Qanunvericilikdə səhiyyə ilə bağlı dəyişikliklər edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səhiyyə ilə əlaqədar olan bir sıra qanunvericilik aktlarında dəyişikliklərlə bağlı Milli Məclisin qəbul etdiyi qanunları təsdiqləyib.
“Özəl tibb fəaliyyəti haqqında” Qanunu “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda edilmiş dəyişikliklərə uyğunlaşdırmaq məqsədi ilə onun 4-cü və 16-cı maddələrinə əlavələr edilib. O cümlədən vurğulanır ki, “Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir”.
Azərbaycan Respublikasının“Narkoloji xidmət və nəzarət haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunlarına və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin məcburi müalicəyə cəlb olunması ilə bağlıdır. İnzibati Xətalar Məcəlləsində həmçinin qeyd edilir ki, məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra Səhiyyə Nazirliyinin tabeliyindəki ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar.
Cinayət Məcəlləsinə psixi pozuntusu olan şəxslərə, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi ilə bağlı dəyişikliklər olunub.
Cəzaların İcrası Məcəlləsinə dəyişiklik isə buraya əlavə edilən “Alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin xüsusiyyətləri” maddəsidir. Əlavədə o cümlədən qeyd olunur ki, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilmiş, bununla yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin olunmuş şəxslərin müalicəsi Səhiyyə Nazirliyinin tabeliyindəki ixtisaslaşdırılmış tibb müəssisələri tərəfindən həyata keçirilir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev adı çəkilən bütün qanunların tətbiqi barədə sərəncam və fərmanlar da imzalayıb.