Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə müşavirə keçirilib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə müşavirə keçirilib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşan qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilib.
Toplantıda çıxış edən Mehriban Əliyeva bildirib ki, doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın üzləşdiyi ağır problemlərin həlli artıq 20 ildən çoxdur ki, Azərbaycan dövlətinin diqqət mərkəzindədir: “Cənab İlham Əliyevin Prezident kimi imzaladığı ilk sərəncamlarından biri 2004-cü ildə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı ilə bağlı olmuşdur. 2007-ci və 2011-ci illərdə həmin proqrama əlavələr təsdiqlənmişdir. Dövlət Proqramına uyğun olaraq, qaçqın və məcburi köçkün soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatına uyğun olan lazımi tədbirlər mərhələlərlə həyata keçirilir. Bildiyiniz kimi, bölgələrdə məcburi köçkünlər üçün 100-ə yaxın müasir yaşayış kompleksi salınmış, 250 min köçkün yeni mənzillə təmin olunmuşdur. Salınan müasir qəsəbələrdə 150 məktəb, 60 tibb mərkəzi və uşaq bağçası inşa edilmişdir”.
Azərbaycanın Birinci vitse-prezidenti soydaşlarımızın işlə təmin olunması istiqamətində atılan addımlardan danışıb, ölkə ərazisindəki bütün çadır düşərgələrinin artıq ləğv olunduğunu söyləyib. Bununla belə, hələ də xeyli məcburi köçkün ailəsinin ağır vəziyyətdə, qəzalı və yararsız binalarda yaşadığını xatırladan M.Əliyeva Prezidentin göstərişi ilə, hər il olduğu kimi, bu il də Dövlət Neft Fondundan yeni qəsəbələrin salınması üçün vəsait ayrıldığını, bu sahədə işlərin sürətləndirilməsi üçün əlavə və təxirəsalınmaz addımların tələb olunduğunu deyib. Bildirib ki, Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməli, bunun üçün yeni binalar inşa olunmalı, həmçinin Bakı və Sumqayıtda tikilmiş yeni binalarda köçkün ailələrini yerləşdirmək üçün mənzillər alınmalıdır.
Müşavirədə indiyə qədər qaçqın və məcburi köçkünlərlə bağlı görülən işlər barədə qısa təqdimat olub. Məlumat verilib ki, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirləri sayəsində 2001-2016-cı illərdə 95 qəsəbə salınıb, 151 məktəb, 58 mədəniyyət müəssisəsi, 59 səhiyyə ocağı və digər infrastruktur obyektləri tikilib. Məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizə enib.
İclasda Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxış edərək, ölkənin ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərlə bağlı ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət siyasətindən, müvafiq dövlət proqramlarının qəbulu və icrası nəticəsində əldə olunan uğurlardan və mövcud problemlərdən danışıb. Bildirib ki, münaqişə ilə üzləşən digər ölkələrdən fərqli olaraq, Azərbaycanda problemin vahid mərkəzdən, sistemli şəkildə idarə olunması mexanizmi işlənib həyata keçirilir: “Bu gün dünyada qaçqın və məcburi köçkün probleminin dövlət tərəfindən idarə olunmasından söz düşəndə, ilk növbədə, Azərbaycan nümunə göstərilir. Azərbaycanın BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin üzvü seçilməsi də bunun əyani ifadəsidir”.
Baş nazirin müavini bu sahə ilə bağlı iki Dövlət Proqramının qəbul edildiyini, 95 yaşayış kompleksinin tikildiyini, 50 min ailə və ya 250 min nəfərdən çox qaçqın və məcburi köçkünün yeni mənzillərlə təmin olunduğunu söyləyib. Bildirib ki, yeni yaşayış məntəqələrində bütün texniki infrastrukturla yanaşı, 150 məktəb, 58 mədəniyyət mərkəzi, 59 uşaq bağçası, 58 tibb məntəqəsi, 2 olimpiya idman kompleksi və min kilometrlərlə yol, su, qaz, elektrik xətləri çəkilib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov çıxışında vurğulayıb ki, son illər həyata keçirilən uğurlu islahatlar, neft gəlirlərindən səmərəli istifadə nəticəsində ölkəmizdə bütün sahələrdə nəzərəçarpacaq irəliləyişlər müşahidə olunur, o cümlədən sosial infrastruktur obyektlərinin yenidən qurulması və əsaslı təmiri sahəsində mühüm addımlar atılıb, hazırkı və gələcək nəsillərin müasir standartlara uyğun təlim-tərbiyəsi, təhsili və digər sosial-mədəni xidmətlərin göstərilməsi, onların sağlamlığının qorunması və sağlam təbii mühitdə yaşamaları üçün əlverişli şərait yaradılıb. Bu sahədə tədbirlər dövlətimizin sosial siyasətinin ana xəttini təşkil edir.
Qeyd edilib ki, Bakı şəhərində 217 118 nəfər qaçqın və məcburi köçkün məskunlaşıb. Onlardan 7870 ailə qəzalı vəziyyətdə olan 117 binada yaşayır. Sumqayıt şəhərində isə qəzalı vəziyyətdə olan 5 binada 354 ailə yaşayır. Fövqəladə Hallar Nazirliyinin rəyinə əsasən, ölkə üzrə 52 bina qəzalı vəziyyətdədir, onlardan 44-ü Bakı şəhərindədir və burada 4 min köçkün ailəsi məskunlaşıb.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtda bu sahədə vəziyyət və görülmüş işlərlə bağlı məlumat verib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva müşavirəyə yekun vurub, qarşıda duran vəzifələrdən danışıb. O qeyd edib ki, ən qəzalı, ən ağır vəziyyətdə olan binalarda yaşayan köçkün ailələri tezliklə yeni binalara köçürülməlidir. Bununla yanaşı, Bakıda və Sumqayıtda artıq inşa edilmiş və mənzilləri boş olan təzə binalarda köçkünlər üçün mənzillər alınmalıdır.
Birinci vitse-prezident qaçqınların və məcburi köçkünlərin işlə təminatı ilə bağlı məsələyə də toxunub, bu sahədə problemlərin tezliklə aradan qaldırılması üçün tapşırıqlar verib.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova