Prezident İlham Əliyev: “Azərbaycan vətəndaşları ən müasir tibbi xidmətə layiqdirlər və bunu görürlər”

Prezident İlham Əliyev: “Azərbaycan vətəndaşları ən müasir tibbi xidmətə layiqdirlər və bunu görürlər”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Zərdab Mərkəzi Rayon Xəstəxanasının (MRX) əsaslı təmirdən sonra istifadəyə verilən yeni binasında yaradılmış şəraitlə tanış olublar.
Zərdab MRX-nın 1988-ci ildə inşa edilmiş, uzun müddət baxımsız vəziyyətdə qalan binasında 2013-cü ildə əsaslı təmir işlərinə başlanıb. Görülən işlər nəticəsində xəstəxananın binası müasir görkəm alıb, zəruri avadanlıqla təchiz olunub.
Səhiyyə naziri Oqtay Şirəliyev Prezident İlham Əliyevə və xanımına məlumat verib ki, xəstəxana əsaslı təmir və yenidənqurmadan sonra 125 çarpayılıq tibb müəssisəsi kimi fəaliyyət göstərəcək. Hazırda burada 57-si həkim olmaqla 530 işçi çalışır.
İki korpusdan və 9 yardımçı binadan ibarət olan xəstəxananın əsas korpusunda cərrahiyyə, ginekologiya, doğum, terapiya, dializ, şüa-diaqnostika, intensiv terapiya, poliklinika və digər şöbələr, ikinci korpusda isə yoluxucu xəstəliklər bölməsi fəaliyyət göstərəcək.
Müasir tibbi avadanlıq və ləvazimatlarla təmin olunan Zərdab Mərkəzi Rayon Xəstəxanasında ətraf rayonlardan gələnlərə də tibbi yardım edilə bilər. MRX-nın laboratoriyası analizlərin dəqiq aparılması üçün zəruri avadanlıqla təchiz olunub.
Xəstəxananın müasir kardioloji və reanimasiya avadanlığı, həmçinin əməliyyatxana üçün səyyar rentgen aparatı vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərməyə imkan verir.
Zərdab Mərkəzi Rayon Xəstəxanasında yaradılan şəraitlə tanışlıqdan sonra dövlət başçısı və xanımı tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.
Görüşdə çıxış edən Prezident İlham Əliyev iştirakçıları salamlayıb, Zərdab rayonunda yenidən olmağından məmnunluğunu ifadə edib: “Bu gün Zərdab rayonunun həyatında çox əlamətdar bir gündür. Uzun fasilədən sonra Mərkəzi Rayon Xəstəxanası artıq vətəndaşların sərəncamına verilir. Çox gözəl işlər görülüb, əsaslı təmir aparılıb. İndi bu xəstəxana ən yüksək standartlara cavab verir. Həm artıq burada bütün abadlıq işləri görülüb və həm də xəstəxana gözəl, müasir avadanlıqla təmin edilib. Əminəm ki, burada göstəriləcək tibbi xidmət də yüksək səviyyədə olacaq.
Mərkəzi Rayon Xəstəxanasının istifadəyə verilməsi onu göstərir ki, biz sosial siyasətimizi bu gün də uğurla həyata keçiririk. Sosial siyasət bizim əsas istiqamətimizdir. İnsanların sağlamlığı, onların ömrünün uzunluğu, sağlam həyat tərzi – bütün bunlar bizim üçün prioritetdir. Azərbaycan vətəndaşları bu gün ən müasir tibbi xidmətə layiqdirlər və bunu görürlər. Son illərdə Azərbaycanda 600-dən çox müasir tibb ocağı tikilib və ya əsaslı təmir edilib. Ölkəmizdə pulsuz müayinədən keçmə siyasəti aparılır. Hər il milyonlarla insan yeni yaradılmış tibb ocaqlarında diaqnostikadan keçir, onlara lazımi xidmət göstərilir və beləliklə, insanlarımız dövlət hesabına öz sağlamlığını qoruyurlar.
Mən əvvəlki illərdə xəstəxanaların açılışlarında dəfələrlə bildirmişdim ki, hər bir insan hər il müayinədən keçməlidir. Artıq biz buna nail olmuşuq. Bu il ölkə üzrə dörd milyondan çox insan müasir xəstəxanalarda müayinədən keçib”.
Dövlət başçısı Zərdab rayonunda insanların sağlamlığı üçün görülən digər tədbirlər haqqında, o cümlədən 4 il əvvəl içməli suyun verilməsi ilə bağlı həyata keçirilmiş çox böyük infrastruktur və sosial layihə barədə danışıb: “Artıq dörd ildir ki, fasiləsiz, Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilir. Bu layihənin məqsədi insanlara xidmət etmək, insanların sağlamlığını qorumaqdır. Burada iştirak edən həkimlər yaxşı bilirlər ki, su insan orqanizmi üçün çox əhəmiyyətli məsələdir və təmiz içməli su insanların sağlamlığına bilavasitə müsbət təsir göstərir”.
Ölkə rəhbəri Zərdab rayonunun inkişafı üzrə nəzərdə tutulan proqramlardan da söz açıb. O qeyd edib ki, bəzi ölkələrdən fərqli olaraq, Azərbaycanda əhali artır. İqtisadi inkişafın təzahürü olan bu proses yeni iş yerlərinin açılmasını tələb edir. O cümlədən bu xəstəxanada yaradılan iş yerləri də işsizliyi aşağı səviyyədə saxlamaq üçün görülən işlərdəndir.
Azərbaycan Prezidenti vurğulayıb ki, sosial məsələlərin həlli bundan sonra da dövlət siyasətində prioritet olacaq: “Neftin qiymətinin 3-4 dəfə düşməsinə baxmayaraq, Azərbaycanda belə gözəl tibb ocaqları yaradılır. Ehtiyac meyarı artırılacaq, digər sosial proqramlar gələn il də artıqlaması ilə icra ediləcək”.
Prezident İlham Əliyev çıxışının sonunda bu gözəl hadisə - yeni xəstəxananın açılışı münasibətilə hər kəsi bir daha təbrik edib.
Görüşdə xəstəxananın kollektivi adından çıxış edən həkim Esmira Tağıyeva dövlət başçısını Zərdab rayonunun tibb işçiləri adından salamlayıb, onun bu tibb müəssisəsinin açılışında iştirakına görə məmnunluğunu və minnətdarlığını bildirib. Qeyd edib ki, ötən əsrin 80-ci illərində inşa olunan, öz dövrünə görə ən gözəl binalardan biri hesab edilən xəstəxana binası illər ötdükcə fiziki aşınmaya məruz qalıb və ciddi təmirə ehtiyac yaranıb: “Cənab Prezident, Sizin sayənizdə xəstəxanamız yüksək səviyyədə təmir edildi və ən müasir tibbi avadanlıqla təchiz olundu. Belə gözəl bir xəstəxananı bizə bəxş etdiyiniz üçün Sizə və bu işlərdə Sizin ən yaxın köməkçiniz olan Mehriban xanıma rayon ictimaiyyəti adından dərin minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, bundan sonra bu gözəl şəraitdə daha yaxşı işləyəcək, etimadınızı doğrultmağa çalışacağıq”.
Sonra rayon sakini Fiqurə Abbasova çıxış edərək, Zərdabın inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova