Mehriban Əliyeva Münxen Təhlükəsizlik Konfransının səhiyyə təhlükəsizliyi üzrə panel iclasını izləyib

Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Almaniyada keçirilən 53-cü Münxen Təhlükəsizlik Konfransı çərçivəsində səhiyyə təhlükəsizliyinə həsr olunan panel iclasında iştirak ediblər.
Otuzdan çox dövlət və hökumət başçısının, 80-dən artıq müdafiə və xarici işlər nazirlərinin qatıldığı builki Münxen Təhlükəsizlik Konfransının əsas mövzusu transatlantik münasibətlər olub. Həmçinin beynəlxalq terrorizm, Suriyada müharibə, şərqi Ukraynada münaqişə və Avropada təhlükəsizlik məsələləri, eləcə də iqlim və səhiyyə problemləri müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu prezidentinin və vitse-prezidentinin iştirak etdiyi səhiyyə təhlükəsizliyi üzrə panel-müzakirədə dünyada baş verən epidemiyaların qarşısının alınmasında BMT-nin, Ümumdünya Səhiyyə Təşkilatının birgə səyləri, bu prosesə vətəndaş cəmiyyəti təsisatlarının və özəl sektorun cəlb olunması yolları, epidemiyalarla mübarizədə innovasiya və müasir texnologiyalardan istifadə və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Xəbəri paylaş