Prezident İlham Əliyev bir sıra Qanun və Sərəncamlar imzaladı

Prezident İlham Əliyev bir sıra Qanun və Sərəncamlar imzaladı

C.Ə.Əliyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında səhiyyə sisteminin təkmilləşdirilməsi və tibb elminin inkişafındakı xidmətlərinə görə Cəmil Əziz oğlu Əliyev “Şərəf” ordeni ilə təltif edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 mart 2016-cı il


***


Məhkəmə tibbi ekspertlərin maaşları artırıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Sərəncam verib.
Bu sənədə əsasən, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə müxtəlif nazirliklərin tabeliyində olan 14 qurumda rəhbər və digər işçilərin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) aylıq vəzifə maaşları 2016-cı il martın 1-dən orta hesabla 10 faiz artırılıb.
Bu təşkilatların sırasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan 2 qurum da var. Bunlar Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzidir.
Sərəncama əsasən, adı çəkilən 14 təşkilatın rəhbər və digər işçilərinin vəzifə maaşlarının yeni məbləğlərini müəyyən etmək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə olunub.


***


Tibbi sığorta haqqında qanunvericiliyə dəyişiklik edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisin qəbul etdiyi ““Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunu imzalayıb.
Yeni sənədə əsasən, adı çəkilən Qanunun 6-cı maddəsinin doqquzuncu abzası ləğv edilib.
Dövlət başçısı həmçinin yeni qanunun tətbiqi ilə bağlı Sərəncam da imzalayıb. Bu sənəddə Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə qanunvericilik və normativ hüquqi aktların yeni Qanuna uyğunlaşdırılması məqsədi ilə tapşırıqlar verilib.


***


Qadın tibb işçiləri təltif edildilər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə ölkəmizin ictimai həyatında, təhsil, səhiyyə və mədəniyyət sahələrində səmərəli fəaliyyətlərinə görə bir sıra qadını mükafatlandırmaq məqsədilə iki sərəncam – “Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında” və “Azərbaycan qadınlarının təltif edilməsi haqqında” Sərəncamlar imzalayıb.
Fərəhlidir ki, birinci sənədə əsasən fəxri adlar alanlar arasında Sabunçu rayon Sağlamlıq Mərkəzinin baş həkimi Esmiralda Abdullayeva da var. Abdullayeva Esmiralda Əjdər qızı “Əməkdar həkim” fəxri adı ilə təltif olunub.
“Azərbaycan qadınlarının təltif edilməsi haqqında” Sərəncamla isə Professor Gindes adına Respublika Uşaq Vərəm Sanatoriyasının baş həkimi Həmid-zadə Məsrurə Rzabala qızı “Tərəqqi” medalı ilə təltif edilib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova