Ucar RMX-nın yeni binası istifadəyə verilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ucar Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib.
Dövlət başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdikdən sonra ona aparılan tikinti işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni xəstəxana üçün 4 korpusdan ibarət ikimərtəbəli kompleks tikilib.
Prezident İlham Əliyev tibb ocağında yaradılan şəraitlə tanış olub.
Xəstəxanada cərrahiyyə, terapiya, pediatriya, ginekologiya, reanimatologiya, diaqnostika, fizioterapiya, qəbul şöbələri, konsultativ poliklinika, perinatal mərkəz, laboratoriya, təcili tibbi yardım stansiyası tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin olunub. 118 çarpayılıq bu tibb ocağında 340 tibb işçisi, o cümlədən 80 həkim çalışacaq.