İlham Əliyev: “Xalqımız sizinlə fəxr edir”

İlham Əliyev: “Xalqımız sizinlə fəxr edir”

Azərbaycan Prezidenti Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərə baş çəkib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında olub, orada müalicə olunan yaralı hərbçilərlə görüşüb, onların səhhəti ilə maraqlanıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib və bildirib ki, cəbhənin təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla döyüşən və yaralanan hərbçilərin bir hissəsi müalicə olunmaq üçün bu hərbi hospitala gətirilib. Hazırda onların müalicəsi istiqamətində zəruri tədbirlər görülür. Hospitalın tibb heyəti onların tezliklə sağlamlıqlarına qovuşmaları üçün gecə-gündüz əllərindən gələni edirlər.
Dövlət başçısı cəbhənin təmas xəttində gedən döyüşlərdə yaralanan hərbçilərlə görüşüb, onların vəziyyəti, göstərilən tibbi xidmətin keyfiyyəti ilə maraqlanıb: “Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi, düşmən təxribatının qarşısını aldı. Təmas xəttində yaranmış vəziyyət onu göstərir ki, doğrudan da Azərbaycan Ordusu, Azərbaycan əsgəri, zabiti böyük işlərə qadirdir, qəhrəmandır. Ərazi bütövlüyümüzün bərpası hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Sizin kimi övladlar Vətənin şöhrətini ucaldırlar... Siz Vətən uğrunda vuruşmusunuz, xəsarət almısınız, yaralanmısınız. Vətən bunu yüksək qiymətləndirir. Xalqımız sizinlə fəxr edir. Ali Baş Komandan kimi sizə minnətdarlığımı bildirirəm“.
Əsgərlər sağalan kimi yenidən vuruşmağa hazır olduqlarını bildiriblər: “Arzumuz budur ki, torpaqlarımızı azad edək. Bu gün burada yaralı olsaq da, qəlbimiz cəbhə xəttindədir. Döyüşlərdə iştirak etmək, torpaqlarımızı azad etmək istəyirik.
Sonra Prezident İlham Əliyev şəhid ailələrinin və yaralıların yaxınlarının bir qrupu ilə görüşüb.
Erməni işğalçılarının dövlətimizə qarşı növbəti silahlı təxribat törətdiyini, hərbi mövqelərimizə hücum çəkdiyini, mülki əhalini, kəndlərimizi atəşə tutduğunu söyləyən dövlət başçısı bildirib ki, qəhrəman Azərbaycan Ordusu, qəhrəman əsgərlərimiz, zabitlərimiz düşmənə layiqli cavab veriblər, təxribatın qarşısını alıb, təmas xəttində üstünlüklərini möhkəmləndiriblər: „Biz öz torpağımızda vuruşuruq, öz torpağımızı qoruyuruq. Bizim işimiz haqq işidir. Azərbaycan Ordusu bu dəfə də düşmənə yerini göstərdi, onu yerinə oturtdu“.
Ölkə rəhbəri vurğulayıb ki, bu gün biz döyüşlərdə tam üstünlüyü əldə etsək də, siyasi, iqtisadi cəhətdən bölgədə Ermənistanla müqayisədə əhəmiyyətli dərəcədə irəliyə getsək də, bəyan etmişik ki, atəşkəsi bərpa eləməyə, danışıqlar prosesinə hazırıq: „Bu təxribatı erməni tərəfi ona görə törədib ki, onlara beynəlxalq ictimaiyyət, bu məsələ ilə məşğul olan vasitəçilər tərəfindən təzyiqlər artır. Artıq heç kimə sirr deyil ki, vəziyyət nədən ibarətdir – kim işğalçıdır, kim işğalın qurbanıdır. Danışıqlar prosesini pozmaq üçün onlar bu təxribata əl atdılar. Bu təxribat nəticəsində biz şəhidlər verdik. Yaralılar var. Ancaq ... düşmənə çox böyük sarsıdıcı zərbə vurulubdur. Bunun günahkarı onlar özləridir“.
Bu gün döyüşlərdə qəhrəmancasına vuruşmuş hərbçilərlə görüşdüyünü, onları təbrik etdiyini, bir vətəndaş, Ali Baş Komandan, Prezident kimi onlara Azərbaycan xalqı, dövləti adından təşəkkürünü bildirdiyini söyləyən İlham Əliyev „Biz onlarla fəxr edirik“ deyib. Eyni zamanda, yaralı əsgər və zabitlərin valideynlərinə müraciət edərək, Vətən üçün belə vətənpərvər, bacarıqlı, cəsarətli övladlar böyütdüklərinə görə minnətdarlığını bildirib, onların tezliklə sağalmasını arzulayıb: „Onlar indi yaralı vəziyyətdə yenə də tezliklə buradan çıxıb döyüş bölgələrinə getmək istəyirlər. Bu, Azərbaycan xalqının ucalığıdır. Bu göstərir ki, bizim xalqımız nə qədər dəyərlidir, mətindir, vətənpərvərdir“.
Yaralıların yaxınları daim Azərbaycan Prezidentini dəstəklədıklərini, lazım gəlsə, övladları ilə bərabər Vətənin müdafiəsi uğrunda döyüşməyə hazır olduqlarını söyləyiblər.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova