə tanış olacaq, eyni zamanda, onlarla öz tədqiqat və təcrübələrinin sirlərini bölüşəcəklər. Onkoloji patologiyaların diaqnostikası və müalicəsinin təfərrüatları, tibb elmi və səhiyyənin müxtəlif aktual problemləri, onkologiya qarşısında duran vəzifələr və onların potensial həlli yolları da daxil olmaqla, bir çox mövzular həm plenar iclaslarda, həm ustad dərslərində, həm də sərbəst təmaslar zamanı müzakirə ediləcək.
MOM-un direktoru Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosialyönümlü siyasəti sayəsində ölkəmizdə onkoloji xidmətin inkişafı, belə xəstəliklərin aşkarlanması və müalicəsi üçün dövlət qayğısından söz açıb, Mərkəzin ən müasir tibbi texnika ilə, o cümlədən mobil diaqnostik komplekslə təchiz edilməsindən, onkoloji xəstələrin şiş əleyhinə preparatlarla təminatından danışıb.
Akademik C.Əliyev vurğulayıb ki, onkologiya üzrə geniş tərkibli beynəlxalq elmi konfransın Bakıda keçirilməsi, ABŞ-ın dünya şöhrətli MD Anderson Xərçəng Mərkəzinin MOM-un fəaliyyətini təqdir edərək onunla əməkdaşlıq etmək istəyi təkcə bu tibb müəssisəsinin və ölkə səhiyyəsinin deyil, son illər davamlı inkişafda olan Azərbaycanın çox böyük uğurudur: “Şübhə yoxdur ki, onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi üzrə təcrübələrin, elmi işlərin, standartların müxtəlif ölkələrin mütəxəssisləri arasında mübadiləsi ölkəmizdə tibbi xidmətin və əhalinin sağlamlığının qorunmasının keyfiyyətinin daha da artırılmasına xidmət edəcəkdir”.
Konfransın ilk günündə tanınmış onkoloqlar – MD Anderson Xərçəng Mərkəzinin Pediatriya Klinikasının direktoru Sezar Nunez (ABŞ), professorlar Banu Arun (ABŞ), Tezer Kutluk (Türkiyə), Aksel-Mario Feller (Almaniya), Martin Burian (Avstriya) və Əziz Əliyevin (Azərbaycan) məruzələri dinlənilib.
Növbəti gün isə Regina Barth (Almaniya), Martin Burian, Karen V.Francis (ABŞ), Zəhra Vəzirova (Azərbaycan) və Fuad Əliyev (Azərbaycan) aktual mövzularda məruzələrlə çıxış ediblər. Sonra professorlar Banu Arun, Sezar Nunez, Josef Nates (ABŞ), Regina Barth paralel olaraq ustad dərsləri keçiblər. İştirakçılar qaraciyər, qırtlaq, qalxanabənzər və süd vəziləri xərçənginin müalicəsində, habelə pediatrik onkologiyada yeniliklərlə tanış olublar, onkologiyada müasir diaqnostika üsulları, reanimasiya şəraitində və virus hepatitləri olan onkoloji xəstələrin idarə olunmasına müasir yanaşma məsələlərini müzakirə ediblər.
Konfransın gedişində dünyanın ən nüfuzlu elmi tədqiqat ocaqlarından olan, Amerika Birləşmiş Ştatlarının üç ən böyük onkologiya mərkəzindən biri – Hyuston şəhərində yerləşən Texas Universitetinin MD Anderson Xərçəng Mərkəzi ilə MOM arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədə əsasən, hər iki mərkəz mütəxəssislər, elmi tədqiqatlar, yeni innovasiyalar, qabaqcıl təcrübə mübadiləsi ilə bağlı öz üzərinə qarşılıqlı öhdəliklər götürür. Azərbaycanlı mütəxəssislər MD Anderson Mərkəzində təcrübə keçməyə göndəriləcək, amerikalı onkoloqlar isə Milli Onkologiya Mərkəzində həkimlərlə birlikdə müalicə-profilaktika proseslərində iştirak edəcəklər. Qeyd edək ki, artıq qonaqların bir qrupu Mərkəzdə yerli mütəxəssislərlə xəstələrin müayinə və müalicə prosedurlarında birgə çalışır, təcrübə mübadiləsi aparırlar.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova