Prezident İlham Əliyev: “İnsan sağlamlığı sosial məsələlər arasında ən birinci yerdədir və bu gün Azərbaycanda bu sahədə gözəl nəticələr var”
Göyçay RMX əsaslı təmirdən sonra istifadəyə verilib
Azərbaycanı modern texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini qarşıya qoyan Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizin regionlarında da səhiyyə müəssisələri ən müasir səviyyədə yenidən qurulur.
Dövlət başçısı bu günlərdə Göyçay Rayon Mərkəzi Xəstəxanasının binasında əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Respublikasının Prezidentinə məlumat verib ki, dördmərtəbəli, 170 yerlik xəstəxana və ikimərtəbəli konsultativ poliklinika əsaslı şəkildə yenidən qurulub. Əsas, yoluxucu xəstəliklər və digər korpuslardan ibarət xəstəxananın müalicə korpusunda qəbul, şüa-diaqnostika, rentgen, kompüter tomoqrafiyası, ginekologiya, urologiya, travmatologiya, terapiya, anesteziologiya-reanimasiya şöbələri, cərrahi əməliyyat bloku və laboratoriya var.
Rayon Mərkəzi Xəstəxanası ən müasir tibbi avadanlıq və ləvazimatlarla təmin olunub. Xəstəxanada və poliklinikada 102 həkim və 223 tibb işçisi əhaliyə xidmət göstərir. Tibb müəssisəsi müasir kompüter tomoqrafiyası, qrafik və skopik rentgen, rəqəmsal flüoroqrafiya aparatları ilə təchiz edilib. Burada dünyanın aparıcı ölkələrində istifadə edilən ultrasəs müayinə, süni nəfəs, narkoz, fizioterapiya və tibbi bərpa, otorinolarinqologiya, stomatologiya və oftalmologiya aparatları quraşdırılıb. Xəstəxananın müasir reanimasiya və kardioloji avadanlığı, həmçinin əməliyyatxana üçün səyyar rentgen aparatı vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərməyə imkan verir. Səhiyyə ocağının laboratoriyası da analizlərin dəqiq aparılması üçün zəruri avadanlıqla təchiz edilib.
Xəstəxana ilə tanışlıqdan sonra dövlət başçısı tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Prezident İlham Əliyev Göyçayda belə gözəl tibb mərkəzi yaradıldığına, ən müasir avadanlıqla təchiz edildiyinə görə ürəkdən sevindiyini söyləyib: “Bu, ilk növbədə, ölkəmizin qüdrətini göstərir. Çünki bu gün Azərbaycanın hər yerində gözəl tibb mərkəzləri yaradılır və bu mərkəzlər dünyanın ən yüksək standartlarına cavab verir. Dünyanın ən qabaqcıl tibb mərkəzlərində hansı avadanlıq varsa, burada da var. Belə də olmalıdır.
On il bundan əvvəl birinci regional inkişaf proqramı icra olunanda demişdim ki, hər bir şəhərdə ən müasir standartlara cavab verən xəstəxana, ya diaqnostika mərkəzi, tibb ocağı olmalıdır. İndi nəinki Bakıda, hər bir rayonda belə gözəl tibb mərkəzləri var. Bu gün Ucarda rayon xəstəxanasının açılışında iştirak etdim, indi isə Göyçayda. Demək olar, elə bir şəhər yoxdur ki, orada müasir tibb ocağı olmasın. Müalicə almaq üçün Bakıya getməyə ehtiyac qalmır.
Mənə verilən məlumata görə, burada yüzlərlə tibb işçisi çalışır. Bu da iş yerləri deməkdir. Əminəm ki, xəstələrə gözəl xidmət göstəriləcək və onlar burada şəfa tapacaqlar.
Xüsusilə doğum şöbəsi məni çox sevindirir. Çünki son vaxtlar bu sahəyə çox böyük diqqət göstərilir. Aparılan islahatlar nəticəsində Azərbaycanda uşaq ölümü kəskin şəkildə aşağı düşüb, ana ölümü də həmçinin. Ona görə müasir doğum evlərinin, doğum şöbələrinin yaradılması bu sahədə işimizi daha da qabağa aparacaq. Çünki hələ sovet dövründə Azərbaycanda uşaq ölümünün səviyyəsi digər respublikalarla müqayisədə yüksək idi. Biz isə son illər ərzində bu statistikanı kəskin şəkildə aşağı salmışıq. Növbəti illərdə biz inkişaf etmiş ölkələrin səviyyəsinə qalxmalıyıq. Çünki buna nail olmaq üçün bütün imkanlar var”.
Azərbaycanda səhiyyə sahəsində əldə edilmiş nəticələrin əsaslı səbəbləri olduğunu deyən dövlət başçısı səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsini və onun keyfiyyətcə yeni pilləyə qalxmasını vurğuladı: “İlk növbədə, Bakıda və bütün bölgələrdə səhiyyənin maddi-texniki bazası yaradılıb. Demək olar ki, sıfırdan yaradılıb. Müasir avadanlıq var. İndi həkimlər öz peşəkarlıqlarını artırırlar, təkmilləşmə prosesi gedir.
İnsan sağlamlığı sosial məsələlər arasında ən birinci yerdədir və bu gün Azərbaycanda bu sahədə gözəl nəticələr var”.
Sağlamlıq üçün təkcə tibbi xidmətin kifayət etmədiyini deyən ölkə rəhbəri bunun üçün tələb olunan digər şərtlərdən, o cümlədən içməli su probleminin həllindən danışıb.
Dövlət başçısı son aylar ərzində görülmüş tədbirlər nəticəsində dərman preparatları bazarında da müsbətə doğru çox ciddi dönüş yarandığını, bunu insanların artıq öz gündəlik həyatlarında hiss etməyə başladıqlarını söyləyib: “Bəzi dərmanların qiymətləri bir neçə dəfə aşağı düşmüşdür. Eyni zamanda, keyfiyyətə də böyük diqqət göstərilir. Bu məsələ tədricən öz həllini tapır. Əminəm ki, ilin sonuna qədər əksər dərman preparatlarının qiymətləri aşağı düşəcək. Çünki dövlət bu sahəni öz nəzarətinə götürüb.
Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və açıq bazar hər şeyi tənzimləyir, o cümlədən qiymətləri. Ancaq biz gördük ki, Azərbaycanda dərman preparatlarının qiyməti qonşu ölkələrlə müqayisədə yüksəkdir. Bu məsələni araşdıranda gördük ki, burada həm qaydalarda, həm tənzimləmə mexanizmlərində çox böyük boşluqlar var. Ona görə indi dövlət bu missiyanı öz üzərinə götürüb. Bütün dərmanların qiyməti hər bir satış məntəqəsində eyni olacaq. Keyfiyyət də yüksək səviyyədə olacaq. Bu, çox ciddi sosial təşəbbüsdür. Eyni zamanda, insanların sağlamlığına, xüsusilə yaşlı nəslin sağlamlığına bunun bilavasitə böyük təsiri var”.
Prezident İlham Əliyev qeyd edib ki, 2015-ci ilin iqtisadi cəhətdən ağır il olduğuna baxmayaraq, heç bir sosial proqramda yubanma olmayıb, əksinə, hətta belə gözəl xəstəxanalar açılır: “Beləliklə, Azərbaycanda sosial siyasət elə səviyyəyə qalxıb ki, digər ölkələrdə də öyrənilə bilər. Çünki həm bazar iqtisadiyyatı, həm də sosial məsələlər paralel şəkildə həll olunur”.
Dövlət başçısı bu yaxınlarda Ağsu rayonuna səfərini xatırlatdı, burada vaxtilə onun öz təşəbbüsü ilə başlanmış xəstəxana binasının tikintisinin vəsait olmadığına görə yarımçıq qaldığını, işləri başa çatdırmaq üçün Prezidentin ehtiyat fondundan Səhiyyə Nazirliyinə 10 milyon manat vəsait ayrıldığını söylədi: “Güclü iradə olan yerdə hər şey etmək mümkündür. Xəstəxanalar, məktəblər, uşaq bağçaları, digər sosial obyektlər, təbii ki, infrastruktur layihələri, içməli su, qazlaşdırma – budur insanların normal həyatı üçün lazım olan əsas amillər”.
Ölkə rəhbəri Göyçayda həyata keçirilən infrastruktur layihələrindən danışdı. Regionların inkişafı üzrə artıq icrada olan üçüncü proqram başa çatdıqda bütün infrastruktur məsələlərinin, sosial məsələlərin həll ediləcəyini, normal inkişaf üçün əsas şərtlərin təmin ediləcəyini dedi. Gələn il də iqtisadi inkişafın təmin olunacağını, bütün sosial proqramların icra ediləcəyini söylədi: “Bu gün dünyada gedən prosesləri biz hamımız izləyirik. Görürük ki, bizim bölgədə hansı faciəli, dəhşətli hadisələr baş verir. Azərbaycanda sabitlik, inkişaf, rifah, təhlükəsizlik təmin edilir. Hər şey müqayisədə müəyyən olunur. Yaxşı vaxtlarda adama elə gələ bilərdi ki, elə hər yerdə yaxşıdır. Ancaq bu gün baxın, bizim region, Orta Şərq, Avropa böhran içindədir. İndi bəzi ölkələrdə həm iqtisadi, həm siyasi, həm hərbi, həm də mənəvi böhran yaşanır. O ölkələr bəyan etdikləri dəyərlərə sadiq qala bilmirlər. Ancaq bizim bəyan etdiyimiz dəyərlər göz qabağındadır. Milli mənəvi dəyərlər, azərbaycançılıq, milli, dini dözümlülük, tolerantlıq, sosial-iqtisadi inkişaf və öz gücümüzə güvənməyimiz bizim inkişafımızı şərtləndirən əsas amillərdir”.
Sonra həkim Şəfaqət İmranova Göyçay RMX-nın kollektivi və rayon sakinləri adından dövlət başçısını salamlayıb. Görülən bütün işlərin Azərbaycan Prezidentinin diqqət və qayğısının nəticəsi olduğunu deyən natiq buna görə, xüsusən də bu səhiyyə ocağının açılışına görə ona göyçaylıların dərin minnətdarlığını bildirib. Bu etimadı doğrultmaq, əhaliyə gözəl tibbi xidmət göstərmək üçün çalışacaqlarını söyləyib.
Prezident İlham Əliyev görüş iştirakçılarını mərkəzi xəstəxananın açılışı münasibətilə bir daha təbrik edib, uğurlar arzulayıb.