Gender bərabərliyi və qadın sağlamlığı üzrə beynəlxalq konfrans
“Mən dayanıqlı inkişaf üçün Azərbaycan Prezidentinin göstərdiyi səyləri alqışlayıram. Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb və bu qurum yüksək səviyyəli hesabat hazırlayıb. Şadıq ki, hesabatda əsas mesajlardan biri gender bərabərliyidir”.
Bunu Milli Məclisdə keçirilmiş “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə “Şərq tərəfdaşlığı” ölkələri parlamentlərinin cəlb edilməsi” mövzusunda beynəlxalq konfransda BMT-nin Bakıdakı rezident əlaqələndiricisi Qulam İshaqzai söyləyib.
Milli Məclisin, Avronest Parlament Assambleyasının Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyətləri komitəsinin, Əhali və İnkişaf üzrə Avropa Parlament Forumunun və BMT-nin Azərbaycandakı ofisinin birgə təşkilatçılığı ilə keçirilən konfransı açan Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov tədbirin əhəmiyyətini, qadınların sağlamlığının yaxşılaşdırılması və gender bərabərliyi üzrə qeydə alınan inkişaf göstəricilərinin, qarşıya çıxan problemlərin müzakirəsinin vacibliyini vurğulayıb.
Ölkəmizdə gender bərabərliyinin təmin olunması istiqamətində görülən işlərdən danışan Milli Məclisin sədr müavini Bahar Muradova Azərbaycanın bu sahədə bir sıra beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq etdiyini bildirib, qeyd edib ki, ölkəmizin bu sahədə müvafiq təcrübəsi digər ölkələr üçün nümunə ola bilər.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı ölkəmizdə qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığına qarşı mübarizənin gücləndirilməsi sahələrində qazanılan nailiyyətlərin Azərbaycan Prezidenti İlham Əliyevin siyasi dəstəyi sayəsində əldə olunduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, gələn il Azərbaycanda qadınlara seçmək və seçilmək hüququnun verilməsinin 100 illiyi qeyd olunacaq. Ölkəmizdə dövlət qadın siyasətinin uğurla həyata keçirildiyini, kişi və qadınlar arasında hüquq bərabərliyi prinsipinin qorunduğunu qeyd edən M.İbrahimqızı qadınların ailədə, təhsildə, səhiyyədə, mədəniyyətdə, dövlət idarəçiliyində, qanun və qərarların qəbulunda, idman hərəkatında yüksək nailiyyətlər qazandıqlarını deyib.
Gender bərabərliyini insan hüquqlarının təmin edilməsində əsas şərtlərdən biri adlandıran xarici işlər nazirinin müavini Xələf Xələfov qeyd edib ki, Azərbaycanda bu sahədə görülən işlər ölkəmizdə gender məsələsinə göstərilən diqqətin təzahürüdür.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, Dayanıqlı İnkişaf Məqsədləri ötən 15 il ərzində həyata keçirilmiş Minilliyin İnkişaf Məqsədləri (2000-2015-ci illər) əsasında yaradılıb. Bu müddət ərzində bir çox hədəflər üzrə nailiyyətlər əldə olunub. Ölkəmizdə mütləq yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə qədər azaldılıb, savadlılıq, demək olar ki, yüz faizə çatdırılıb, gender bərabərliyinin təşviqi və qadınların səlahiyyətlərinin artırılmasında tərəqqiyə nail olunub, uşaq və ana ölümü əhəmiyyətli dərəcədə azalıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaşlarımız, xüsusən də qadın və uşaqlar üçün uyğun şəraitin yaradılması, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən bəhs edən H.Hüseynova deyib ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə reallaşan önəmli layihələr bu siyasətin daha da güclənməsinə böyük töhfədir.
Azərbaycanda ilk dəfə 1918-ci ildə qadınlara səsvermə hüququ verildiyini xatırladan BMT-nin Bakıdakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, Azərbaycan gender bərabərliyi sahəsində xeyli irəliləyişlərə nail olub. Ölkə qanunvericiliyi qadınlara qarşı bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına imkan verir. Azərbaycan həmçinin “Ayrı-seçkiliklərin aradan qaldırılması” Konvensiyasına qoşulub.
Tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestitus Yankauskas, Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyətinin sədri Sacad Kərim, Bosniya-Herseqovina parlamentinin deputatı, Əhali və inkişaf üzrə Avropa Parlament Forumunun vitse-prezidenti Nermina Kapitanoviç, Parlamentlərarası İttifaqın təmsilçisi Laşlo Borbeli və başqaları çıxış edərək, ölkəmizin milli qanunvericiliyində bütün növ bərabərliyin təmin edilməsini məmnunluqla vurğulayıblar.
Fasilədən sonra tədbir sessiyalar üzrə davam etdirilib. “Şərq tərəfdaşlığı ölkələrində qadın sağlamlığı və gender bərabərliyi siyasətlərinin tətbiqində əldə edilən uğur və çətinliklər” mövzusunda birinci sessiyanı Avropa Parlamentinin üzvü Haidi Hautala təqdim edib. Sonra “Parlamentlərin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyi və qadın sağlamlığına nail olunmasında məsuliyyət, təcrübə və fəaliyyətlər” mövzusunda sessiyada çıxışçılar qadın hüquqlarının və sağlamlığının yaxşılaşdırılmasına yönəlik layihələrdən danışıblar. Sessiyanın sonunda bu sahədə dünya ölkələri təcrübəsinə həsr olunmuş slayd-şou nümayiş etdirilib.
“BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üçün parlamentarilərin fəaliyyətini gücləndirmək perspektivləri” mövzusunda sessiyada çıxışçılar qadın sağlamlığı və gender bərabərliyi problemlərinin həlli yollarını müəyyən etməklə əlaqədar təəssüratlarını bölüşüblər.
Tədbir çərçivəsində keçirilən sessiyaların gedişində Milli Məclisin komitə sədrləri Hadi Rəcəbli, Ziyad Səmədzadə, Aqiyə Naxçıvanlı çıxış edərək gender bərabərliyinin təmin edilməsində dövlət büdcəsinin rolu, dövlət və özəl sektorların əməkdaşlığı, ailələr arasında bu sahədə maarifləndirmənin gücləndirilməsi məsələlərindən danışıblar. Bildirilib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra parlamentdə qadın hüquqları ilə bağlı 72 qanun qəbul edilib ki, bunlardan ikisi dünyada model qanun olaraq qəbul edilir.