Peyvənd dünyada hər il 3 milyon insanı ölümdən xilas edir

«Peyvənddən ilk dəfə VI-VII əsrlərdə Hindistanda, Çində istifadəyə başlanılıb. Avropa ölkələrində isə XVIII-XIX əsrlərdən bəri peyvənd xəstəliklərin qarşısını alma üsulu kimi tətbiq edilir. Hazırda peyvənd dünyada alternativi olmayan profilaktika metodudur. ABŞ-ın Xəstəliklərə Nəzarət Təşkilatının 2010-cu ildə apardığı araşdırmalar nəticəsində müəyyən edilib ki, hər il Yer kürəsində peyvənd yolu ilə 3 milyon nəfər insan ölümdən xilas olur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu sahə üzrə ekspertləri, tanınmış alimlər tibbdə tətbiq edilən müalicə və profilaktika metodlarının müqayisəsi nəticəsində peyvənd qədər effektli ikinci müalicə-profilaktika üsulunun olmadığı qənaətinə gəliblər, onun dünyada böyük miqyasda və geniş tərkibdə tətbiq edilən antibiotiklərdən qat-qat yüksək keyfiyyətə malik olmasını müəyyənləşdiriblər. Alimlər bildirirlər ki, ancaq Yer kürəsində yaşayan bütün insanların təmiz su ilə təmin olunması nəticəsində əldə edilən effekt peyvəndi üstələyə bilərdi. Ancaq bu, praktik olaraq nə bu gün, nə də gələcəkdə mümkün deyil. Göründüyü kimi, peyvənd insanların sağlamlığının təmin olunması və xəstəliklərin qarşısının alınmasında çox böyük əhəmiyyətə malikdir».
Bu haqda bizə müsahibəsində K.Y.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin pediatriya üzrə baş mütəxəssisi Nəsib Quliyev məlumat verdi. Vaksinasiyanın xeyiri və zərəri barədə danışmaq, cəmiyyətdə peyvəndlə bağlı yaranmış mübahisəli fikirlərə aydınlıq gətirmək üçün onunla həmsöhbət olduq.
- Peyvəndləmə yolu ilə dünyada ən azı 10 təhlükəli xəstəliyin ya kökü kəsilib, ya da qarşısı alınıb. Dünyada kökü kəsilən qorxulu xəstəliklərdən biri təbii çiçəkdir. Ehtiyac qalmadığı üçün 1972-ci ildən etibarən artıq təbii çiçəyə qarşı peyvənd olunmur. Dünyada peyvəndləmə hesabına sarı qızdırma xəstəliyinin yayılmasının da qarşısı alınıb.
- Ölkəmizdə yoluxucu xəstəliklərin qarşısının alınması sahəsində vəziyyət necədir?
- Peyvəndin müsbət effektini yaxşı bilən ümummilli lider Heydər Əliyev Azərbaycanda peyvənd işinin inkişaf etdirilməsi üçün təşəbbüs göstərmiş və özü şəxsən immunoprofilaktika tədbirində iştirak etmişdi. Müstəqilliyin ilk illərində, ölkənin böhran vəziyyətində olduğu dövrdə yoluxucu xəstəliklərin qarşısını almaq üçün Heydər Əliyev Avropa ölkələrindən əldə edilən kredit hesabına Azərbaycana peyvəndin gətirilməsini təşkil etmişdi.
Bu gün də ölkəmizdə yoluxucu xəstəliklərlə mübarizə işi səhiyyənin prioritet sahələrindən biridir. Bunun nəticəsidir ki, artıq ölkəmizdə difteriyalı xəstə yoxdur.
Aparılan immunoprofilaktika tədbirləri nəticəsində ölkəmizdə qarşısı alınan xəstəliklərdən biri də poliomielitdir. Azərbaycan ÜST-nin poliemielitdən azad ölkə statusunu almışdır.
2005-ci ilin sonlarında ölkəmiz Avropada tətbiq olunmağa başlayan "Qızılca və məxmərəyin eliminasiyası Proqramı"na ilk qoşulan dövlətlərdən biri oldu. Həmin dövrdən indiyədək ardıcıl olaraq keçirilən milli immunizasiya kampaniyalarının nəticəsidir ki, ölkəmizdə qızılca və məxmərək yox həddinə çatıb. Eyni zamanda, göyöskürək xəstəliyi azalıb, tetanus isə tək-tək hallarda qeydə alınır. Sevindirici faktdır ki, adı çəkilən xəstəliklərin heç birinin epidemiya təhlükəsi yoxdur. Bütün bunlar ilk növbədə dövlət başçısının bu işə, bütövlükdə səhiyyə sahəsinə göstərdiyi xüsusi diqqətin və qayğının nəticəsidir.
Qeyd edim ki, 2006-2010-cu illəri əhatə edən "Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı" çərçivəsində uğurlu işlər həyata keçirilmişdi. Yoluxucu xəstəliklərin qarşısının alınması və onlarla mübarizə işini davam etdirmək məqsədi ilə Nazirlər Kabineti yeni "2011-2015-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı"nı təsdiq edib.
- Ölkəmizdə peyvəndləmə yolu ilə neçə yoluxucu xəstəliyə qarşı mübarizə aparılır?
- 1993-ci ildən bu günə qədər ölkəmizdə planlı həyata keçirilən peyvəndlərin sayı 5-dən 10-a çatdırılıb. Bu isə dünyanın ən inkişaf etmiş ölkələrinin göstəricilərinə uyğundur. Artıq bir neçə ildir ki, körpələrimiz sarılığa qarşı da peyvənd olunurlar. Hemofilus-influenza B çöplərinə qarşı olan sonuncu peyvənd isə 2011-ci il iyulun 1-dən planlı peyvənd cədvəlinə salınıb. Yaxın 1-2 ildə pnevmoniya xəstəliyi törədən pnevmokoklara qarşı yeni peyvəndin ölkəmizdə tətbiqi gözlənilir. Artıq bununla bağlı tədqiqatlara başlanılıb.
Çox önəmli faktdır ki, ölkəmizdə peyvənd işi pulsuz, dövlət hesabına həyata keçirilir.
- Bəzən peyvəndlə bağlı mübahisəli fikirlər səsləndirilir. Hətta onun sağlamlığa müəyyən əks təsirlərinin olduğu iddia edilir. Bu fikirlər nə dərəcədə həqiqətə uyğundur?
- Peyvənd haqqında kim mənfi fikir söyləyirsə, o doğru düşünmür. Təəssüf ki, bəzən mütəxəssis olmayan, bu işi dərindən bilməyən adamlar peyvəndlə bağlı əsassız şayiələr yayırlar.
Əgər immunoprofilaktika tədbirləri cəmi bir və ya bir neçə ölkədə aparılsa idi, dünyanın bir qisim ölkələri bundan imtina etsə idi, biz bunun səbəblərini müzakirə edə bilərdik. Ancaq yer üzündə elə bir dövlət yoxdur ki, orada peyvənd işi aparılmasın.
Əgər kimsə peyvəndin effektiv olub-olmaması barədə fikir söyləyirsə, mütləq əsaslı arqumenti olmalıdır. Əsassız şayiələr yaymaq əhaliyə ancaq zərər verə bilər. Əgər peyvənd olmasa idi, insanlar çoxsaylı təhlükəli yoluxucu xəstəliklərdən həyatlarını itirə bilərdilər.

- Bu gün ən çox valideynləri narahat edən məsələlərdən biri də vaksinlərin keyfiyyəti məsələsidir. Sizcə, hansı ölkələrin istehsal etdiyi vaksinlər daha keyfiyyətlidir?
- Valideynlər arasında yayılmış yanlış fikirlərdən biri də odur ki, guya Hindistanda istehsal edilən vaksinlər keyfiyyətsiz, Fransa və ya Belçikada istehsal olunan peyvəndlər isə keyfiyyətlidir. Azərbaycan dövləti heç zaman yararsız vaksinlərin ölkəyə gətirilməsinə imkan verməz. Ölkəmizə Fransa, İtaliya, Belçika kimi ölkələrdən də, Hindistandan da, Rusiyadan da yalnız yüksək keyfiyyətli vaksinlər gətirilir.
Digər tərəfdən isə, dünyada vaksin istehsalına ÜST-nin xüsusi ekspert komissiyası nəzarət edir. Həmin komissiyanın tərkibinə dünyanın aparıcı alim və mütəxəssisləri daxildir. Vaksinin hansı ölkədə istehsal edilməsindən asılı olmayaraq, o, ÜST-nin standartlarına cavab verməlidir. Əks halda, onun istifadəyə buraxılmasına heç vaxt icazə verilməz. Ona görə də insanların bu məsələ ilə bağlı narahatlıq keçirməsinə əsas yoxdur.
Hətta bəzən valideynlərdən eşidirik ki, özəl tibb müəssisələrində peyvənd keyfiyyətli olduğu üçün qiyməti bahadır. Amma dövlət tibb müəssisələrində peyvəndlər keyfiyyətsizdir, çünki ucuz alınır. Bu da təxribat xarakterli fikirlərdir. Özəl tibb müəssisələrində peyvənd preparatları ona görə bahadır ki, onlara kütləvi müraciət olmadığı üçün bir qabda cəmi bir dozalı vaksin alırlar. Dövlət tərəfindən isə bütün ölkə əhalisi üçün bir qabda 10, 20, 50 dozalıq vaksin alınır. Bu cür qablaşdırma qiymətə də öz təsirini göstərir və qat-qat ucuz olur.
Onu da qeyd edim ki, immunoprofilaktika işi aparmaq üçün lazımi şəraiti və imkanları olmayan özəl tibb müəssisələrində peyvənd edilməməlidir. Bunun üçün lazımi ixtisaslı mütəxəssislər (həkim infeksionist, həkim nevroloq, LOR, həkim immunoloq, sahə pediatrı, xüsusi hazırlanmış tibb bacısı və b.), ayrıca peyvənd otağı olmalıdır.
- Valideyn övladını peyvənd etdirməkdən imtina edə bilərmi?
- Çox təəssüf ki, valideynlər bəzən unudurlar ki, peyvənddən imtina etməklə böyük səhv edirlər. Onlar övladlarının peyvənd olunmaq haqqını pozur və körpələrinin gələcəyini risk qarşısında qoyurlar. 20 ildən artıqdır qəbul olunan Beynəlxalq Uşaq Haqları haqqında Konvensiyada uşaqların yaşamaq, təhsil almaq, qidalanmaq və s. hüquqları ilə yanaşı, peyvənd olunmaq hüququ da qeyd olunub.
- Peyvəndin əks təsirləri barədə də çox eşidirik...
- Mən buna əks təsir deməzdim. Peyvəndə qarşı insan orqanizminin cavab reaksiyaları olur. Elə peyvənd preparatları var ki, hətta onun təlimatında da yazılıb ki, peyvənddən sonra 3 gün ərzində hərarət yüksələ bilər. Peyvənd olunan yerdə qızartı, şişkinlik, ağrı müşahidə edilə bilər. Bunlar elmi cəhətdən əsaslandırılmış məsələlərdir. Qeyd edilən əlamətlərə görə peyvənddən imtina edib uşağı təhlükəli yoluxucu xəstəliklərin riski qarşısında qoymaq doğru deyil.
Əslində, tibb mütəxəssisləri, uşaq həkimləri peyvənd edilərkən valideynləri vaksinasiyadan sonrakı reaksiya ilə bağlı təlimatlandırmalıdırlar.
Qeyd edim ki, peyvənd bəzən tibbi göstərişə görə - körpənin çəkisi həddən artıq az olduqda, yaxud uşaq xəstələndikdə bir qədər gec həyata keçirilməlidir.
Hətta adi bir antibiotikdən də allergik reaksiya, ağır fəsad baş verir, anafilaksiya olur. Vaksin də preparatdır. Əgər peyvəndə qarşı insan orqanizminin cavab reaksiyası olmursa, onda peyvəndin heç bir əhəmiyyəti yoxdur. Orqanizm peyvəndə cavab reaksiyası verir, bu reaksiya nəticəsində immunitet formalaşır.
Bəzən peyvənddən sonra müəyyən kəskin reaksiya subyektiv səbəblərdən baş verir. Belə ki, həkimin və ya valideynin səhlənkarlığı nəticəsində uşaq xəstə ola-ola peyvənd edilir. Bu da müəyyən əks təsirlərə səbəb olur. Bəzən valideynlər bilmirlər ki, əzələdaxili, yaxud dəriiçi peyvənddən sonra uşağı 1-2 gün çimizdirmək olmaz. Çünki peyvəndin yerinə su dəyəndə şişə bilər, fəsadlaşma, iltihablaşma baş verə bilər. Sonra deyirlər ki, bütün bunlara peyvənd səbəb oldu.
Qeyd edim ki, ÜST-nin statistik araşdırmalarına görə, 1 milyon peyvənddən sonra yalnız 1 ağır fəsad müşahidə oluna bilər. Gəlin müqayisə edək: 1 ağır fəsadın qarşısını almaq üçün peyvənddən ümumiyyətlə imtina etmək, yoxsa peyvənd edib bir ildə 3 milyon insanın həyatını qurtarmaq? Hesab edirəm ki, peyvənd tibbdə tətbiq olunan ən təsirli və dəyərli profilaktika metodudur. Dünyada yüz faiz təhlükəsiz olan hərəkət varmı?
Onu da qeyd edim ki, Azərbaycanda bəzən rast gəlinən peyvəndə qarşı reaksiyaları, fəsadlaşmaları araşdırmaq və nəzarətdə saxlamaq üçün Səhiyyə Nazirliyi tərəfindən daimi fəaliyyət göstərən xüsusi komissiya yaradılıb. Onun tərkibinə həkim infeksionistlər, alimlər, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri daxildir. Qeyd edilən hallar aşkar olunduqda biz həmin hadisəni araşdırıb müvafiq qərarlar qəbul edirik. 10 ildən artıqdır ki, belə bir komissiya fəaliyyət göstərir. Ancaq müsbət haldır ki, biz bu komissiyada müzakirə etmək üçün ciddi bir problemlə qarşılaşmamışıq. Doğrudur, müəyyən şikayətlər, fəsadlaşmalar, peyvəndə qarşı reaksiyalar müşahidə olunub. Amma ciddi fəsadla rastlaşmamışıq. Müraciətlərin böyük əksəriyyəti subyektiv xarakterli olub. Belə ki, ya tibb işçisinin, ya valideynlərin səhvinə görə problemlər yaşanıb. Yaxud biz araşdırma zamanı müəyyən etmişik ki, uşağa peyvənd ediblər, təsadüfən həmin ərəfədə onda hansısa xəstəliyin əlaməti özünü göstərib, əslində isə, bunun peyvəndlə heç bir əlaqəsi olmayıb. Sadəcə, burada təsadüfən hadisələr üst-üstə düşüb.
- Bir müddət əvvəl kütləvi informasiya vasitələrində məktəbdə peyvənd olunması səbəbindən bir uşağın vəfat etməsi barədə məlumatlar yayıldı. Bu məsələyə də aydınlıq gətirmənizi istərdik.
- Lökbatan qəsəbəsində yaşayan 16 yaşlı yeniyetmənin dünyasını dəyişməsi bir insan kimi mənə də çox pis təsir etdi. Ancaq təəssüf ki, kütləvi informasiya vasitələri insanlar arasında həmin yeniyetmənin peyvənd səbəbindən ölməsi kimi yanlış fikir formalaşdırmağa çalışdı. Əslində isə, heç həmin yeniyetməyə peyvənd olunmamışdı. Ona vərəm xəstəliyinə yoluxmanı yoxlamaq üçün mantu sınağı qoyulmuşdu.
Məlumdur ki, ölkəmizdə ildə bir, bəzən iki dəfə bütün uşaqlara vərəmə yoluxmanın olub-olmamasını aşkar etmək üçün mantu sınağı qoyulur. Buna tibbdə ümumi şəkildə tuberkulin sınağı deyirlər. Məqsəd uşaqlarda vərəmə yoluxmanın qarşısını almaqdır. Mantu sınağı isə ən təhlükəsiz sınaq hesab edilir. Çünki dünyada mantu sınağına qarşı heç vaxt qorxulu fəsad baş verməyib. Bu sınaq yavaş tipli reaksiya qrupuna aiddir, yəni orada reaksiya o qədər yavaş gedir ki, ancaq 3 gündən sonra sınaq qoyulan yerə baxış keçirilir, orada qızartının olub-olmadığı, əgər varsa, ölçüsü müəyyənləşdirilir. Belə cüzi tuberkulin heç zaman uşaqlarda ölümə səbəb ola bilməz, bu, praktik olaraq mümkün deyil. Mantu sınağının ölümə səbəb olması tamamilə əsassız fikirdir və dünyada belə bir nümunə yoxdur. Sadəcə, qoyulmuş mantu sınağı ilə ölüm hadisəsinin çox yaxın zamanda, bir-birinin ardınca baş verməsi belə yanlış fikirlər yaradıb. Məndə olan məlumata görə, ekspertizadan sonra yeniyetmənin ürəyinin ikitaylı qapaqlarında çatışmazlıqlar aşkar olunub. Başqa səbəblər də ola bilər. Bunu məhkəmə tibbi ekspertizası öz rəyində açıqlayacaq.
Baş vermiş hadisədən insanları peyvənddən uzaqlaşdırmaq üçün istifadə etmək, valideynlərdə, yeniyetmə və uşaqlar arasında həyəcan, vahimə yaratmaq yalnız onların əleyhinə ola bilər. Mən jurnalistlərdən faktı araşdırmamış, öz fikrini ümumi fikir kimi, ekspert rəyi kimi yaymamağı xahiş edirəm. Sadəcə, hər kəs bilməlidir ki, peyvənd dünyada xəstəliklərdən qorunmaq üçün ən vacib profilaktika üsuludur. Bu gün uşaqların ana südü ilə qidalanması nə qədər vacib hesab olunursa, təxminən o səviyyədə də immunoprofilaktika vacibdir, əhəmiyyətlidir.
Mən sevinirəm ki, bu gün Azərbaycanda uşaqların 100 faizə qədəri peyvəndlə əhatə olunub. Səhiyyə işçilərinin fədakarlığı nəticəsində ölkəmizdə peyvəndlə idarə olunan xəstəliklər bu gün nəzarət altındadır.
Ü.FƏRZƏLİYEVA
Xəbəri paylaş