Səhiyyə nazirinin səyyar qəbul günləri keçirildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, dövlət orqanları rəhbərlərinin bölgələrdə səyyar qəbul günləri təşkil edilir.
Tərtib olunmuş qəbul cədvəlinə müvafiq surətdə, səhiyyə naziri Oqtay Şirəliyev Ucar və Masallı Mərkəzi Rayon Xəstəxanalarında vətəndaşlarla görüşüb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Ucarda qəbul zamanı nazir Ucar, Ağdaş, Ağsu və Kürdəmir rayonlarından olan 11 vətəndaşın sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətlərini dinləyib. Masallıda isə bu rayonla yanaşı, Lənkəran, Yardımlı və Cəlilabaddan olan 16 vətəndaşı qəbul edib.
Qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Müraciətlərin bir çoxu yerindəcə həllini tapıb, digərlərinin həlli üçün müvafiq qurumlara lazımi göstərişlər verilib.
Səhiyyə Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
Xəbəri paylaş