Beynəlxalq Tibb Bacısı Günü qeyd olundu
Hər il mayın 12-si Beynəlxalq Tibb Bacısı Günü kimi qeyd edilir.
Bu tarix ilk ingilis tibb bacısı Florens Naytingelin doğum günüdür. 1820-ci ildə İtaliyanın Florensiya şəhərində zəngin ingilis ailəsində dünyaya gələn bu qız cəmiyyət üçün yararlı bir şəxs olmaq arzusunu gündəliyində yazdığı bu qeydlə ifadə edib: “Tanrı mənimlə danışdı və məni xidmətinə çağırdı. İnsanlara xidmət etməyin ən doğru yolunun tibb bacısı olmaqdan keçdiyinə qərar verdim”. 1853- 1856-cı illərdə Krım müharibəsi zamanı ilk dəfə döyüş bölgələrində əsgərlərə yardım göstərən “Şəfqət xidməti”nin təşkil edilməsi, müasir tibb bacısı peşəsinin əsasının qoyulması məhz Florens Naytingelin adı ilə bağlıdır. Buna görə də 1974-cü ilin yanvarında rəsmi olaraq mayın 12-si tarixinin Beynəlxalq Tibb Bacısı Günü kimi qeyd olunması barədə qərar verilib.
İlk azərbaycanlı şəfqət bacısı isə general Əliağa Şıxlinskinin həyat yoldaşı Nigar Hüseyn Əfəndi qızı Şıxlinskaya olub. O, Birinci Dünya müharibəsi başlayanda yaralı əsgərlərə tibbi yardım üçün yaradılan Qırmızı Xaç Cəmiyyətinin sədri seçilib. Nigar xanımın başçılıq etdiyi xəstəxana məşhurlaşaraq “Şıxlinski xəstəxanası” kimi tanınıb. O, həmçinin 1914-cü ildə yaradılmış Qadın Xeyriyyə Cəmiyyətinə də rəhbərlik edib. 1920-ci il martın 10-da Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti təsis edilib və Nigar Şıxlinskaya bu cəmiyyətin “Şəfqət xidməti”nin təşkilatçısı olub.
İlkin tibbi təhsil almış şəfqət bacıları müalicə müddətində xəstələrlə ən çox ünsiyyətdə olan, həkim və ya feldşerin göstərişlərini yerinə yetirən peşə sahibləridir. Hazırda xəstələrin sağalıb şəfa tapması və normal həyata qayıtmasında səhiyyə işçiləri arasında sayca çoxluq təşkil edən orta tibb işçilərinin üzərinə böyük vəzifə düşür. Xəstə ilə ünsiyyət, ona iynə vurmaq, təzyiqini yoxlamaq və digər işlər tibb bacısının öhdəsindədir. COVID-19 infeksiyasına qarşı aparılan mübarizədə, eləcə də Birinci Qarabağ və Vətən müharibəsi dövründə də tibb bacıları təcrübə və peşəkarlıqları, özlərinin ən üstün şəxsi keyfiyyətləri və qətiyyətləri ilə yaxından iştirak ediblər.
2 nömrəli Bakı Baza Tibb Kollecində tədbir
Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb Kollecində 12 May – Beynəlxalq Tibb Bacısı Gününə həsr olunmuş tədbir keçirilib. Tibb təhsili müəssisəsində həmin gün həmçinin BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyi və Avropa İttifaqının dəstəyi ilə yaradılmış Patronaj Tibb Bacıları üçün Təlim-Resurs Mərkəzinin açılışı ilə də yadda qalıb.
Səhiyyə Nazirliyinin və BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyinin təmsilçilərinin iştirak etdikləri tədbirdə əvvəlcə qonaqlar mərkəzin fəaliyyəti ilə, burada yaradılan şəraitlə tanış olub, “Patronaj xidmətində universal müvəqqəti model” mövzusunda keçirilən dərsdə iştirak ediblər.
Sonra tədbir rəsmi hissə ilə davam edib.
Kollecin direktoru Dilarə Məmmədəliyeva ölkə üzrə 50 minə yaxın tibb bacısı olduğunu diqqətə çatdırıb. O, istər 44 günlük Vətən müharibəsində, istərsə də koronavirus pandemiyası dövründə tibb bacılarının və tibb qardaşlarının öz vəzifə borclarının öhdəsindən layiqincə gəldiklərini vurğulayıb. Direktor bildirib ki, 1975-ci ildən fəaliyyət göstərən kollecin indiyədək 36 min məzunu olub: “Elə bir səhiyyə ocağı yoxdur ki, orada kollecimizin məzunları çalışmasınlar. Biz öz məzunlarımızla fəxr edirik”.
Səhiyyə nazirinin müavini İlqar Qasımov çıxış edərək bildirib ki, səhiyyə xidmətlərinin yüksək səviyyədə göstərilməsində orta tibb işçilərinin rolu böyükdür. Onlar həkimlərlə bir yerdə işləyir və xəstələrin şəfa tapmasında birgə əmək sərf edirlər. Müasir avadanlıqlarla təchiz olunmuş Təlim-Resurs Mərkəzinin gələcəyin tibb bacılarının istifadəsinə verilməsini yüksək qiymətləndirən nazir müavini bundan öncə ölkəmizin 4 şəhərində pilot layihənin uğurla həyata keçirildiyini xatırladıb, gələcəkdə növbəti təlim mərkəzlərinin də açılışının planlaşdırıldığını söyləyib.
İlqar Qasımov İkinci Qarabağ müharibəsi zamanı orta tibb personalının fədakarlığını xüsusən vurğulayaraq deyib: “44 günlük Vətən müharibəsində tibb bacılarının səhiyyə sahəsində göstərdiyi xidmətləri əvəzsizdir”.
Öz növbəsində UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Haykens qeyd edib ki, müasir tibb bacılarının fəaliyyət sahələri kifayət qədər genişdir: “Patronaj tibb bacılarının yerlərdə verdikləri sosial məsləhətlər, valideynlərlə apardıqları maarifləndirmə işi həm səhiyyə, həm də sosial layihələrə dəstəkdir”.
“Bu gün Resurs Mərkəzini istifadəyə verməklə bu fənni kurikuluma daxil etdik. Nəticədə, gələcəkdə çoxlu sayda tibb bacılarının yerlərdə patronaj xidmətlərini daha da böyük səriştə ilə yerinə yetirəcəklərinə inanırıq”, - deyə UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri fikrini tamamlayıb.
Çıxış edənlər tibb bacılarını peşə bayramı münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonra kollecin müəllimi Təravət Nəbiyeva Beynəlxalq Tibb Bacısı Günü ilə bağlı təqdimatla çıxış edib.