Reklam sağlamlığa zərər vurmamalıdır

Reklam sağlamlığa zərər vurmamalıdır


Qanunvericiliyə dəyişikliklər edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dərman vasitələri haqqında”, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” və “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikasının Qanunlarında dəyişiklik edilməsi barədə Milli Məclisin qəbul etdiyi qanunları imzalayıb. Hər dörd qanun əvvəlki sənədləri “Reklam haqqında” Qanuna uyğunlaşdırmaq məqsədi ilə qəbul edilib.
Birinci sənədə əsasən, “Dərman vasitələri haqqında” Qanunun 16-1.1-ci maddəsi aşağıdakı redaksiyada verilir: “Azərbaycan Respublikasında yalnız həkim resepti olmadan buraxılan dərman vasitələri, istifadəsinə (tətbiqinə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları reklam oluna bilər”.
Qanunun 16-1.2.8-ci maddəsi ləğv edilir və 16-1.4 – 16-1.8-ci maddələr əlavə olunur. Buna əsasən, həkim resepti olmadan buraxılan dərman vasitələrinin, tibbi təyinatlı texnikanın, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının reklamı zamanı reklam istehsalçısı və yayıcısı tələb etdikdə reklamvericisi onlara müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş sertifikatın, dərman vasitəsinin dövlət qeydiyyatı vəsiqəsinin, istifadə təlimatının, təlimatda dərmanın buraxılma qaydası göstərilmədiyi hallarda müvafiq məlumat olan sənədin, mənşə sertifikatının, reklamda istinad olunduqda, tədqiqatların nəticələrini təsdiq edən sənədin surətlərini təqdim etməlidir. Həkim resepti olmadan buraxılan dərman vasitələrinin qəbulu və tibbi texnikadan istifadə əlavə təsirlə müşayiət olunduqda, reklamda bu barədə məlumat verilməli, həkimlə yaxud mütəxəssislə məsləhətləşmənin zəruriliyi qeyd edilməlidir. İstifadəsi üçün xüsusi hazırlıq tələb olunan dərman vasitələri, tibbi texnika barədə reklam yalnız tibb sahəsində ixtisaslaşdırılmış mətbu nəşrlərdə, tibb işçiləri və əczaçılar üçün keçirilən tədbirlərdə yayımlana bilər. Dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsi qadağandır. Bioloji fəallığa malik qida əlavələrinin reklamı “Reklam haqqında” Qanunun 30-cu maddəsinə uyğun olaraq həyata keçirilir.
İkinci sənədə görə, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Qanunun 16-cı maddəsi aşağıdakı redaksiyada verilir: “Transplantasiya barədə reklam yalnız tibb sahəsində ixtisaslaşdırılmış mətbu nəşrlərdə, tibb işçiləri və əczaçılar üçün keçirilən tədbirlərdə yayımlana bilər.”.
Üçüncü sənədə əsasən, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanuna narkotik vasitələrin və psixotrop maddələrin reklamını qadağan edən 5.4-cü maddə əlavə olunub.
Dördüncü sənəddə isə “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Qanuna aşağıdakı dəyişikliklər edilib: 10.4-cü və 10.5-ci maddələr ləğv olunub, 10.6-cı maddə redaktə edilərək, “Süni qida məhsullarının reklamının hamilə qadınlar və analar arasında, tibb müəssisələrində yayımlanması qadağandır” kimi verilib.
Qanuna əlavə olunan 10.7 – 10.10-cu maddələrə görə, yalnız sertifikatlaşdırılma barədə sənədləri olduqda, süni qida məhsulları reklam edilə bilər. Bu halda reklamda sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir. Həmçinin onlardan istifadənin yaş məhdudiyyətləri haqqında məlumat verilməli, mütəxəssislərlə məsləhətləşmənin zəruriliyi, ana südünün üstünlüyü qeyd olunmalıdır. Reklam istehsalçısı və reklam yayıcısı tələb etdikdə, reklam sifarişçisi həmin məhsulların uyğunluq, gigiyenik və mənşə sertifikatının, istifadəsinə dair təlimatın, bu təlimatda istifadə qaydası göstərilmədiyi hallarda müvafiq məlumat olan sənədin, reklamda istinad olunduqda, tədqiqatların nəticələrini təsdiq edən sənədin surətini təqdim etməlidir. Qanunda həmçinin bildirilir ki, süni qida məhsullarının reklamının açıq məkanda yerləşdirilməsi qadağandır.
Sənədlərə redaktə xarakterli digər dəyişikliklər də edilib.
Qeyd edək ki, dövlət başçısı “Dərman vasitələri haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” Qanunun tətbiqi haqqında Fərman imzalayıb. Sənəddə Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə qanunların və normativ hüquqi aktların yeni qanuna uyğunlaşdırılmasını təmin etməklə bağlı tapşırıqlar verilir. Həmçinin müəyyən olunur ki, Qanunun 16-1.1-ci və 16-1.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir.
Ölkə rəhbəri həmçinin digər üç qanunun tətbiqi ilə bağlı sərəncamlar da verib.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova