Azərbaycan Prezidenti silahlı qüvvələrin təmas xəttində olub və yaralılarla görüşüb
Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarına səfər ediblər.
Əvvəlcə Tərtər rayonundakı “N” saylı hərbi hissəyə gələn Ali Baş Komandan İlham Əliyevə müdafiə naziri Zakir Həsənov təmas xəttindəki son vəziyyət barədə məlumat verib.
Dövlət başçısı hərbi hissənin qərargahı, yeməkxanası, kazarması ilə tanış olub.
Sonra hərbi hissənin şəxsi heyəti ilə görüşən Ali Baş Komandan təmas xəttində baş verən son hadisələrdən danışıb, üstünlüyün tamamilə Azərbaycan tərəfində olduğunu deyib, dövlətimizin ordu quruculuğu ilə bağlı əvvəlcədən gördüyü hərtərəfli tədbirlərin özünü doğrultduğunu vurğulayıb.
Müdafiə naziri Zakir Həsənov ordunun döyüş hazırlığının yüksək səviyyədə olduğunu, Ali Baş Komandanın əmrini yerinə yetirməyə hər an hazır və qadir olduğunu bildirib.
Ali Baş Komandan təmas xəttində Ermənistan ordusunun törətdiyi təxribatların qarşısını alarkən şücaət göstərmiş döyüşçülərə hədiyyələr təqdim edib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 27-dən 28-nə keçən gecə işğalçı Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində zərər çəkmiş Tərtər şəhərinin Fikrət Əmirov küçəsində dağılmış evlərə baxıblar.
Məlumat verilib ki, ermənilərin törətdiyi vəhşiliklər nəticəsində Tərtərin yaşayış məntəqələrində 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağıdılıb.
Dövlət başçısı və xanımı cəbhə xəttinin 200 metrliyində yerləşən Tərtər rayonunun Qapanlı kəndinə də gəliblər. Düşmənin açdığı atəş nəticəsində bu kənddə 55 evə ziyan dəyib, onlardan 14-ü tamamilə dağıdılıb.
Daha sonra Ağdam rayonunun qoşunların təmas xəttində yerləşən Mahrızlı kəndinə gələn Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan ordusunun vəhşilikləri nəticəsində kənddə yaranmış vəziyyətlə tanış olublar.
Sakinlərlə görüş zamanı Ermənistanın təxribatına Azərbaycan Ordusunun layiqli cavab verdiyini deyən Prezident İlham Əliyev düşmənlə üzbəüz mövqelərdə yerləşən yaşayış məntəqələrinin sakinlərinin fədakarlıqlarını, cəsarətini və torpağa bağlılıqlarını xüsusi vurğulayıb, bunu əsl vətəndaşlıq nümunəsi kimi dəyərləndirib. Bütün rayonlarda dağılmış evlərin, sosial obyektlərin tezliklə bərpa olunacağını bildirib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bərdə şəhərindəki Müalicə-Diaqnostika Mərkəzində də olublar, yaralılara baş çəkiblər.
Düşmənin dinc əhalini hədəfə alması nəticəsində Ağdamın Çəmənli və Qaradağlı kəndlərinin yaralanmış 3 sakini burada müalicə olunur.
Dövlət başçısı və xanımı onların vəziyyəti ilə maraqlanıblar, tezliklə sağalmalarını arzulayıblar.