Ananın qanı körpənin sağlamlığını müəyyənləşdirməyə imkan verəcək

Müxtəlif səbəblərdən yaranan genetik problemlər xəstə uşaqların doğulmasına gətirib çıxarır. Aparılan araşdırmalar həmin genetik xəstəliklərin durmadan artdığını göstərir.
Azərbaycan və Türkiyədən olan bir qrup alim və həkimin iştirakı ilə Bakıda keçirilən birgə konfransda bu məsələlər müzakirə olunub və beynəlxalq diaqnostikada irsi xəstəlikləri müəyyənləşdirən yeni texnologiyalar təqdim edilib.
Türkiyənin Genetik Xəstəliklərin Diaqnostikası Mərkəzinin Azərbaycan üzrə rəsmi nümayəndəsi Ersadik Turan və qardaş ölkədən gələn həkim Ayşə Saylı dünyaya gələcək uşağın genetik sağlamlıq vəziyyətinin doğulmamışdan əvvəl müəyyən edilməsinin tibbdə yenilik olduğunu, yeni texnologiyalar əsasında aparılan testlərin buna imkan verdiyini söyləyiblər. Onların verdiyi məlumata görə, yeni test vasitəsilə ananın qanından götürülən nümunə əsasında körpənin gələcək sağlamlığı haqqında məlumat əldə etmək mümkündür. Bunun sayəsində Daun sindromlu, yaxud digər anomaliyalı körpələrin dünyaya gəlməsi ilə bağlı qabaqcadan düşünülmüş qərar vermək imkanı yaranır.
Xəbəri paylaş