GEM məktəb bufetlərinin "dərsini verdi"

GEM məktəb bufetlərinin "dərsini verdi"

Şagirdlərin sağlamlığını təhlükədə qoyan 8 məktəb bufeti fəaliyyətini dayandırıb, 11 məktəb bufeti işçisi isə cərimələnib

“Tibb qəzeti”nin ötən sayında “Şagirdlərə vaxtı keçmiş məhsullar satılır!” adlı yazımızda Nəsimi rayonu 54 nömrəli və Nərimanov rayonundakı «Ankara Məktəbi» məktəb-liseyində aşkarladığımız ciddi nöqsanlar barədə məlumat vermişdik. Belə ki, hər iki təhsil ocağının bufetində istifadəyə yararsız məhsullar satılırdı, ərzaqların əksəriyyətinin gigiyenik və uyğunluq sertifikatlarının vaxtı keçmişdi və s.
Adı çəkilən yazı qəzetimizdə dərc olunduqdan bir müddət sonra Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (GEM) redaksiyamıza rəsmi məktub daxil oldu.


Respublika GEM-in baş direktoru Akif Əlibəyovun imzaladığı 19 mart 2015-ci il tarixli, 04-22/4-1002 nömrəli məktubda bildirilir ki, adı çəkilən məqalə ilə əlaqədar bu qurum tərəfindən «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri»ndən müvafiq çıxarışlara əsasən həmin məktəblərdə yoxlamalar aparılıb və orada şagirdlərin qidalanmasının təşkilində bir sıra nöqsanlar aşkarlanıb: «Yoxlama nəticəsində «Ankara Məktəbi» məktəb-liseyində soyuducu-vitrinin işlək vəziyyətdə olmaması səbəbindən tez xarab olan ərzaq məhsullarının saxlanılma qaydalarına riayət olunmadığı, məktəbin bufetində sanitariya-gigiyena qaydalarına və epidemiya əleyhinə rejimə riayət edilmədiyi, şagirdlərin şəxsi gigiyena qaydalarına riayət etmələri üçün əlüzyuyanların olmadığı müəyyənləşdirilib. Aşkarlanmış nöqsanlara görə «Gənclik İaşə Birliyi»nin «Ankara Məktəbi» məktəb-liseyinin bufetində fəaliyyət göstərən işçisi Xədicə Abdullayeva cərimə olunub».
Məqalədə sözü gedən digər təhsil ocağı barədə isə məktubda deyilir ki, Respublika GEM Nəsimi rayonu 54 nömrəli məktəbdə yoxlama apararkən şagirdlərin qidalanmasını təşkil edən «Doyuran» MMC-nin şifahi göstərişinə əsasən həmin bufetin fəaliyyətinin dayandırıldığı bildirilib. Lakin bufetdə ərzaq məhsullarının və kənar şəxsin olduğu aşkarlanıb: «Araşdırma zamanı həmin kənar şəxsin məktəbin bufetçisinin yaxın qohumu olduğu və onun fəaliyyətini dayandırmış bufetin qapısının şagirdlər tərəfindən sındırılması səbəbindən gəldiyi bildirilib, bu bərədə yoxlayıcılara akt təqdim edilib. Yoxlamanın nəticəsi olaraq, «Doyuran» MMC-nin məsul şəxsləri barədə inzibati tədbir görülməsi üçün tərəfimizdən çağırış vərəqəsi göndərildikdə isə, «Doyuran» MMC-nin fəaliyyətinin dayandırıldığı bildirilib. Bu barədə tədbir görülməsi üçün Təhsil Nazirliyinə 04-22/968 nömrəli, 17 mart 2015-ci il tarixli məktub göndərilib».
Məktubda o da qeyd olunur ki, son vaxtlarda şagirdlərin qidalanmasında yol verdikləri nöqsanlara görə Binəqədi rayonu 30, 83, 99, 143, 205, 248 nömrəli, Sabunçu rayonu 80 nömrəli məktəblərin bufetlərinin fəaliyyəti dayandırılıb, Qaradağ rayonu 101, 127, 223, 288, 294, 321 nömrəli, Sabunçu rayonu 169 nömrəli, Suraxanı rayonu 275 nömrəli, Səbail rayonu 162 və 190 nömrəli məktəblərin bufet işçiləri isə cərimə ediliblər.
Beləliklə, şagirdlərin sağlamlığını təhlükə altında qoyan 8 məktəb bufeti fəaliyyətini dayandırıb, 11 məktəb bufeti işçisi isə cərimələnib. Ümid edək ki, bu, məktəblilərin qidalanmasını təşkil edən digər iaşə obyektlərinə də dərs olacaq.

Q.NURİYEV


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova