Fövqəladə hallarda əhalinin sağlamlığının qorunması üzrə təlim keçirilib
Fövqəladə hallarda vətəndaşların xilas edilməsi üçün tibbi xidmət göstərənlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi prioritet məsələlərdən biridir. Goranboy Rayon Mərkəzi Xəstəxanasında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin və Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Humanitar sahələrdə reproduktiv sağlamlıq üzrə minimal ilkin xidmətlər paketinin əlaqələndirilməsi və həyata keçirilməsi üçün milli potensialın artırılması” layihəsi çərçivəsində baş tutan təlim bu məqsədə xidmət edib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, fövqəladə hallarda zərərçəkmiş əhali arasında xəstələnmə, əlillik, ölüm hallarının azaldılması istiqamətində həyata keçirilən layihənin əsas məqsədləri sırasına zərər çəkənlərə yardımın göstərilməsi, cinsi zorakılığın qarşısının alınması, İİV-in ötürülməsinin azaldılması, ana və yeni doğulmuş uşaqlar arasında həddən artıq xəstələnmə və ölüm hallarının qarşısının alınması kimi məsələlər daxildir.
İki gün davam edən təlimin ilk günündə tibb işçilərinin fövqəladə hallara hazırlığının yoxlanılması məqsədilə simulyasiya keçirilib və “zərərçəkmiş” hamilə qadınlara ilkin yardım göstərilib. Simulyasiya zamanı atılan addımlar ikinci gün müzakirə olunub, tibb işçilərinə müvafiq metodiki tövsiyələr verilib.
Təlimdə BMT-nin Azərbaycandakı Nümayəndəliyinin rezident əlaqələndiricisi Qulam İsakzai də iştirak edib.