Tibbi arayışsız nikah olmayacaq

“Azərbaycanda nikaha girənlərdən tibbi arayışın tələb olunması ilə bağlı Ailə Məcəlləsində nəzərdə tutulan dəyişiklik cəmiyyətin sosial sifarişindən qaynaqlanır”. Bu fikri bir neçə gün öncə Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi ilə Sosial Siyasət Komitəsinin birgə iclasında Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli bildirib. İclasda Ailə Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsi müzakirə olunub.
Hadi Rəcəbli Ailə Məcəlləsinə növbəti dəyişiklikləri özündə ehtiva edən qanun layihəsinin ölkə başçısının imzası ilə parlamentə daxil olduğunu deyib. Qeyd edib ki, bu, çox vacib və mütərəqqi addımdır: “Əvvəllər bu məsələ gündəmə gələrkən belə fikirlər səslənirdi ki, nikaha girən cütlüklərdən tibbi arayışın tələb edilməsi, onlardan bir-birlərinə özlərinin sağlamlıqları, xəstəlikləri barədə məlumat verməsi tələbi insan hüquqlarının qorunması baxımından düzgün deyil. Əslində isə, burada insan hüquqlarının pozulmasından, ona müdaxilədən söhbət gedə bilməz.
Nikaha daxil olanlarda ailə sağlamlığı üçün zərərli xəstəliklər aşkar olunması zamanı ailə fərdlərinin hüquqlarının nəzərə alınması, arayış verilərkən həkimin məsuliyyətinin tam müəyyənləşdirilməsi və sair məsələlər artıq dəqiqləşib. Müzakirəyə çıxarılan sənəddə ölkəmizdə irsi xəstəliklərin qarşısının alınmasına yönələn dəyişikliklər yer alıb, məhz bu istiqamətdə addımlar atılır”
İclasda çıxış edən Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev də Ailə Məcəlləsində nikaha girən cütlüklərin öz xəstəlikləri barədə bir-birinə məlumat verməsi məsələsinin dəqiq əksini tapmasının zəruriliyini vurğulayıb: “Hesab edirəm ki, bu məsələyə ciddi yanaşmaq lazımdır. Əgər nikaha girməyə hazırlaşan cütlüklərdən hər hansı birinin xəstəliyi varsa, o bu barədə mütləq qarşı tərəfə məlumat verməlidir. Tərəflərdən biri bunu gizlədərsə, gələcəkdə böyük fəsadlara və problemlərə yol aça bilər”.
Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli də layihə barədə məlumat verərək qeyd edib ki, Ailə Məcəlləsinin 13-cü maddəsində müxtəlif bəndlərə edilən dəyişikliyə əsasən, nikaha daxil olmaq istəyənlər tibbi müayinədən keçəcəklər və bununla bağlı nikahı bağlayan müvafiq icra hakimiyyəti orqanına tibbi arayış təqdim edəcəklər: “Nikaha daxil olmaq istəyənlərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailə planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçiriləcək.
Nikaha daxil olmaq istəyənlərə onların tibbi müayinəsinin nəticələri ilə yanaşı, tibbi müayinədən keçmələrini təsdiq edən arayış da verilir. Bu sənədlə şəxslərin yalnız tibbi müayinədən keçmə faktı təsdiqlənir. Orada tibbi müayinənin nəticələri əksini tapmır və nikaha daxil olmaq barədə müvafiq icra hakimiyyəti orqanına verilən ərizəyə əlavə edilmir. Həmin orqanların vəzifəli şəxsləri nikaha daxil olmaq istəyənlərdən tibbi müayinənin nəticələrini tələb edə bilməzlər, çünki bu, həkim sirridir.
Dəyişikliklərdə həm də qeyd olunub ki, tərəflərdən biri cinsi yolla keçən xəstəliklərdən birinin və immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını digərindən gizlədərsə, həmin tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər”.
Deputat Pafael Cəbrayılov da çıxışı zamanı Ailə Məcəlləsinə təklif olunan dəyişikliklərin lehinə olduğunu və onları dəstəklədiyini bildirib: “Hesab edirəm ki, bu dəyişikliklər zəruridir və günün tələbləri ilə səsləşir. Eyni zamanda, bu dəyişikliklərin insan hüquqlarının pozulmasına və ya onlara müdaxilə olunmasına gətirib çıxaracağını düşünmürəm. Əksinə, onlar insan hüquqlarının ən gözəl şəkildə təmin olunmasını özündə ehtiva edir. Bununla yanaşı, dövlət özü bu məsələdən kənarda dayanır və heç bir müdaxilə etmir”.
Geniş müzakirələrdən sonra qanun layihəsi birgə iclasda irəli sürülən irad və təkliflər baxılmaqla və nəzərə alınmaqla parlamentin qarşıdan gələn 2014-cü il payız sessiyasının plenar iclasının gündəliyinə tövsiyə olunub.
Ailə Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişikliyi həkimlərimiz və əksər vətəndaşlar da cəmiyyətin sağlamlığının təmin edilməsi baxımından müsbət addım kimi qiymətləndirir.
Bakı şəhəri 3 saylı Şəhər Poliklinikasının baş həkimi Solmaz Xankişiyeva Ailə Məcəlləsinə təklif olunan dəyişikliklərin gələcək nəslin sağlamlığına və ailədaxili münasibətlərə müsbət təsir edəcəyini bildirir. Bizimlə söhbətində o qeyd etdi ki, ailə qurduqdan sonra tərəflərdən birinin sağlamlığı ilə bağlı ortaya çıxan hər hansı problem bir çox hallarda qarşılıqlı münasibətlərə mənfi təsir edir, hətta boşanmaya qədər gətirib çıxarır: “Nikahdan əvvəl gənclər tibbi müayinədən keçmədikdə yarana biləcək problemlərdən biri sonsuzluqdur ki, bu gün bu problemlə əlaqədar bir çox ailələr dağılır. Sözügedən dəyişiklik tərəfləri sağlamlıq vəziyyətləri barədə nikahdan əvvəl xəbərdar etməyə, gələcəkdə ortaya çıxacaq problemlərin qarşısını almağa xidmət edir”.
S.Xankişiyeva Ailə Məcəlləsinə ediləcək dəyişikliklərdən sonra onun tətbiqi üçün müəyyən məsələlərin nəzərə alınmasının vacibliyini də diqqətə çatdırdı: “Bilirik ki, nikahdan qabaq bütün tibbi müayinələr dövlət vəsaiti hesabına dövlət tibb müəssisələrində aparılacaq. Ona görə tibbi müayinələrin aparılması nəzərdə tutulan dövlət səhiyyə ocaqları bütün lazımi laborator analizlərin həyata keçirilməsinə hazır olmalıdır”.
Bakı şəhəri 1 saylı Uşaq Poliklinikasının baş həkimi Ceyran Məmmədova isə bildirdi ki, ailə quran gənclərin qan qohumluğunun yaratdığı fəsadlar barədə məlumatlı olması vacibdir: “İnsanlar bu barədə xəstə uşaq dünyaya gətirdikdən sonra düşünməməlidirlər. Onlar bilməlidirlər ki, ancaq sağlam ailədə sağlam uşaq böyüyə bilər. Nikahdan əvvəl gənclərin tibbi müayinədən keçməsi dünyaya gələcək körpələrin irsi, anadangəlmə xəstəliklərlə doğulmasının qarşısının alınmasına xidmət edəcək, psixi və fiziki inkişafda anadangəlmə çatışmazlıqlar, talassemiya, hemofiliya, hepatit, QİÇS və s. kimi xəstəliklərlə dünyaya gələn uşaqların sayı azalacaq”.
C.Məmmədova gənclərin qan qohumluğunun yaratdığı fəsadlar barədə məlumatlı olsalar belə, bundan çəkinməməsinə təəssüfləndiyini də dedi. Yaxın qohumlar arasında bağlanan nikah nəticəsində dünyaya gələn körpələrin xəstəliklərə daha çox meyilli olduğunu, hər bir gəncin bu haqda düşünməsinin zəruriliyini vurğuladı.
Ü.FƏRZƏLİYEVA
Xəbəri paylaş