Prezident İlham Əliyev: “Biz elə sistem yaratmalıyıq ki, xaricdən Azərbaycana müalicəyə gəlsinlər”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublika Xəstəxanasının açılışında iştirak edib.
Naxçıvan səhiyyəsində həmişə mühüm rol oynayaraq şərəfli yol keçən bu tibb müəssisəsi 1920-ci ildən şəhər xəstəxanası kimi fəaliyyətə başlayıb, 1950-ci ildən isə Respublika Xəstəxanasına çevrilib. Ümummilli lider Heydər Əliyevin dəstəyi ilə 1979-cu ildə tikilməyə başlanan, 1987-ci ildə istifadəyə verilən indiki xəstəxana binası bu illər ərzində yararsız hala düşdüyünə görə 2013-cü ilin əvvəlindən etibarən burada əsaslı təmir və yenidənqurma işləri görülüb.
Dövlət başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib və tibb ocağı ilə tanış olub.
Səkkizmərtəbəli bina ən son tibbi avadanlıqlarla təchiz olunub. 300 çarpayılıq xəstəxanada 14 stasionar şöbə, pulmonologiya, qastroenterologiya, hemodializ kimi 3 stasionar bölmə, laboratoriya, poliklinika, Mərkəzi Qan Bankı və s. fəaliyyət göstərir. 130 həkimin, 467 orta və kiçik tibb işçisinin çalışdığı xəstəxanada elmi-tibbi kitabxana, tələbələr üçün auditoriyalar, iclas və kompüter zalları da yaradılıb. Xəstəxananın köməkçi binasında MRT və digər zəruri tibbi müayinələr aparmaq mümkün olacaq.
Prezident İlham Əliyev xəstəxananın kollektivi və Naxçıvan ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Görüşdə hər kəsi salamlayan Prezident İlham Əliyev yenidən Naxçıvanda olmağından məmnunluğunu ifadə edib, çox gözəl, müasir xəstəxananın açılması münasibətilə Muxtar Respublikanın sakinlərini təbrik edib: “Xəstəxananın xarici görünüşü çox gözəldir, əzəmətlidir, bir memarlıq əsəridir. Eyni zamanda, burada quraşdırılan avadanlıq ən yüksək standartlara cavab verir, ən qabaqcıl firmaların istehsalı olan avadanlıq quraşdırılıb. Çox gözəl dizaynı var. İnteryer, palatalar, əməliyyat otaqları, dializ bölməsi də gözəldir. Bu xəstəxananın istifadəyə verilməsi ilə Naxçıvanda səhiyyə infrastrukturunun yaradılması prosesi başa çatır. Çünki bu günə qədər həm diaqnostika mərkəzi tikilib istifadəyə verilmişdir, doğum mərkəzi tikilmişdir və bütün rayonlarda müasir xəstəxanalar artıq var, fəaliyyət göstərir. Bu da son bir mərhələ idi. Buna böyük ehtiyac var idi. Respublika Xəstəxanası yaxşı vəziyyətdə deyildi, çoxdan tikilmişdi, köhnəlmişdi və yeni xəstəxananın tikilməsinə böyük ehtiyac var idi.
Bu, doğrudan da, çox əlamətdar hadisədir və bir daha göstərir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun rahatlığı, sağlamlığı dayanır. İnsan sağlamlığı üçün nə lazımdırsa, Azərbaycanda biz bunu edirik. Son illər ərzində ölkə üzrə 500-dən çox tibb müəssisəsi tikilmiş və təmir edilmişdir”.
Azərbaycanda səhiyyə ilə bağlı kompleks tədbirlərin görüldüyünü deyən ölkə başçısı ilk növbədə səhiyyə infrastrukturunun yaradılmasını, müasir avadanlıqların alınmasını, həkimlərin hazırlığı istiqamətində işlər aparılmasını xatırladıb. Qeyd edib ki, görülən işlər səhiyyə sistemini təkmilləşdirib, ancaq hələ görüləsi işlər də çoxdur: “Biz elə etməliyik ki, Azərbaycanın hər bir yerində insanlar keyfiyyətli tibbi xidmət ala bilsinlər. Bəzi hallarda bəzi vətəndaşlar müalicə üçün xaricə üz tuturlar. Biz elə sistem yaratmalıyıq ki, əksinə, xaricdən Azərbaycana müalicə və müayinə üçün gəlsinlər. Əminəm ki, bu xəstəxanada müalicə üçün qonşu ölkələrdə yaşayan, Naxçıvana yaxın bölgələrdən vətəndaşlar da gələ bilərlər və gələcəklər”.
Prezident İlham Əliyev insan sağlamlığı üçün çox vacib olan ekologiya ilə bağlı məsələlərin də öz həllini tapdığını söyləyib. Bütövlükdə Naxçıvanda görülən işlərdən razı qaldığını bildirib.
Bütün dünyada maliyyə-iqtisadi böhran, bəzi ölkələrdə siyasi-hərbi böhran hökm sürdüyünü, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsini xatırladan dövlət rəhbəri buna baxmayaraq, Azərbaycanda quruculuq və inkişafın sürətlə getdiyini deyib: “Hətta böhranlı illərdə bu gözəl xəstəxanaya böyük həcmdə maliyyə vəsaiti ayrılmışdır. ...Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, rifahı, sağlamlığı və təhlükəsizliyi dayanır”.
Çıxışının sonunda Naxçıvanın uğurlarına görə bölgə sakinlərini təbrik edən Prezident İlham Əliyev onlara yeni qələbələr arzulayıb.
Görüşdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin siyasəti ilə reallaşdırılan sabit və davamlı inkişafdan, onun tərkib hissəsi kimi, Naxçıvan Muxtar Respublikasında görülən işlərdən danışıb. Bu quruculuq tədbirlərinin himayəçisi olan dövlət başçısının muxtar respublikaya səfərləri zamanı elm, təhsil və mədəniyyət, idman, səhiyyə, sosial təminat və s. sahələri əhatə edən 120-dən çox obyektin açılışında iştirak etdiyini söyləyib. Budəfəki səfəri çərçivəsində bölgənin inkişafına yönəlmiş bir sıra həyati vacib obyektlərin istifadəyə verildiyini qeyd edən V.Talıbov Naxçıvan Muxtar Respublikasının inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.