Səhiyyə naziri Ucarda vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, dövlət orqanları rəhbərlərinin bölgələrdə keçirilən səyyar qəbul günləri qrafikinə əsasən, səhiyyə naziri Oqtay Şirəliyev Ucar rayonunda olub.
Burada Rayon Mərkəzi Xəstəxanasında vətəndaşları qəbul edən nazir onların sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Görüşdə Ucar rayonu ilə yanaşı, Göyçay, Ağdaş, Ağsu və Zərdab rayonlarının sakinləri də iştirak ediblər.
Vətəndaşların müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Onların bəziləri yerindəcə həllini tapıb, digərlərinin həlli üçün müvafiq göstərişlər verilib.
Səhiyyə Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyətli qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.