Gözdən əlillər əlləri ilə müalicə edəcək

Gözdən əlillərin cəmiyyətə inteqrasiya olunması, onların məşğulluq səviyyəsinin artırılması məqsədi ilə 2014/2015-ci tədris ilindən qəbul planına “İdman və müalicə masajı” ixtisası da salınıb. Hazırda bu ixtisas üzrə 12 nəfər 1 saylı Bakı Tibb Kollecində təhsil alır. Bu haqda ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclasında Səhiyyə Nazirliyinin Kadrlar, elm və təhsil şöbəsinin müdir müavini Şabruz Novruzova öz məruzəsində məlumat vermişdi.
Yeni ixtisas üzrə kadrların hazırlanması sahəsində görülən işlər, uğurlar, çətinliklər barədə 1 saylı Bakı Tibb Kollecinin direktoru Nəriman Mövsümovla söhbət etdik.
Müsahibimizin sözlərinə görə, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin nəzdində son bir neçə il ərzində xüsusi tədris müəssisəsi fəaliyyət göstərib: “Orada gözdən əlillər üçün masaj kursları təşkil edilmişdi. Ancaq bu tədris müəssisəsinin nə reyestrdə adı var idi, nə də hüquqi sənəd verməyə ixtiyarı. Kursu bitirənlər orta təhsilli tibb işçisi sayılmırdılar, onlar, sadəcə, belə bir kurs keçmələri ilə bağlı vəsiqə alırdılar. Səhiyyə naziri Oqtay Şirəliyevin kadr məsələsinə çox ciddi yanaşması, mütəxəssislərin hazırlıq səviyyəsinin yüksəldilməsi sahəsində görülən işlər, onların tibbi praktika ilə məşğul olmaq üçün sertifikasiyadan keçirilməsi, mərkəzləşmiş qaydada işə qəbul və s. kimi məsələlər gözdən əlillərin də hüquqi sənədlərinin olmasının zəruriliyini gündəmə gətirdi. Bunu nəzərə alaraq, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti masaj üzrə ixtisasın qəbul planına salınması ilə bağlı Nazirlər Kabinetinə və Səhiyyə Nazirliyinə müraciət etdi”.
N.Mövsümov bildirdi ki, məsələnin aktuallığını və gözdən əlillər üçün əhəmiyyətini nəzərə alaraq, səhiyyə naziri Oqtay Şirəliyevin sərəncamına əsasən, xüsusi komissiya yaradılıb: “Komissiya gözdən əlillərin tədrisinin indiyə qədər necə həyata keçirildiyini təhlil etdi, qarşılıqlı fikir mübadiləsi aparıldı. Sonda qərara gəlindi ki, 1 saylı Bakı Tibb Kollecinin bazasında “İdman və müalicə masajı” ixtisası yaradılsın. Nazirlər Kabineti də Səhiyyə Nazirliyinin müraciətinə əsasən ötən ildən bu ixtisası reyestrə saldı”.
Kollecin direktoru ilk olaraq 12 nəfər görmə əlilinin imtahandan keçərək bu tibb təhsili müəssisəsinə qəbul olunduğunu, gələn ildən isə 20 nəfərin qəbulunun nəzərdə tutulduğunu dedi: “Kollecin binasının birinci mərtəbəsində gözdən əlillər üçün 2 otaq hazırlanıb, lazımi avadanlıqla, kompüterlərlə təchiz edilib. Görmə əlillərinin bizim kollecdə təhsil alması üçün lazımi vəsait də ayrılıb. Bundan əlavə, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti onlarda olan tədris kitablarını, bəzi avadanlıqları da bizə verib”.
Zaqafqaziyada ilk dəfə Azərbaycanda gözdən əlillər üçün belə bir ixtisasın yaradıldığını deyən Nəriman Mövsümov hələ yolun başlanğıcında olduqlarını söylədi. O, müəyyən çatışmazlıqların olduğunu, ancaq tədricən bunların aradan qaldırılacağını, tədris səviyyəsinin daha da yüksəldilməsi üçün lazımi işlərin görüləcəyini diqqətə çatdırdı: “Hazırda biz audioproqramlar hazırlayırıq. Müəllimlər dərsləri tədris etdikcə, onların səsləri xüsusi audiodisklərə yazılır ki, sonradan tələbələr dinləyə bilsinlər. Qeyd edim ki, artıq ilk dərs ilinin birinci semestrini başa vuran bu tələbələr imtahanlarını uğurla veriblər”.
Kollecin direktoru gözdən əlillərin cəmiyyətə inteqrasiyasını təmin edən bu təşəbbüsü təqdir etdiyini vurğuladı: “Belə insanların təhsilinə imkan yaratmaq həm onların özü, həm də cəmiyyət üçün yaxşı haldır. Mən bir həkim kimi deyə bilərəm ki, insanda bir orqanda hissiyyat funksiyası pozulduqda digər orqanlarda aktivləşir. Gözdən əlil insanlarda da əl göz funksiyasını yerinə yetirdiyinə görə, onların hissiyyatı əsasən barmaqlarında olur. Bu səbəbdən əlillərdən çox gözəl, yüksək səviyyəli masajist kadrlar yetişir”.
Nəriman Mövsümov hesab edir ki, gələcəkdə gözdən əlil kadrların heç bir iş problemi olmayacaq: “Hər bir müəssisənin rəhbəri istəyər ki, onlarda peşəkar kadr fəaliyyət göstərsin. Digər tərəfdən, hər bir dövlət müəssisəsində 25 nəfər iş yerinə bir və ya iki əlil kadr götürülməsi qanunla tənzimlənir. Bu səbəbdən onların istənilən səhiyyə müəssisəsində işlə təmin olunmaq hüququ var”.
Ü.FƏRZƏLİYEVA
Xəbəri paylaş