Prezident İlham Əliyev Gəncədə 1 nömrəli Şəhər Xəstəxanasında yaradılan şəraitlə tanış oldu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncəyə şəfəri çərçivəsində burada Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasına gəlib, bu tibb ocağında aparılmış əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
Ölkəmizin digər bölgələrindəki tibb müəssisələrində olduğu kimi, Gəncədəki Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasının əsaslı təmiri Azərbaycanda səhiyyə sahəsində görülən tədbirlərin bir hissəsi və məntiqi davamıdır. Bu xəstəxananın yenidənqurmadan sonra istifadəyə verilməsi Gəncə sakinlərinin yüksək səviyyəli səhiyyə xidmətlərindən yararlanmasına geniş imkanlar açır.
Səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısına məlumat verib ki, 245 çarpayılıq xəstəxana binasında cərrahiyyə, travmatologiya, urologiya, terapiya, hemodializ, nevrologiya, ginekologiya, dəri-zöhrəvi şöbələri fəaliyyət göstərəcək. Bundan başqa, tibb müəssisəsində rentgen, fizioterapiya, laboratoriya, ultrasəs müayinə, EKO bölmə və kabinetləri də yaradılıb. Xəstəxanada nüvə maqnit rezonans tomoqrafiyası, rəqəmsal rentgen cihazı, immunoferment analizatoru, biokimyəvi analizator, tibbi texnologiyaların ən son nailiyyətləri olan digər avadanlıq və cihazlar quraşdırılıb ki, bunların hesabına ən dəqiq laborator analizlər aparmaq və diaqnoz qoymaq mümkündür.
Tibb ocağında müalicə işini də ən yüksək səviyyədə həyata keçirmək üçün hərtərəfli imkan var. Buradakı avadanlıq dünyanın aparıcı ölkələrinin tibb cihazları istehsalı ilə məşğul olan nüfuzlu şirkətlərinin məhsuludur. Xəstəxanada 370 tibb işçisi çalışır ki, onların 56-sı həkimdir. Tibb müəssisəsinin xidmətlərindən təkcə Gəncənin deyil, ətraf rayonların da əhalisi istifadə edə biləcək.
Prezident İlham Əliyev səhiyyə ocağının ayrı-ayrı şöbələrində yaradılmış şəraitlə tanış olub, əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.