Səhiyyə naziri Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, dövlət orqanları rəhbərlərinin bölgələrdə təşkil edilən səyyar qəbul günlərinin qrafikinə əsasən, səhiyyə naziri Oqtay Şirəliyev Mingəçevir Şəhər Xəstəxanasında vətəndaşlarla görüşüb.
Səhiyyə naziri Mingəçevir şəhəri ilə yanaşı, Bərdə, Şəki, Yevlax və Goranboy rayonlarından olan 41 nəfər sakini qəbul edib. Müraciətlər əsasən sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı olub.
Qəbulda qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə araşdırılıb, onların bəziləri yerindəcə həll edilib, digərlərinin öz həllini tapması üçün göstərişlər verilib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.