Qazilərə, müharibə iştirakçılarına və şəhid ailələri üzvlərinə psixoloji dəstək göstərilir
Naxçıvan Muxtar Respublikası ərazisində yaşayan qazilər, qazi və şəhid ailələri, eləcə də müharibə iştirakçıları üçün psixoloji dəstək aksiyasına başlanıb.
Bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumatda bildirilir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə həyata keçirilən aksiyada bu kateqoiyadan olan şəxsləri Bakı şəhərindən və Türkiyə Respublikasından dəvət olunmuş ixtisaslı psixoterapevtlər qəbul edirlər.
Müayinələrdə iştirak etmək üçün Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xətti ilə qeydiyyatdan keçən şəxslər növbəlilik və könüllülük prinsipi əsasında psixoloqların qəbulunda olurlar.
Müharibədən sonra psixoloji problemlər yaşayan qazilərimizin, şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların Naxçıvan Muxtar Respublika Xəstəxanasında ödənişsiz psixoloji reabilitasiyası təşkil olunur.
Qeyd edək ki, müraciət edən şəxsin mənəvi-psixoloji problemindən asılı olaraq seanslar həftədə 1 və ya 2 dəfə olmaqla bir saat müddətində aparılır. Pasiyentlərin qəbulu 4-6 seansdan 12 seansa qədər davam edə bilər.