Azərbaycan hemofiliyalı xəstələri dərmanla təmin edən az sayda dövlətlərdəndir

Hemofiliya xəstəliyi üzrə 2016-2020-ci illər üçün Tədbirlər Proqramının həyata keçirilməsi sayəsində qarşıya qoyulmuş bir sıra məqsədlərə nail olunub. Proqramda nəzərdə tutulan əsas məsələlərdən biri belə xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsidir. Belə ki, hazırda hemofiliyanın ilkin diaqnostikası İEQAST proqramına qoşulmuş laboratoriyada aparılır. Həmin müayinələrin nəticələri vaxtaşırı İngiltərənin “Relis” hemostaz laboratoriyası tərəfindən yoxlanılır.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, gələcəkdə hemofiliyadan əlillik hallarının qarşısını almaq məqsədilə ilkin müraciətdən sonra ağır formalı uşaqlarda birincili və ikincili profilaktika aparılır. Həmçinin xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması üçün tədbirlər görülür, onların və ailə üzvlərinin rahatlığı üçün bəzi rayonlarda (Şəki, Şirvan, Gəncədə) hemofiliyalı xəstələrə hematoloji tibbi yardım göstərilməsi təşkil edilib.
Statistik rəqəmlərin yer aldığı məlumatda qeyd edilir ki, ötən il Elmi-Praktiki Hemofiliya Mərkəzində qeydiyyatda olan xəstələrin sayı 1541-ə çatıb. Bunlardan 745 nəfəri Bakı, 76-sı Sumqayıt, 720-si isə digər bölgələrin sakinidir. Bütün hemofiliyalı xəstələrin ilkin diaqnostikası və təkrar müayinələri mərkəzin laboratoriyasında aparılır. 2016-cı ildə 89 ilkin müayinə edilib, 69 xəstədə hemofiliya təsdiq olunaraq dispanser qeydiyyata götürülüb. Dövlət Proqramı çərçivəsində hemofiliyalı xəstələr faktor preparatları ilə tam təmin olunur, stasionar, ambulator və ev şəraitində müalicə alırlar. Əlamətdardır ki, dünya ölkələrinin yalnız 20 faizində hemofiliyalı xəstələr dövlət hesabına faktor preparatları ilə təmin olunurlar. Azərbaycan da bu ölkələr sırasına daxildir.
Məlumatda o da bildirilir ki, keçən il 2847 xəstə müxtəlif qanaxmalarla ev şəraitində ambulator, 307 ağır xəstə isə stasionar müalicə alıb. Bundan başqa, 15-49 yaş arasında olan 950 xəstədən 130-na ağır xəstə kimi ikincili profilaktika aparılıb. Bu o deməkdir ki, xəstələrin oynaqlarında qanaxma və onun fəsadları aradan götürülənə qədər həftədə iki dəfə faktor konsentratı köçürülür. Bir nəfər fəsadlaşmış ingibitor formalı xəstə Avropada tətbiq edilən İTİ proqramı üzrə müalicəyə götürülüb. 5 inhibitor formalı xəstə isə göstərişə uyğun yüksək dozada standart profilaktika müalicəsi alır. 30 hemofiliyalı xəstə üzərində böyük cərrahi əməliyyat olunub.
2011-2016-cı illərdə hemofiliya xəstəliyi səbəbindən ölüm halı qeydə alınmayıb.
Xəbəri paylaş