Bu il Bakıda təcili yardım xidmətinə 727 minə yaxın müraciət olub
2019-cu il ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BTTTYS) 726 693 ümumi müraciət daxil olub. Çağırışlarda 66 600-dən çox insan xəstəxanalara yerləşdirilib. Müraciətlərin 80 minə yaxını uşaqlar üçün edilib. Onlardan 13 200-ə yaxını stasionar müalicəyə cəlb olunub. Pediatrik çağırışlar əsasən BTTTYS-nin bölmələrində fəaliyyət göstərən pediatrik briqadalar tərəfindən icra edilib.
Bu barədə BTTTYS-dən verilən məlumatda o da bildirilib ki, il ərzində 3600 nəfərdən artıq insan reanimasiya tədbirlərinin görülməsi sayəsində çox ağır vəziyyətlərdən çıxarılaraq, həyatı xilas edilib. Müraciətlərin 78 540-ı ürək-damar xəstəlikləri ilə bağlı olub, onlardan 13 300-ü hospitalizasiya edilib. O cümlədən miokard infarktı ilə 870 çağırış, 814 hospitalizasiya, insultla 3 600 müraciət, 3 200 hospitalizasiya olub.
Sinir sistemi xəstəlikləri ilə əlaqədar müraciətlərin sayı artdığına görə, belə xəstələrə göstərilən tibbi yardımın keyfiyyətini yüksəltmək məqsədilə nevrologiya üzrə ixtisasartırma kurslarında dəfələrlə iştirak etmiş həkimlərdən ibarət xüsusiləşmiş briqadalar təşkil olunub.
Müraciətlərdən 2 680-i doğuşla bağlı olub, onlardan 2 670-i hospitalizasiya edilib. Hospitalizasiyadan imtina edilən hər bir hal barədə Bakı Baş Səhiyyə İdarəsinə, ərazi üzrə qadın məsləhətxanasına, poliklinikaya, hüquq-mühafizə orqanlarına məlumat verilib, ünvana polis əməkdaşları dəvət olunub.
Ümumi müraciətlər arasında 26 700-ə yaxını bədbəxt hadisələrlə əlaqədardır. Bu çağırışlarda 18 300 nəfər stasionara yerləşdirilib. Bədbəxt hadisələr zamanı xəsarət alanların çox hissəsini travmalar (zədələnmələr) təşkil edir. Buraya məişət, nəqliyyat, istehsalat və digər travmalar aiddir. Zədələnənlərin ümumi sayı 21 718 olub, onlardan 13 833-ü hospitalizasiya edilib.
Pediatrik reanimasiya briqadalarının işi təkmilləşdirilib. Səhiyyə Nazirliyi tərəfindən ayrılmış yeni küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən 20, paytaxtın doğum evlərində anadan olmuş 900 az çəkili və ya ağır qüsurlarla doğulmuş körpənin Respublika Perinatal Mərkəzinə və K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutuna daşınması icra edilib.
Təcili tibbi yardıma ehtiyacı olan 170 nəfər yaşayış yeri məlum olmayan şəxsə ilkin tibbi yardım göstərilib, onlar cərrah, travmatoloq, toksikoloq və rentgen müayinəsindən keçdikdən, təmiz geyimlə təmin edildikdən sonra müvafiq xəstəxanalara yerləşdiriliblər.
BTTTYS-nin təcili yardım briqadaları poliklinikalar tərəfindən laborator müayinələrin aparılması üçün götürülən materialların daşınmasında yaxından iştirak edir. Belə ki, 2019-cu il ərzində 7 minə yaxın laborator daşınma icra edilib.
BTTTYS-nin 21 bölməsinin hamısına internet xətti çəkilib, kameralar quraşdırılaraq rəhbərlik, həmçinin Əməliyyat və hospital işlərin təşkili şöbəsi tərəfindən bölmələrin işinə nəzarət gücləndirilib, tibb işçilərinin təhlükəsizliyi təmin edilib.
Ağır xəstələrin evdə rentgen və ultrasəs müayinəsinin aparılması məqsədilə BTTTYS rəqəmsal və analoji rentgen cihazları, həmçinin ultrasəs aparatları ilə təmin olunub, ağır yataq xəstələrinin müayinəsinin aparılmasına tibbi göstəriş olarsa, həkim çağırışı əsasında portativ rentgen və ya ultrasəs aparatı ilə evdə müayinələr aparılır.
BTTTYS-nin əlavə hazırlıq keçmiş həkim və orta tibb işçiləri 2019-cu ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları, Formula-1 Azərbaycan Qran-Prisi yarışları, “Olimpiada Gənclər Festivalı”, Beynəlxalq İnformatika Olimpiadası, UEFA Avropa Liqası final oyunu, həmçinin 1200-dən artıq beynəlxalq əhəmiyyətli dövlət tədbirləri zamanı zəruri hallarda tədbir iştirakçıları və şəhərimizə gələn qonaqlara ilkin tibbi yardım göstərməklə yaxından iştirak ediblər. Tibb işçilərinin bu ağır əməyi Səhiyyə Nazirliyi tərəfindən yüksək qiymətləndirilib və BTTTYS-nin bir qrup işçisi mükafatlandırılıb.
Stansiyanın həkimləri ixtisas hazırlığının artırılması məqsədilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən həyata keçirilən təkmilləşdirmə kurslarında iştirak ediblər. BTTTYS-nin bütün həkim və orta tibb heyəti sertifikasiyadan keçib, bir çoxları yüksək ixtisas dərəcələri alıblar.