Prezident İlham Əliyev: “Elə bir rayon qalmayacaq ki, orada müasir tibb ocağı olmasın”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Ağsu Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib.
Azərbaycan dövlətinin sosial siyasətinin başlıca istiqamətlərindən olan səhiyyə sektorunun inkişafı, regionlarda yaşayan əhalinin keyfiyyətli tibbi xidmətlərlə təmin olunması məqsədilə bölgələrdə bütün növ müayinə və müalicələri, əməliyyatları həyata keçirməyə imkan verən yeni səhiyyə müəssisələri yaradılır. Ağsu Rayon Mərkəzi Xəstəxanası üçün yeni binanın inşası da bu prosesin bariz təzahürüdür.
Prezident İlham Əliyev xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib.
Dövlət başçısına görülmüş işlər barədə məlumat verən səhiyyə naziri Oqtay Şirəliyev bildirib ki, 160 çarpayılıq Ağsu Rayon Mərkəzi Xəstəxanasının tikintisi 2012-ci ildə başlanıb və 2015-ci ilin sonunda başa çatdırılıb. Əsas bina, yoluxucu xəstəliklər korpusu və 15 çarpayılıq vərəm dispanserindən ibarət olan xəstəxanada doğum, terapiya, cərrahiyyə, pediatriya, anesteziologiya-reanimasiya, patoloji anatomiya, poliklinika şöbələri fəaliyyət göstərəcək. Bundan əlavə, şüa diaqnostikası, hemodializ və laboratoriya şöbələri də xəstələrin istifadəsində olacaq. Bu şöbələrin hamısı tibbin son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilib.
Sonra Prezident İlham Əliyev Ağsu Rayon Mərkəzi Xəstəxanasının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Mərasim iştirakçılarını salamlayan dövlət başçısı yeni xəstəxananın dünyanın ən yüksək standartlarına cavab verdiyini söyləyib: “Bina çox gözəldir, yaraşıqlıdır, Ağsu şəhərinə əlavə yaraşıq verir”.
Ağsu RMX-nın Azərbaycanda son vaxtlar tikilən ən böyük xəstəxanalardan biri olduğunu qeyd edən ölkə rəhbəri burada çalışan həkimlərin yüksək xidmət göstərəcəklərinə, insanlara qayğı ilə yanaşacaqlarına, artıq onların başqa yerlərə müalicə almaq üçün getməyə ehtiyacının olmayacağına əminliyini bildirib: “Mənə verilən məlumata görə, Ağsuda 20-yə yaxın dializ xəstəsi var ki, onlar müalicə almaq üçün mütəmadi qaydada Şamaxı xəstəxanasına gedirdilər. İndi buna ehtiyac qalmır. Bütün müalicələr burada aparılacaqdır”.
Xəstəxananın tikintisi ilə bağlı bir neçə il əvvəl müvafiq göstəriş verildiyini, bina yarımçıq qaldığı üçün keçən il Prezidentin ehtiyat fondundan əlavə vəsait ayrıldığını xatırladan İlham Əliyev artıq altı aydan sonra xəstəxananın açılmasını “gözəl hadisə” adlandırıb: “Bu onu göstərir ki, Azərbaycanda sosial məsələlər uğurla həll olunur. Sosial məsələlərdən səhiyyə, əlbəttə ki, ön plandadır. Son illər ərzində Azərbaycanda 500-dən çox xəstəxana, tibb ocağı tikilib və ya əsaslı şəkildə təmir edilib. İnsanlara gözəl xidmət göstərmək üçün bütün imkanlar var. Bir neçə ildir ki, mənim göstərişimlə ölkə üzrə dispanserləşdirmə aparılır, insanların müayinədən keçməsi işləri lazımi səviyyədə görülür. Bu il 5 milyona yaxın insan müayinədən keçibdir və mənə verilən məlumata görə, onların 91 faizi tam sağlamdır. Səkkiz faiz isə ambulator müalicə ilə təmin edilibdir. O cümlədən Ağsu rayonunda 50 mindən çox insan pulsuz müayinədən keçibdir. Bu, əlbəttə ki, bir daha Azərbaycanın sosial siyasətini göstərir. Çünki insanların sağlamlığı ən vacib məsələdir. İnsanların sağlamlığı üçün, əlbəttə ki, vaxtında müayinədən, diaqnostikadan keçmək, analizləri vermək lazımdır. Əgər hər hansı bir xəstəlik aşkar olunarsa, çox gözəl tibbi xidmət göstərilməlidir. Biz bu məsələlərə kompleks şəkildə yanaşırıq və bu gün Azərbaycanın, demək olar ki, bütün bölgələrində, rayonlarımızın mütləq əksəriyyətində ən müasir standartlara cavab verən xəstəxanalar var. Əlbəttə, yaxın bir-iki il ərzində elə bir rayon qalmayacaq ki, orada müasir tibb ocağı olmasın“.
Dünyada iqtisadi, maliyyə böhranı yaşandığını, neftin qiymətinin 4 dəfə aşağı düşdüyünü qeyd edən Azərbaycan Prezidenti bütün bunlara baxmayaraq, dövlətimizin sosial məsələlərin həllini daim diqqət mərkəzində saxladığını söyləyib: “Bu il Azərbaycanda maaşlar və pensiyalar 10 faiz artırılıbdır. İnsanların sağlamlığını şərtləndirən su layihələri icra olunur“. O cümlədən, Ağsu rayonunda keçən il içməli su layihəsinin həyata keçirildiyini xatırladan dövlət başçısı indi burada şəhər əhalisinin Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun fasiləsiz içməli su ilə təmin edildiyini, bir neçə kəndin də bu şəbəkəyə qoşulduğunu deyib: “Təmiz ekoloji vəziyyət, ekologiya tədbirləri də insanların sağlamlığı üçün çox vacibdir və bu da Ağsuda var. Çünki Ağsunun gözəl təbiəti, havası, əlbəttə ki, insanın sağlamlığına gözəl şərait yaradır“.
Sosial məsələlərin həlli üçün güclü iqtisadi imkanların olmasının zəruriliyini vurğulayan ölkə rəhbəri Azərbaycanın bu istiqamətdə lider olduğunu, dünya miqyasında iqtisadi artım templərinə görə ön planda olduğumuzu yada salıb. Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlardan, biznes mühitinin yaxşılaşdırılması, işsizliyə qarşı mübarizə, sənaye potensialının artırılması, kənd təsərrüfatının inkişafı və s. məsələlərdən danışıb.
Çıxışının sonunda Prezident İlham Əliyev deyib: “Hesab edirəm ki, bu gün tarixdə qalacaq. Təkcə ona görə yox ki, Ağsuda belə gözəl, yaraşıqlı, əzəmətli tibb ocağı yaradılıb. Ona görə ki, hətta böhranlı illərdə, müəyyən çətinliklərlə üzləşdiyimiz bir dövrdə yenə də biz sosial məsələləri, insanların sağlamlığını ön planda saxlayırıq. İnsanlar üçün belə gözəl memarlıq əsərləri yaradırıq. İnsanlar yaxşı yaşasınlar, dolanışıq daha yaxşı olsun, yaxşı tibbi xidmət alsınlar. Eyni zamanda, bu xəstəxana, əlbəttə ki, həkimlərin iş yeridir. Sizin üçün də gözəl şərait yaradılıbdır. Çünki əvvəlki rayon xəstəxanasının vəziyyəti, - siz məndən yaxşı bilirsiniz, - o qədər də ürəkaçan deyildi. Yeni binada isə şərait çox gözəldir. Belə də olmalıdır. Çünki bu tibb ocağı insanlara xidmət göstərir.
Sizi bir daha salamlayıram və bu gözəl hadisə münasibətilə təbrik edirəm”.
Ağsu Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Şəhrabanu Məlikova diqqət və qayğıya, müasir tələblərə cavab verən xəstəxana binasına görə Prezident İlham Əliyevə Ağsu sakinləri və tibb ocağının kollektivi adından minnətdarlıq edib.