50 ildən sonra görüş
Bu günlərdə ölkəmizin nüfuzlu ali təhsil müəssisələrindən olan Azərbaycan Tibb Universitetində həmin universiteti – ovaxtkı Azərbaycan Dövlət Tibb İnstitutunu 1972-ci ildə bitirmiş məzunların görüş-toplantısı keçirilib.
Tədbir ilkin olaraq universitet şəhərciyində ATU-nun Vətən müharibəsində şəhid olmuş tələbə və məzunlarının xatirəsinə ucadılmış abidənin ziyarət edilməsi və 1972-ci il məzunları adından əklil qoyulması ilə başlanıb. Tədbir iştirakçıları abidə önünə qərənfillər düzüblər.
Sonra toplantı ATU-nun Anatomiya korpusu kimi tanınan 3 saylı tədris korpusunda, görüşə toplanmış məzunların düz 56 il əvvəl, yəni 1966-cı ilin sentyabr ayının 1-də ilk dərs keçdikləri zalda - Anatomiya kafedrasının məşhur yarımdairəvi auditoriyasında davam etdirilib. Həmin məzunlara məhz həmin vaxt - I kursda anatomiya dərsi demiş professor Rafiq Əsgərovun və hazırda Anatomiya kafedrasında çalışan professor Mübariz Allahverdiyevin tədbirə qatılması iştirakçılara xüsusi kövrək məqamlar yaşadıb.
Toplantıda əvvəlcə Qarabağ müharibəsində, eləcə də son günlərdə düşmən təxribatının qarşısının alınması zamanı şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Universitetin tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev ATU-nun rektoru, professor Gəray Gəraybəylinin toplantı iştirakçılarına ünvanladığı təbriki çatdırıb. O həmçinin toplantıda iştirak edən ixtisasca həkim olan millət vəkilləri Musa Quliyev və Sədaqət Vəliyevanı salamlayıb.
Prorektor son illərdə ATU-nun yüksək nailiyyətləri, o cümlədən ötən il Beynəlxalq Seritifikasiya Komissiyasından müvəffəqiyyətlə keçməsi barədə məlumat verib, bugünki tədbirin də tələbələr arasında ruh yüksəkliyinə səbəb olacağına əminliyini bildirib. O, “Doğma ali məktəbinizə xoş gəlmisiniz” deyərək, 1972-ci il məzunlarını salamlayıb.
Söz tədbirin keçirilməsi üçün həmin ilin məzunlardan yaradılmış Təşkilat qrupunun rəhbəri, I Qarabağ müharibəsi veteranı, Əməkdar həkim, ATU-nun dosenti Taryel Eyvazova verilib.
T.Eyvazov ilk növbədə Təşkilat qrupunun müraciətinə yüksək diqqət göstərən universitet rəhbərliyinə, toplantıda iştirak edən, vaxtilə bu məzunlara dərs demiş müəllimlərə və qonaqlara məzunlar adından təşəkkürünü bildirib. O qeyd edib ki, 1972-ci ildə Tibb İnstitutunu cəmi 930 nəfər bitirərək həkim ixtisasına yiyələnib. Onlardan 18 nəfəri elmlər doktoru, 44 nəfəri elmlər namizədi, onlarla Əməkdar həkim, müxtəlif medallarla təltif olunanlar var: “Məzunlar arasında səhiyyə nazirinin müavini, Bakı Baş Səhiyyə İdarəsinin (BBSİ) rəisi, elmi tədqiqat mərkəzinin rəhbəri, kafedra müdirləri, rayonlarımızda səhiyyə şöbələrinin rəhbərləri və s. vəzifələrdə işləyənlərimiz olub və hazırda da vardır. Bu toplantıda hazırda ölkəmizin, demək olar ki, bütün bölgələrindən 150 nəfərə yaxın məzun iştirak edir. Ancaq təəssüf hissi ilə bildirirəm ki, tələbə yoldaşlarımız arasında dünyasını dəyişənlər də var. Biz onların, eləcə də rəhmətə gedən müəllimlərimizin əziz xatirəsini daim hörmətlə yad edirik”. Təşkilat qrupunun rəhbəri görüşdə iştirak edən bütün iştirakçıları əhatə edəcək “Xatirə kitabı”nın da hazırlanacağını bildirib.
Toplantıda məzunlardan Əməkdar elm xadimi, professor Qalib Qarayev, BBSİ-nin sabiq rəisi, Əməkdar həkim Elmira Əliyeva, “Tərəqqi” medalı mükafatçısı Məhəbbət Qəmbərova, hazırda Moskva şəhərində həkim işləyən Nailə Ələkbərova, Naxçıvandan gəlmiş Ələkbər Zeynili, həkim şair-publisist Zakir Ağdamlı, Şəkidən Əməkdar həkim Kifayət Həmidova və başqaları çıxış edərək, bu günün sevinc və həyəcanının ömür boyu yaddan çıxmayacağını deyib, görüşün təşkilatçılarına və universitet rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Toplantının ən maraqlı, yadda qalan və məzunlar üçün təsirli hissələrindən biri də sonda ağ xalatlı üç nəfər hazırkı tələbənin məzunları yüksək səviyyədə təbrik etmələri olub. Sonda hamı bir araya gələrək xatirə şəkli çəkdirib.