İ.M.Seçenov adına BMDTU-nun ilk filialı Bakıda açıldı
Açılış mərasimində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etdi
Sentyabrın 15-də - Bilik günündə paytaxtımızda dünyanın nüfuzlu ali təhsil ocaqlarından biri sayılan İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (BMDTU) Bakı filialının təntənəli açılış mərasimi olub.
Azərbaycanın birinci xanımı, həmin Universitetin məzunu və fəxri professoru Mehriban Əliyeva, həmçinin bu münasibətlə Bakıya gələn Rusiyanın səhiyyə naziri Veronika Skvortsova və universitetin rektoru Pyotr Qlıboçko mərasimdə iştirak ediblər.
Səhiyyə naziri Oqtay Şirəliyev və təhsil naziri Mikayıl Cabbarov Mehriban Əliyevaya Bakı filialı haqqında məlumat veriblər. Seçenov adına BMDTU-nun Bakı filialı Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən yaradılıb. Eyni zamanda, Rusiya Səhiyyə Nazirliyi də Universitetin Bakı filialının yaradılması haqqında müvafiq əmr imzalayıb. Filial Elmlər Akademiyası şəhərciyi kompleksinin binalarından birində yerləşir.
Sonra İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rəmzi açılışını bildirən lent kəsilib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Rusiya Federasiyasının səhiyyə naziri Veronika Skvortsova, BMDTU-nun rektoru Pyotr Qlıboçko, Azərbaycanın hökumət və ictimaiyyət nümayəndələri filialda yaradılan şəraitlə tanış olublar.
Bildirilib ki, filialın yaradılmasında məqsəd Azərbaycanda tibb təhsilinin təkmilləşdirilməsi və bu sahədə dünyanın nüfuzlu ali təhsil mərkəzləri ilə əlaqələrin genişləndirilməsindən, həmçinin ölkə vətəndaşlarının Rusiyanın tibb təhsili müəssisələrində oxumaq arzusunun təmin olunmasından ibarətdir.
Universitetin Bakı filialının tarix zalında Rusiya tibb elminin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin tarixini əks etdirən foto və eksponatlardan ibarət sərgi təşkil olunub.
Birinci xanım Mehriban Əliyevaya məlumat verilib ki, gələcəkdə Bakı filialının nəzdində Rusiya – Azərbaycan təbabət tarixi mərkəzinin yaradılması planlaşdırılır.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bakı filialının fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Rusiyanın səhiyyə naziri Veronika Skvortsova da fəxri qonaqlar kitabını imzalayıb.
Təhsil ocağının konfrans zalında Bakı filialının və Moskvadakı universitetin müəllimləri arasında onlayn rejimdə seminarlar, veb-konfranslar, telekörpülər keçiriləcək. Ali təhsil ocağında yaradılan Simulyasiya mərkəzi müasir simulyasiya texnologiyalarının tətbiqi ilə fəaliyyət göstərəcək innovasiya-təhsil meydançasıdır. Bu mərkəz tələbələrin praktiki klinik elmlərə yiyələnməsi üçün nəzərdə tutulub.
Yeni tədris ilindən etibarən universitetin filialında 100 tələbə “Müalicə işi” ixtisası üzrə dövlət sifarişi əsasında təhsil alacaq. Seçenov adına BMDTU Bakıda yaradılan filialın kadrlarla təminatına və tədris prosesinin təşkilinə metodoloji dəstək verəcək. Tədris yeni nəsil Rusiya dövlət təhsil standartlarına uyğun, əsasən universitetin professor-müəllim heyəti tərəfindən aparılacaq. Eyni zamanda, tədris prosesinə dünyada tanınmış Rusiya alimləri cəlb olunacaq. Filialda həkim-mütəxəssislərin hazırlanması zamanı innovativ təhsil texnologiyaları tətbiq olunacaq, ustad dərsləri keçiriləcək.
Filialdakı ən müasir avadanlıqla təchiz olunmuş kimya, fizika, biologiya auditoriyaları peşəkar mütəxəssislərin yetişdirilməsinə imkan verəcək. Bu laboratoriyalar müəllim və tələbələr üçün avtomatlaşdırılmış işçi yerləri, multimedia kursları üçün interaktiv lövhələrlə təmin olunub. Tibb sahəsində fundamental elm sayılan anatomiyanın öyrənilməsi üçün Bakı filialında Anatomiya zalı yaradılıb. Praktiki dərslərin keçiriləcəyi bu zalda həm ənənəvi preparatlar vasitəsilə, həm də ən müasir texnologiyalarla insan orqanizmi haqqında biliklərə yiyələnmək mümkündür. Anatomiya auditoriyasında həmçinin insan bədəninin sintetik zülalından əzələ modeli də var. Bu modeldə əzələlərin tərkibi insan əzələlərinə tam uyğundur.
Sonra filialın akt zalında qonaqların, professor-müəllim heyətinin və ali təhsil ocağının ilk tələbələrinin iştirakı ilə görüş keçirilib.
Tədbir Rusiyanın və Azərbaycanın dövlət himnlərinin səslənməsi ilə başlanıb.
Mərasimdə Azərbaycanın birinci xanımı, İ.M.Seçenov adına BMDTU-nun məzunu və fəxri professoru Mehriban Əliyeva çıxış edib. Qonaqları salamlayan Mehriban xanım Azərbaycan paytaxtında nəinki Rusiyanın, hətta dünyanın ən qocaman və ən nüfuzlu tibb universitetlərindən birinin – Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialının açılmasını "genişmiqyaslı və əlamətdar hadisə” adlandırıb: “Azərbaycanda belə bir filialın yaradılması haqqında Sərəncam Prezident tərəfindən bu il mayın 15-də imzalanıb, cəmi 4 ay keçib və filial öz qapılarını ilk tələbələrin üzünə açır.
Şübhəsiz, bu, respublikamızın həyatında böyük hadisədir və mən Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, cənab Qlıboçkoya ölkəmizdə bu filialın yaradılması təşəbbüsünə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Seçenov adına BMDTU öz tarixi və ənənələri, məsuliyyət və həssaslıq ab-havası, sağlam mühafizəkarlığı yenilik axtarışları ilə əlaqələndirmək bacarığı ilə məşhurdur. Rusiyanın ictimai, mənəvi və elmi həyatında Seçenov Universitetinin rolu sırf təbabətin hüdudlarını aşıb. Bu universitetin məzunları görkəmli alim-həkimlər, istedadlı həkim-praktiklər, çox məşhur ədəbiyyatçılar, jurnalistlər, ictimai xadimlərdir. Bu gün Azərbaycanda ilk gənc oğlanlar və qızlar bu təhsil müəssisəsinin kandarından keçir, öz gələcək peşəsinə doğru ilk addımlar atırlar. Onlar yüksək səviyyəli müəllimlərdən dərs alacaq, alimlərin mühazirələrini dinləyəcəklər. Onlara dünya şöhrətli alimlər mühazirə oxuyacaqlar. Əminəm ki, burada yüksək səviyyəli təhsil, savadlı həkim-praktiklər və alim-təbiblər pleyadasının formalaşması üçün hər cür şərait yaradılıb.
Bizim paytaxtda yeni ali məktəbin, xüsusən dünya şöhrətli ali məktəbin filialının açılması dövlətimizin təhsil və elm sahələrində siyasətini yaxşı əks etdirir. Tamamilə mübahisəsiz faktdır ki, hər bir dövlətin gələcəyi onun intellektual, elmi, təhsil potensialından asılıdır. Biz gənclərimizi savadlı, bilikli, ölkəmizin uzunmüddətli inkişafını təmin edə bilən gənclər kimi görmək istəyirik. Buna görə də təhsil və elm sahələrinə investisiyalar bizim dövlətimizin siyasətində prioritet istiqamətlərdən biridir. Müstəqillik illərində bu sahədə çox iş görülüb. Təhsil və elm sahələrinin dəstəklənməsi, bu sahələrdə islahatlar üçün müxtəlif dövlət proqramları həyata keçirilir. Əlbəttə, bütün bunlar təbabət kimi mühüm sahəyə də aiddir. Son bir ildə ölkəmizdə, özü də təkcə paytaxtda deyil, regionlarda da klinikaların, tibb mərkəzlərinin, diaqnostika mərkəzlərinin, demək olar ki, hamısı yenidən qurulub və ya yenidən tikilib. Onlar bugünkü bütün tələblərə cavab verən müasir avadanlıqla təchiz edilib. Lakin bunlarla bərabər, biz çox yaxşı başa düşürük ki, tibb xidmətinin keyfiyyəti, ilk növbədə, həkimdən asılıdır. Buna görə də bu gün burada, bizim iştirakımızla baş verən hadisə - bu filialın, ən müasir təhsil proqramlarının, praktiki təbabətdə zəruri innovasiyaların tətbiq edildiyi universitetin filialının açılması, mən əminəm ki, ölkəmizdə təbabətin səviyyəsinə çox yaxşı təsir göstərəcək”.
Azərbaycan ilə Rusiya arasında tarixən formalaşmış səmimi və mehriban əlaqələrdən danışan Mehriban Əliyeva bu gün bu təməl üzərində qurulan dövlətlərarası münasibətlərdən, mədəniyyət, elm, təhsil sahələrində əlaqələrdən söz açıb. Bakıda artıq bir neçə ildir Lomonosov adına Moskva Dövlət Universitetinin filialının fəaliyyət göstərdiyini xatırladan, onun qısa müddətdə çox prestijli ali məktəbə çevrildiyini deyən natiq ümidvar olduğunu bildirib ki, yaxın gələcəkdə Seçenov Universitetinin filialı da öz məzunlarının parlaq pleyadası ilə fəxr edəcək: “Mənim üçün bu hadisə - Seçenov Universitetinin filialının açılması xüsusi məna kəsb edir. Mən bu universitetdə oxumuşam, bu universitetin fəxri professoruyam və məhz bu ali məktəbin divarları arasında yüksək mədəniyyət, mənəviyyat, mükəmməl peşəkarlıq ruhunda keçirdiyim tələbəlik illərinə, tələbə gəncliyimə görə taleyimdən razıyam. Mən bizə həm fundamental biliklər və peşə vərdişləri, həm də etika, mənəviyyat, humanizm ideyaları aşılamış müəllimlərimə dərin minnətdarlığımı bildirmək istəyirəm.
Deyirlər, universitetlər elm məbədidir. Lakin mənə belə gəlir ki, tibb universiteti həm də şəfqət məbədidir. Təbabət xüsusi peşədir və öz həyatını təbabətə həsr edən insan fundamental biliklər, praktiki vərdişlərlə yanaşı, həssas qəlbə malik olmalı, başqasının halına acımağı, onun dərdinə şərik olmağı, ağrısını eşitməyi bacarmalıdır.
Bu gün mən Seçenov Universitetinin filialının ilk tələbələrinə müraciət edirəm. Sizi buna çağırıram ki, uzun illərdən sonra, siz artıq peşəkarlar kimi formalaşanda gündəlik gərgin peşə fəaliyyətinizdə bu şəfqət hissini itirməyəsiniz. Unutmayasınız ki, insanlar sizin yanınıza gəlir və özlərinin ən dəyərli hisslərini – öz həyatını və sağlamlığını sizə etibar edirlər. Bəzən xoş söz istənilən yüksək səmərəli dərmandan da yaxşı müalicə edir. Təbabət, həkimlik peşəsi insanın missiyası və fitri qismətidir. Buna görə də sizin hamınıza arzum budur ki, bu peşədə, bu qismətdə uğur qazanasınız.
Əziz dostlar, bu gün biz bu gözəl layihədə ilk addımlar atırıq. Əminəm ki, onun böyük gələcəyi var. Hamınıza xoşbəxtlik, uğur, möhkəm cansağlığı diləmək istəyirəm. Ümidvaram ki, Azərbaycan xalqının qonaqpərvərliyi, səmimiliyi sizin burada özünüzü evinizdə olduğu kimi hiss etməyiniz üçün maksimum şərait yaradacaq. Hamınızı bu əlamətdar hadisə münasibətilə bir daha təbrik edirəm, ən xoş arzularımı bildirirəm”.
Rusiyanın səhiyyə naziri Veronika Skvortsova Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakıda filialının açılmasını əlamətdar hadisə adlandırıb, ilk tədris günü münasibətilə təbriklərini çatdırıb: “Mən hamınızı Azərbaycan Respublikasının yeni ali təhsil müəssisəsinin – Bakı filialının ilk tədris günü münasibətilə təbrik edirəm. Əlbəttə, qeyd etmək istərdim ki, BMDTU Rusiya Federasiyasının tibb sahəsində aparıcı ali təhsil ocaqlarından biridir, ölkəmizdə səhiyyə təhsilinin inkişafı ideologiyasını müəyyənləşdirən ali təhsil müəssisədir. Təsadüfi deyil ki, bu ali məktəbin bazasında bizim tədris-tibbi birliyimiz formalaşır. Həmin birlik bu və ya digər tədris proqramlarının, tibb profilli ali məktəblərin tələbələrinin praktiki hazırlıq planlarının əsas strategiyasını yaradır. Çox yaxşı haldır ki, bu aparıcı ali təhsil müəssisəsi bizə çox yaxın və dost ölkədə öz filialını açır”.
Rusiyanın səhiyyə naziri BMDTU-nun Bakı filialının peşəkar elm mərkəzinə çevriləcəyinə ümidvar olduğunu bildirib, filialın açılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə, birinci xanım, universitetin məzunu Mehriban Əliyevaya minnətdarlıq edib.
Bakı filialına ən yüksək balla daxil olan birinci kurs tələbəsi Tural Hüseynov çıxış edərək deyib: “Bizim – gələcək həkimlərin gənc nəslinin, öz ölkəmizin vətəndaşlarının nümunə götürəcəyi insanlar var. Seçenov adına Universitetin tarixi ərzində yalnız 5 görkəmli şəxsiyyət fəxri professor adını alıb. Onlardan biri də Mehriban xanım Əliyevadır”. T.Hüseynov özünün və daha 99 tələbənin arzularının həyata keçirilməsində iştirak edən hər kəsə səmimi minnətdarlığını bildirib.
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko diqqətə çatdırıb ki, Bakı filialı universitetin xaricdə açılan ilk filialıdır: “Bu əlamətdar hadisə bizim rəhbərlərimizin – Rusiya Prezidenti Vladimir Putinin və Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradələri sayəsində baş tutub. Biz fəxr edirik ki, birinci filialımızı Bakıda açmışıq. BMDTU həqiqətən ölkəmizin aparıcı ali təhsil müəssisələrindən biridir. Bu təhsil ocağı təkcə Rusiya Federasiyası üçün kadrlar hazırlamır, həm də bizim məzunlar, demək olar ki, bütün ölkələrdə işləyirlər. Fəxr edirik ki, bizim universitetin məzunu Mehriban xanım bu ali təhsil ocağının fəxri professorudur. Onun dəstəyi, əzmkarlığı sayəsində biz bu gün “alma-mater”i artıq Bakıda da görürük. Siz tələbələr də başa düşməlisiniz ki, öz ölkənizdə təhsil almaq, öz evinizdə həkim olmaq arzunuzu gercəkləşdirmək imkanı əldə etmisiniz”.
Seçenov adına BMDTU-nun Bakı filialının açılması ilə bağlı təsis fərmanının hazırlandığını bildirən rektor Pyotr Qlıboçko sənədi Mehriban Əliyevaya təqdim edib.