Azərbaycanda partnyorla doğuş

Əgər əvvəllər ərin doğuşda iştirakına nadir hallarda rast gəlinirdisə, son bir neçə ildə bu adi hal kimi qəbul olunur
Bu yaxınlarda mətbuatda oxuduğum bir xəbərdə bildirilirdi ki, Britaniya Hamilələrə Məsləhət Xidməti təşkilatının yeni araşdırmasına görə, bu ölkədə doğuşların 95 faizində qadının yaxın adamı iştirak edir. Müqayisə üçün o da qeyd edilirdi ki, 1960-cı ildə hər on britaniyalı qadından yalnız biri doğuşa partnyorla daxil olurdu. Və əgər o zaman doğuşda partnyor kimi iştirak edən çox nadir hallarda qadının həyat yoldaşı olurdusa, indi bu ölkədə əksər hallarda məhz atalar körpəsinin dünyaya gəlməsinə şahidlik edirlər.
Artıq Azərbaycanda da bir neçə ildir partnyorla doğuşlar aparılır. Bəs, bu sahədə ölkəmizdə vəziyyət necədir? Partnyorla doğuşun effektivliyi nədədir? Bu suallara cavab tapmaq və ümumiyyətlə, partnyorla doğuş praktikası ilə bağlı geniş və ətraflı məlumat almaq üçün Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi, həkim mama-ginekoloq Leyla Məmmədova ilə həmsöhbət olduq.
- Tarixə nəzər salsaq, görərik ki, partnyorla doğuş təcrübəsi qədim zamanlardan mövcuddur. İnsan cəmiyyəti yarandığı gündən qadın uşaq dünyaya gətirəndə onu yaxınları, doğmaları əhatə edib.
Müasir dövrdə isə partnyorla doğuş Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 1985-ci ildə qəbul olunmuş “Doğuşayardım texnologiyalarına dair tövsiyələr”ində öz əksini tapıb. Burada yaxın insanın iştirakının qadının psixoloji vəziyyətinə müsbət təsiri xüsusi vurğulanıb. 1980-ci illərdən etibarən “Təhlükəsiz analıq” proqramını qəbul edən bütün ölkələrdə partnyorla doğuş, yəni hamilə qadının özünün seçdiyi insanın iştirakı ilə keçən doğuş təcrübədə tətbiq olunmağa başlayıb.
- Partnyorla doğuşun hansı üstünlükləri var?
- Tədqiqatçıların çoxsaylı araşdırmaları nəticəsində partnyorla doğuşların bir çox üstünlükləri müəyyən olunub.
13 mindən çox qadını əhatə edən 16 tədqiqatın nəticələri sübut edib ki, partnyorla doğuşların davamiyyəti nisbətən qısa olur, partnyorun iştirakı cərrahi doğuşların və doğuş zamanı medikamentoz ağrıkəsicilərdən istifadənin tezliyini azaldır. Təsdiq edilib ki, doğuş zalında yaxın adamlardan birinin olması ananın psixoloji durumuna, onun doğuşdan sonrakı adaptasiyasına, ailədaxili münasibətlərə, hətta yenidoğulmuşun vəziyyətinə, ana və uşaq arasında qarşılıqlı münasibətə, döşlə əmizdirməyə müsbət təsir edir.
- Bəs, Azərbaycanda partnyorla doğuşa nə vaxtdan icazə verilib?
- 2007-ci ildən. Səhiyyə Nazirliyinin həmin ilin dekabrın 3-də təsdiq etdiyi “Doğum evlərində (şöbələrində) doğuşayardım işinin təşkili üzrə təlimat”da və 2012-ci il iyunun 29-da Səhiyyə Nazirliyi kollegiyasının qərarı ilə təsdiq olunmuş “Normal doğuşlar üzrə klinik protokol”da partnyorla doğuş məsələsi öz əksini tapıb.
- Hansı tibb müəssisələrində doğuşda partnyorlar iştirak edə bilər?
- Əslində, Azərbaycanın bütün doğuşayardım müəssisələrində partnyorla doğuşu həyata keçirmək olar, ancaq bunun üçün orada müvafiq şərait yaradılmalıdır. Fərdi doğum zalı partnyorla doğuşun həyata keçirilməsi üçün ən vacib şərtlərdən biridir. Belə zalı olan bütün tibb müəssisələrində partnyorla doğuşa icazə verilməlidir və bu xidmətin mövcudluğu barədə əhaliyə məlumat çatdırılmalıdır.
Amma doğum evində fərdi doğum zalı yoxdursa, bir doğum zalında bir neçə qadın doğuş prosesindədirsə, partnyorla doğuşun aparılması qeyri-mümkündür. Lakin belə zalların olmaması doğum evi rəhbərlərinə bəraət qazandırmır. Belə ki, 2007-ci ildən indiyə qədər keçən 7 il ərzində fərdi doğum zallarını təşkil etmək olardı.
Qeyd edim ki, əməkdaşı olduğum Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda partnyorla doğuşlar elə 2007-ci ildən təcrübəyə tətbiq olunur.
- Doğum evləri hər zaman ən steril tibb müəssisəsi hesab edilib. Partnyorun olması bu qaydanı pozmur ki?
- Əlbəttə, doğum evlərində xəstəxanadaxili infeksiyaların profilaktikası vacib məsələdir. “Doğuşayardım işinin təşkili üzrə təlimat”da da partnyor doğuşları ilə əlaqədar nəzərdə tutulan təhlükəsizlik tədbirləri öz əksini tapıb. Belə ki, orada qeyd olunur ki, dоğuşda iştirak edən partnyor sanitar geyimdə (xalat, baxil, maska) olmalı və onda yoluxucu xəstəliklərin (KRVİ və s.) əlamətləri olmamalıdır.
Bizim təcrübəmizdə də partnyor qəbul şöbəsində müayinə olunur, əgər onda hər hansı bir infeksiya əlaməti olarsa, əlbəttə ki, onun doğuşda iştirakına icazə verilmir.
- Kimlər partnyor ola bilər?
- Dünyanın hər yerində partnyorun kim olacağını hamilə qadın müəyyən edir. Bu, onun seçdiyi istənilən bir şəxs – məsələn, hamilənin həyat yoldaşı, anası, qaynanası, bacısı, rəfiqəsi, digər yaxın hesab etdiyi insan ola bilər. Bu o deməkdir ki, hamilə hal-hazırda məhz həmin şəxsin dəstəyinə üstünlük verir. Partnyorun kimliyindən asılı olmayaraq, əsas odur ki, qadın doğuş zamanı özünü tənha hiss etməsin və yanında onu dəstəkləyən bir yaxını olsun.
Qadın məsləhətxanalarında hamiləyə və onun qohumlarına ölkədə partnyorla doğuş xidmətinin mövcudluğu və şərtləri barədə məlumat verilməlidir. Hamiləlik dövründə qadın öz seçimini etməli, seçdiyi şəxs də öz razılığını bildirməlidir və partnyor müvafiq hazırlıq keçməlidir.
- Bəs sizin fikrinizcə, psixoloji dəstək baxımından doğuşda kimin iştirakı daha məqsədəuyğundur?
- Partnyor seçimində qohumluq dərəcəsi yox, məhz psixoloji uyğunluq vacibdir. Burada əsas məqam hamilə qadının kimin psixoloji dəstəyinə üstünlük verməsidir. İkinci məqam isə seçilmiş insanın razılığı və hazırlığıdır. Əgər hər iki məqam bir-birinə uyğundursa, nəticə də yaxşı olur. Yəni, məsələn, laqeyd ərdənsə qayğıkeş baldız, hədsiz həyəcanlı anadansa real dəstək olan, ürək-dirək verən bacı, rəfiqə daha yaxşıdır.
İnstitutumuzun təcrübəsinə əsaslanaraq deyə bilərəm ki, partnyor kimi qaynanasına üstünlük verən gəlinlər də az deyil. Doğuş prosesində də şahidi olmuşuq ki, hamilə qadın düzgün seçim edib, partnyor kimi seçilən qaynana gəlinin başının üstündən ayrılmayıb, vacib olan hər bir köməyi göstərib.
- Doğuş zamanı partnyorun konkret vəzifələri müəyyən edilibmi?
- Partnyorun konkret vəzifəsi hamilənin yanında olmaq, ona fiziki, psixoloji, emosional dəstək göstərmək, təbii ağrısızlaşdırma üsullarını tətbiq etməklə - massajla, müəyyən nöqtələrə təzyiq etməklə, müəyyən hərəkətlərlə qadının ağrılarını azaltmaqdan ibarətdir. Partnyor qadına sancı zamanı düzgün tənəffüs etməkdə, rahat vəziyyət almaqda yardım edir. Yanında yaxın bir insanın olması hamilə qadını sakitləşdirir, ona ürək-dirək verir, o da çəkinmədən istənilən xahişlə öz partnyoruna müraciət edə bilir. Ən əsası odur ki, doğuşda olan qadın bir dəqiqə belə tək qalmır.
Partnyorun üzərinə düşən vəzifələrin ona izah olunmasına gəldikdə isə, əlbəttə, yaxşı olar ki, bu bilikləri partnyor doğum evinə gəlməzdən əvvəl almış olsun. Amma istənilən halda, mama-ginekoloq və mama partnyora lazım olan məlumatı verir. Doğum zalında olan vizual vəsaitlər də ona yardımçı olur.
- Ölkəmizdə partnyorla doğuş təcrübəsinin ilkin dövrlərində ərin doğuşda iştirakına nadir hallarda rast gəlinirdi. Çünki bu, cəmiyyətdə birmənalı qarşılanmırdı. Bəs, indi vəziyyət necədir?
- Deyərdim ki, bu təcrübənin tətbiq edildiyi ilk dövrlərdə, ümumiyyətlə, partnyorla doğuşların sayı az idi. Səbəb isə fərdi doğuş zallarının olmaması, tibb işçilərinin və əhalinin bu praktikaya hazır olmaması və sair idi.
Zaman keçdikcə partnyorla doğuşa münasibət dəyişdi. Mən Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun təcrübəsinə əsaslanaraq deyə bilərəm ki, ildən-ilə partnyorla doğuşa razılıq verən, o cümlədən həyat yoldaşının iştirakı ilə doğuşa razılıq verən cütlüklərin sayı artır. Əgər ilk illərdə ərin doğuşda iştirakına nadir hallarda rast gəlirdiksə, son bir neçə ildə bu adi hal kimi qəbul olunurdu. İnstitutumuz təmirə bağlanana qədərki dövrə nəzər salsaq, artıq partnyorla doğuşların təxminən 10 faizi ərin iştirakı ilə keçirilirdi.
Ümumiyyətlə, Mamalıq və Ginekologiya İnstitutunda 5 fərdi doğum zalı fəaliyyət göstərirdi. Təbii yolla baş verən doğuşların təxminən 85-90%-i partnyorun iştirakı ilə aparılırdı.
- Bəs, regionlarda partnyorla doğuş təcrübəsi hansı səviyyədədir?
- Təəssüf ki, bir o qədər də yüksək səviyyədə deyil. Bunun səbəbi regionlarda antenatal xidmətin nisbətən zəif olmasıdır. Düzgün antenatal xidmət tək hamiləyə keyfiyyətli məsləhət verməklə bitmir, o həm də ailənin dəstəyinə böyük önəm verir.
Partnyorla doğuşun məqsədi istənilən bir şəxsin sadəcə doğuş zalında tamaşaçı qismində olmasından, onun doğuş prosesi ilə tanış edilməsindən ibarət deyil. Məqsəd doğuşda olan qadını maksimal dərəcədə qayğı və yardımla təmin etməkdən ibarətdir. Buna görə də partnyor müvafiq şərtlərə cavab verməli, onun doğuşun gedişatı barədə müəyyən məlumatı olmalı, o, doğum zalında hansı kömək göstərəcəyini bilməlidir.
Lakin, təəssüf ki, əksər hallarda ailə ancaq doğum evində öyrənir ki, hamilə ilə birlikdə doğum zalına keçmək olar. Hamilə qadın da həmin vaxt yanında olan şəxslərdən birini seçmək məcburiyyətində qalır. Doğuşda iştirak edəcək şəxs doğum evinin qəbul şöbəsində seçilməməlidir. Belə seçilən şəxslərin somatik vəziyyəti və ya psixoloji durumu da göstərir ki, bu o qədər məqsədəuyğun deyil. Belə olduqda məsuliyyət, əlbəttə ki, antenatal xidmət müəssisələrinin üzərinə düşür.
Regionlarda antenatal xidmətin səviyyəsinin yüksəlməsi, şübhəsiz ki, ölkəmizin müxtəlif bölgələrində partnyorla doğuşların daha geniş vüsət almasına dəstək verəcək.
- Öz təcrübənizdə partnyorun doğuş prosesinə müsbət yox, mənfi təsir etməsi faktı ilə rastlaşmısınızmı?
- İstənilən halda partnyorun doğuş prosesinə təsiri müsbətdir və bunu aparılmış çoxsaylı tədqiqatların nəticələri də sübut edir. Əlbəttə, partnyor seçimindən də çox şey asılıdır, çünki bütün insanlar eyni deyil. Emosional insanlarla da rastlaşırıq. Bəzi hallarda doğuşda iştirak edən yaxın insan hamilənin keçirdiyi ağrılara dözə bilmir və təcili qeysəriyyə kəsiyi əməliyyatının aparılmasını tələb edir və s. Bəzən partnyor elə hesab edir ki, doğuşda olan qadına dərman preparatlarının istifadə olunmaması diqqətsizlikdən irəli gəlir. Halbuki “Təhlükəsiz analıq” prinsiplərindən biri dərman preparatlarından əsaslanmamış istifadənin yolverilməz olmasıdır. Doğum zalında bütün bunların partnyora izah edilməsi isə tibb işçiləri üçün əlavə işdir. Bu, bir daha sübut edir ki, partnyor doğuşa əvvəldən hazırlanmalıdır.
- Praktikada partnyorla doğuş necə keçir? Ümumiyyətlə, bununla bağlı hansısa vahid qayda varmı, yoxsa hər tibb müəssisəsi onu öz qaydalarına uyğun həyata keçirir?
- Doğuş prosesinin müddəti müxtəlif ola bilər, bəzən bu, 12-15 saata qədər davam edir. Mama-ginekoloq və mama bütün bu dövr ərzində davamlı olaraq qadının yanında otura bilməz. Ancaq partnyor qadını tək qoymur, bütün doğum prosesi boyu ona dəstək olur.
Körpənin doğulduğu anda da əksər hallarda partnyorlar qadının yanında olurlar. Ancaq bəziləri öz istəkləri ilə doğum zalını tərk edirlər. Elə partnyorlar olur ki, hətta göbək ciyəsini özləri kəsirlər. Bəzən isə doğan qadın özü partnyorun doğum zalından kənarda gözləməsini xahiş edir.
Əlbəttə ki, bütün doğuşayardım müəssisələri üçün mütləq olan rəhbər sənədlərdə partnyorla doğuşlar barədə, belə doğuşların şərtləri barədə məlumat var. Digər tərəfdən, hər bir tibb müəssisəsi özü də partnyorla doğuşların tətbiqi sahəsində müəyyən təlimatlar işləyib hazırlaya bilər. Məsələn, bizim İnstitutumuzun əməkdaşları tərəfindən partnyorun doğuşda rolunu əks etdirən xüsusi plakatlar hazırlanmış və bütün fərdi doğum zalları bu plakatlarla təchiz olunmuşdu.
- Partnyorun doğuş prosesini foto və ya video ilə çəkməsinə icazə varmı?
- Doğuş prosesinin foto və ya video ilə çəkilməsinə qadağa qoyan və ya icazə verən bir sənəd yoxdur. Lakin digər tərəfdən, doğuş zamanı partnyorun vəzifəsi, onun doğuşda iştirakının məqsədi çəkiliş deyil, qadına dəstək olmaqdır. Çəkiliş aparmaq isə onu əsas məqsəddən ayırır.
- Hazırda qeysəriyyə kəsiyi əməliyyatları əsasən epidural narkoz altında aparılır. Bu halda qadının huşu özündə olur. Belə əməliyyatlarda partnyorun iştirakı psixoloji yardım baxımından məqsədəuyğun olmazdımı?
- Qeysəriyyə kəsiyi əməliyyatlarında partnyorun iştirakına münasibət müxtəlif ölkələrdə fərqlidir. Bəzi ölkələrdə buna icazə verilir, bəzilərində isə qadağa qoyulub. Azərbaycanda rəhbər sənədlərdə qeysəriyyə kəsiyi əməliyyatında partnyorun iştirakı barədə ayrıca bir müddəa qeyd edilməyib. Ona görə də mən öz şəxsi fikrimi bildirmək istərdim. Partnyor doğuşları doğuş prosesi zamanı qadına dəstək üçün tövsiyə olunur. Doğuş prosesi 10-12 saata qədər davam edə bilər. Və doğrudan da, belə uzun müddət ərzində qadına psixoloji dəstək göstərmək vacibdir. Fikrimcə, qısa müddət davam edən cərrahi əməliyyat zamanı kənardan baxmaqla göstərilən psixoloji dəstəyin o qədər də önəmi yoxdur. Digər tərəfdən, partnyorun əməliyyat zalında özünü necə aparacağını, onun özünü necə hiss edəcəyini əvvəldən proqnozlaşdırmaq mümkün deyil. Bu baxımdan partnyorun əməliyyatda iştirakı müəyyən problemlərə səbəb ola bilər. Cərrahi əməliyyat tibb personalından maksimum konsentrasiya tələb edir. Əməliyyat icra edən həkimlərin diqqətinin kənar problemlərin həllinə yayılması isə yolverilməzdir.
Ü.FƏRZƏLİYEVA
Xəbəri paylaş