O olduğu kimidir

Adətən müsahibələrdə biz qəhrəmanımızı oxuculara ətraflı təqdim edirik. Bugünkü müsahibimizin isə buna ehtiyacı yoxdur, onun təkcə adını çəkmək kifayətdir – Ramiz Fətəliyev.
- ...1988-ci ildə məlum hadisələr başlayanda mən kinostudiyaya rəhbərlik edirdim. O vaxt kinostudiyada olunanları bir çoxları qəhrəmanlıq kimi qiymətləndirirlər. Mənsə hesab edirəm ki, biz, sadəcə, öz professional borcumuzu yerinə yetirirdik. Biz baş verən hadisələri tarix üçün qoruyub saxlamağa borclu idik. Heç bir mübaliğəsiz və yalançı təvazökarlıqsız deyim ki, biz bir növ salnaməçi idik. Tarix göz qabağında dəyişirdi və bəzən qərəzsiz, bitərəf qalmaq çətin olurdu. O təlatümlü hadisələr zamanı heç də hamı (o cümlədən, televiziyada da) “yuxarıdakıları” hirsləndirməmək üçün öz peşə borcunu yerinə yetirməyə ürək eləmirdi. Məni isə kinostudiyanın direktoru seçmişdilər, mən oraya can atmamışdım, özü də xasiyyətimdəki başısoyuqluğu, müəyyən mənada səhlənkarlığı nəzərə alsaq, istənilən an oradan gedə bilərdim. Buna görə də öz kreslomdan yapışmadan, yuxarıları nəzərə almadan işləyirdim.
Sonra ağır 90-cı il gəldi. Bilirsiniz, yanvar hadisələri baş verəndə faktiki olaraq müqavimət hərəkatının qərargahı kinostudiyada yerləşirdi. Milli Məclisə seçkilər olanda isə məni az qala əlləri üstündə parlamentə gətirdilər. Əfsus ki, mən o vaxt öz sadəlövhlüyümlə başa düşmürdüm ki, hakimiyyəti bizim təməl dəyərlərə aidiyyatı olmayan adamlar ələ alacaqlar. Belə sadədil təkcə mən deyildim.
- Ancaq, eyni zamanda, bu sizin vətəndaş mövqeyinizin təzahürü idi. Siz milli faciəmizlə bağlı təhlükəli operator çəkilişlərinin, qapalı sənədli film nümayişlərinin başlıca iştirakçısı və təşkilatçısı olmusunuz. Heç də hamının belə prinsipial mövqeyi yoxdur. Siz olmasaydınız, kim bilir, bəlkə də o illərin faciəvi hadisələri haqqında bizim sənədli video-faktlarımız olmazdı. Bunu heç bir pafossuz deyirəm.
- Açığını deyim ki, mən də nazlanmaq həvəskarı deyiləm. Bu, hər bir adamın borcudur. Başa düşürəm ki, görülmüş işlərin böyük əhəmiyyəti var. Sadəcə, bilmirəm ki, mənim yerimdə başqası olsaydı, özünü necə aparardı. Mən isə vicdanımın diqtəsi ilə hərəkət elədim. Əks halda, sabah uşaqlarım bu barədə məndən soruşanda nə cavab verərdim?
- …Düşünürəm ki, məsələ uşaqlarda deyil, sizin övladınız olmasaydı belə, bu cür hərəkət edərdiniz.
- Yəqin ki. Hər adamın özünə məxsus borc və məsuliyyət hissi var. Xoşbəxtlikdən, mən tək deyildim, onlarla cəsur, vicdanlı, qətiyyətli insanlar var idi. Onlar həyatlarını təhlükəyə ataraq, nadir tarixi kadrlar çəkiblər. Həmin kadrları hər il televiziya ilə göstərirlər, amma bu zaman heç kim o insanların heç adını da çəkmir. Halbuki adam tək bir kadrı çəkmək üçün ölüm təhlükəsinə baxmadan iki gün yük maşınının altında uzanıb.
Yanvarın 20-nə az qalıb. Həmişəki kimi, yenə də ekranlarda ya bu problemdən tamamilə uzaq, kənar adamlar peyda olacaq, ya da “qara yanvar” günlərində kol dibində gizlənənlər. Elələri bu gün efirə çıxır və qəhrəman görkəmi ilə bizə o hadisələrdən nə isə danışırlar. Amma biz ki kimin kim olduğunu bilirik.
- Xalq da kimin kim olduğunu bilir. Mən əhalinin düşünən hissəsini nəzərdə tuturam – onu aldatmaq çətindir, o, televiziya ilə çox göstərilənləri yox, həqiqətən layiq olanları sevir və hörmət edir. Təəssüf ki, bu gün yerli televiziya kanalları başqa dəyərlərə xidmət edir, efir vaxtını özəl tibbi klinikalara, kolbasa istehsalçılarına, şou-biznesmenlərə verib. Ona görə də bəlkə elə yaxşı ki, şadlıq evi reklamları ilə şou-çəkişmələr arasında qalan vaxtda tam başqa həyati dəyərlər uğrunda mübarizə aparan qəhrəmanları göstərmirlər. Amma bəzən bütün bunlar insana toxunur, gözlərini yaşartmaq dərəcəsində ağır gəlir…
- Prinsipcə, əslində toxunmamalıdır. Sən öz borcunu yerinə yetirirsənsə, öz vicdanın qarşısında təmizsən. İnanın, bunun dəyəri çox böyükdür. Bunu kimin və necə yadda saxlamağına gəlincə isə... Kimsə xatırlayırsa, xoşdur, amma tələb eləmək, ya da incimək mənim adətimdə deyil.
- Həyatda ən çətin seçiminiz hansı olub?
- Yaşadığım ölkəni dəyişmək məsələsi ən mürəkkəb seçim idi. Ola bilər ki, yad ölkədə maddi rifahım daha yaxşı olardı, ancaq valideynlərimin dəfn olunduğu öz torpağımda mənə daha yaxşıdır. Vətən hissi hər şeyə üstün gəldi.
- Vətən sizin üçün nə deməkdir?
- (pauza)…Ananızın cavan vaxtlarını xatırlayırsınız?
- Əlbəttə.
- Yəqin gözəl olub, dərisi də indiki kimi qırışlı olmayıb… Nə olsun, buna görə o, analıqdan çıxmır ki...
Bilmirəm bu irsən ötürülür, ya yox, amma torpağa, Vətənə sevgi mənə atamdan keçib. O, körpülərin və kanalların tikintisi üzrə böyük mütəxəssis idi, tez-tez xaricdə işləmək təklifləri alırdı. Bir dəfə az qala razılaşmışdı da, hətta sənədləri də hazır idi. Ancaq son məqamda imtina etdi. O vaxt mənim 10 yaşım var idi. Üstündən çox illər keçəndən sonra ondan bunun səbəbini soruşdum. Cavab verdi ki, nəinki bir il, heç bir həftə belə Azərbaycansız qalacağını ağlına sığışdıra bilməyib.
- Bu, vətənpərvərlikdir?
- Nə vaxtsa fikirləşirdim ki, vətən sevgisi və vətənpərvərlik eyni şeydir. Ancaq son vaxtlar “vətənpərvərlik” anlayışından onun bütün məğzini çıxarıb, yerini yalançı, üfunətli, saxta bir şeylə doldurublar. İndi bu sözlə tam başqa bir şeyi ifadə edirlər. Buna görə də mən Vətənimi sevdiyimi deməyi üstün tuturam.
Ramiz Fətəliyevlə müsahibədən parça. Söhbətin bütün mətni ilə “Tibb qəzeti”nin yanvar nömrəsində tanış ola bilərsiniz.
Xəbəri paylaş