Artıq çəki ilə mübarizədə qalib olmağın yolları

Bəzi araşdırmalara görə, Azərbaycanda əhalinin 60 faizə qədəri artıq çəkidən əziyyət çəkir. Onların 21,9 faizi piylənmə problemi ilə üz-üzədir. Aparılan sorğular nəticəsində məlum olub ki, piylənmədən əziyyət çəkən qadınların sayı kişilərdən əhəmiyyətli dərəcədə çoxdur.
Qeyd edək ki, artıq çəki və piylənmə təkcə Azərbaycanda deyil, bütün dünyada ən ciddi problemlərdən birinə çevrilib. Mütəxəssislər buna səbəb kimi daha çox hərəkətsiz həyat tərzini, ayaqüstü yeməkləri (“fastfood”), düzgün qidalanma qaydalarına riayət edilməməsini göstərirlər. Məsələnin aktuallığını və insanların bu sahəyə xüsusi marağını nəzərə alaraq, belə mütəxəssislərdən biri ilə - diyetoloq Fuad Məcidovla həmsöhbət olduq. Onunla normal çəkidə qalmağın yollarından, düzgün qidalanma qaydalarından danışdıq.
- Sağlam qidalanma baxımından gün ərzində hansı yemək - səhər, nahar, yoxsa şam yeməyi daha əhəmiyyətlidir?
- Nə qədər qəribə səslənsə də, bunlardan ən əhəmiyyətlisi səhər yeməyidir. Bir çoxları qida qəbulunu azaltmaq üçün səhərlər yemək yemirlər. Bəzi insanlar isə səhər yemədikdə aclığa daha dözümlü olduqlarını deyir, bu yolla daha rahat arıqlaya biləcəklərini düşünürlər. Bununla belə, səhər yeməyi mütləq yeyilməlidir, çünki günortayadək ac qalan, yaxud təkcə çay, ya da qəhvə içən insanların artıq çəkidən xilas olması çox çətindir. Bu onunla bağlıdır ki, bizim mədə-bağırsaq sistemimiz gecədən yatır. Səhər yeməyi yemədikdə isə o yatmaqda davam edir və həqiqətən də aclıq hissi yaranmır. Ancaq bu yolla artıq çəkidən xilas olacaqlarını düşünən insanlar yanılırlar. Çünki mədə-bağırsaq sistemi oyanmadıqca metabolizm mexanizmləri də işə düşmür.
Nəzərinizə çatdırım ki, Yaponiyada həddən artıq kök olan sumo güləşçilərinin kökəlməsi üçün onlar səhər yeməyindən məhrum edilirlər və gecə yarısına qədər qida qəbul edirlər.
Əgər səhər yeməyindən imtina edənlər arasında sorğu keçirsək, onların hər 10 nəfərindən 8-nin gecə yarısı yemək yediyi məlum olacaq. Bu isə mədə-bağırsaq sistemini tənbəlləşdirir və səhər-səhər onun oyanması baş vermir. Buna görə də sağlam qidalanmaq üçün gecə yemək vərdişini aradan qaldırmaq, səhərlər yemək lazımdır.
- Səhər yeməyində süfrəmizdə nələr olmalıdır?
- Qeyd edim ki, səhər yeməyinin tərkibində bütün qida maddələri - həm yağ, həm karbohidratlar, həm də zülallar olmalıdır. Məsələn, 80-85 qram çörək, 2 dilim ağ pendir və ya kəsmik, bir qaynanmış yumurta, 50-60 qram kərə yağı, bir pomidor, bir xiyar, 8-10 ədəd orqanizm üçün çox faydalı olan qara zeytun. Normal çəkidə olan insanlar səhər yeməyində ağ çörək, arıqlamaq istəyənlər isə qara kəpəkli və ya çovdar çörəyindən istifadə etməlidirlər.
- Azərbaycan xalqının süfrəsini çörəksiz təsəvvür etmək mümkün deyil. Çörəyi bu qədər çox sevməyimiz hansı problemlər yaradır?
- Çörək məsələsi bizim yaralı yerimizdir. Elə insanlar var ki, düyünü, makaronu, hətta xəngəli belə çörəklə yeyirlər. Biz bir xalq kimi həddən çox çörək yeyirik. Amma gündəlik qidada çörəyin miqdarını mütləq azaltmaq lazımdır. Diyetoloq kimi məsləhət görərdim ki, hər kəs ancaq səhər-səhər 1 dilim (80-85 q) qara kəpəkli və ya çovdar çörəyi yesin, günorta və axşam yeməyində isə çörək qəbul etməsin. Kimsə bunu bacarmırsa və artıq çəkidən əziyyət çəkmirsə, ağ çörəkdən imtina etmək şərti ilə gün ərzində 150-200 qram çörək yeyə bilər. Bu halda çörəyi tosterdə və ya adi tavada qızdıraraq yemək məsləhətdir. Belə olduqda çörəyin tərkibindəki kalorinin miqdarı müəyyən qədər aşağı düşür. Arıqlamaq istəyən və çörəkdən imtina edə bilməyən bəzi insanlar yeməyi nisbətən az kalorili qara yuxa ilə də yeyə bilərlər.
Məlumat üçün bildirim ki, Yaponiyada süfrəyə çörək qoyulmur. Amerikada isə çörək yalnız səhər yeməyində süfrəyə gətirilsə də, orada artıq çəkili insanlar həddən artıq çoxdur. Buna səbəb onların əsasən hazır yeməklərlə - “fastfood”larla qidalanmasıdır.
Yeri gəlmişkən qeyd edim ki, belə qidalar orqanizm üçün həddən artıq zərərlidir. Onların tərkibində kimyəvi qatqılar, konservantlar var, kalorisi yüksəkdir. “Fastfood”lardan və onlarla yanaşı qəbul edilən zərərli içkilərdən hər kəs, xüsusən də uşaqlar nə qədər kənar qalsa, o qədər sağlam olar.
Elmi təcrübələr sübut edib ki, yeniyetmə uşaq 1 həftə ərzində 2-3 dəfə “fastfood” qidası qəbul edirsə, onun bronxial astma tutma ehtimalı qat-qat artır. Ona görə də evdə bişən yeməklərə üstünlük vermək, adi su içmək daha məqsədəuyğundur.
- Bir az da süfrələrimizin bəzəyi olan çaydan danışaq...
- Çay bizim yemək mədəniyyətimizin ayrılmaz hissəsidir. Bu gün elə insanlar tanıyıram ki, gün ərzində 2 çaynik çay içirlər. Ancaq mən onlara sağlam yaşamaq, artıq çəkisi olanlara bundan qurtulmaq üçün içdikləri çayın miqdarını azaltmağı, adi suyun miqdarını isə artırmağı məsləhət görürəm. Mütəxəssislər sübut ediblər ki, insan orqanizmi adi sudan başqa bütün içkiləri - çayı, meyvə sularını və s. kalori kimi qəbul edir. Çayın tərkibindəki kofein bədəndə yağ yaradır.
Digər bir problem isə bizim çayı müxtəlif şirniyyatlarla, konfetlə, şokoladla, qəndlə içməyimizdir. Bunlar da orqanizm üçün əlavə kaloridir. Bir sözlə, artıq çəkidən xilas olmaq istəyən və əlavə çəki almaq istəməyən insanlara çaydan mümkün qədər uzaq durmağı və çayı tünd içməməyi məsləhət görürəm.
Eyni zamanda, artıq çəki problemi olanlar sağlam şəkildə arıqlamaq istəyirlərsə, şəkərdən, qənddən, şirniyyatlardan uzaq olmalı, çayı bir qaşıq təmiz balla və ya müxtəlif meyvə quruları ilə içməlidirlər.
- Son dövrlər arıqlamaq istəyən insanlar yaşıl çaya meyl edirlər. Bu nə dərəcədə effektivdir?
- İstər arıqlamaq, istərsə də sağlamlıq baxımından yaşıl çay çox faydalıdır. Çünki metabolizmi sürətləndirir, bədəni toksik maddələrdən təmizləyir, qəbizliyi aradan qaldırır və s.
Digər tərəfdən, yaşıl çayı şirniyyatlarla, şokoladla da içmək mümkün deyil və bu da çox müsbət haldır. Yaşıl çayın kalorisi də qara çaydan daha aşağıdır. Bütün bunlara baxmayaraq, gün ərzində 2, ən çox halda 3 stəkan yaşıl çay içilə bilər.
- Bəzi diyetoloqlar pəhriz müddətində kofeni qadağan edir, bəziləri isə qəhvəli diyetlər məsləhət görürlər. Sizin fikrinizcə, qəhvə çəkini artırır, yoxsa azaldır?
- Qəhvə ilə bağlı həqiqətən də ikili fikirlər var. Bəzi diyetoloqlar onun içilməsinin əleyhinədirlər. Onlar bildirirlər ki, qəhvə təzyiqi qaldırır, mədə-bağırsağı qıcıqlandırır və s. Digər qrup mütəxəssislər isə qəhvə içilməsinin tərəfdarıdırlar və mən də onların sırasındayam. Çünki qəhvə diyetdə olan insanı yüksək əhval-ruhiyyədə saxlayır, aclıq hissini azaldır, doyma hissini artırır. Ancaq qəhvə ya şəkərəvəzedicilərlə, ya da tam şəkərsiz içilməlidir.
Bir məqamı da qeyd edim ki, bəzi insanlar bizə müraciət edəndə əvvəldən deyirlər: “Həkim, nədən desəniz, imtina edərəm, təkcə ətdən başqa”. Bəziləri duzdan, bəziləri şəkərdən, bəziləri isə qəhvədən imtina edə bilməyəcəyini deyir. Öz şəxsi təcrübəmə əsasən deyim ki, bu məqamda pasiyentin istəyinə hörmətlə yanaşmaq lazımdır. Çünki belə qadağa onu stressə sala bilər. Stress özü isə artıq çəki ilə mübarizədə bir nömrəli düşməndir. Ona görə də bu tələblə gələn insana, məsələn, qəhvə icazəsi verilməlidir, amma şəkərsiz, südlə və ya südsüz.
Qəhvəni çox sevən və arıqlamaq istəyən insanlara qəhvəli diyet resepti də verə bilərəm.
Məsələn, səhər yuxudan duranda bir fincan qəhvə, bir dilim qara çörək və 1-2 dilim ağ pendir. Saat 11 ilə 12 arasında ananas və ya qreypfrut şirəsini az miqdarda mineral su ilə qarışdırıb içmək.
Günorta meyvələr və yoğurt yemək, günorta ilə axşamın arasında yenə şəkərsiz qəhvə içmək. Şəkərin əvəzinə qəhvənin yanında 3-4 ədəd diyetik biskvitlərdən də istifadə etmək olar. Axşam yeməyində balıqdan, toyuqdan, göbələkdən hazırlanmış yeməklərdən, şorbalardan hər hansı biri yeyilir. Yatmazdan əvvəl isə az miqdarda mineral su ilə qarışdırılmış ananas və ya qreypfrut şirəsi içilir.
Qəhvəli diyetlə həftəyə 2 kilo arıqlamaq mümkündür. Bir sözlə, çəkisini azaltmaq istəyən insanlar qəhvə içə bilərlər, amma onu gün ərzində iki-üç fincandan artıq içmək məsləhət deyil.
- İnsanların hansı müddətdə nə qədər çəki itirməsi normaldır
- Belə bir müddət yoxdur. Dünyada onminlərlə diyet növü var. Hər bir orqanizmə spesifik yanaşıldığı üçün bu göstəricilər dəyişir. Bir neçə həftəlik, aylıq, hətta illik diyetlər olur. Onu deyə bilərəm ki, çəki nə qədər çox olsa, müddət də bir o qədər uzun olur.
- Sonda insanlara məsləhətiniz nə olardı?
- Min illər bundan öncə insanlar acından ölürdülərsə, bu gün bir çox halda ölümün səbəbi çox yeməkdir. Düzgün qidalanmamaq bir sıra xəstəliklərin gəncləşməsinə, insanlarda ürək-damar, xərçəng, şəkərli diabet, iflic kimi xəstəliklərin artmasına səbəb olub. Bunun qarşısını almaq üçün düzgün və sağlam qidalanmaq, geni modifikasiya olunmuş, konservləşdirilmiş qidalardan uzaq durmaq, təbii məhsullara üstünlük vermək lazımdır.
Ü.FƏRZƏLİYEVA
31 iyul 2013-cü il № 13-14
Xəbəri paylaş