Dövlət başçısı icbari tibbi sığorta ilə bağlı Fərman verdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Fərman imzalayıb.
Sənədə əsasən, adıçəkilən qurumun fəaliyyətini təmin etmək məqsədi ilə onun strukturu və Əsasnaməsi təsdiq edilir.
Əsasnamədə qurumun fəaliyyət istiqamətləri, vəzifələri, hüquqları, fəaliyyətinin təşkili kimi müddəalar yer alıb. Bildirilir ki, Agentliyin əsas fəaliyyət istiqamətləri icbari tibbi sığorta sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini, icbari tibbi sığorta sahəsinin inkişafını təmin etmək, tibbi xidmətlərdən istifadə edilməsində əhali üçün bərabər şərtlərin yaradılması, onun əlçatan olması, əhalinin sağlamlığının qorunması və yaxşılaşdırılması məqsədilə tibbi xidmətlərin keyfiyyət və səmərəliliyinin artırılması istiqamətində tədbirlər görməkdir.
Fərmanda həmçinin digər normativ aktları bu sənədə uyğunlaşdırmaq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi işçilərinin say həddini müəyyənləşdirmək və s. barədə Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə tapşırıqlar verilir.