Prezident İlham Əliyev: “Qalaaltı suyu insanların sağlamlığına müsbət təsir göstərəcək”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şabran rayonunda “Qalaaltı” müalicə-istirahət kompleksinin açılışında iştirak edib.
Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən yeni kompleks məşhur “Qalaaltı” kurortunun bazasında inşa olunub.
Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.
“Qalaaltı” kompleksində digər xidmətlərlə yanaşı, müasir avadanlıqla təchiz edilmiş tibbi mərkəz də yaradılıb. Burada qonaqlara Qalaaltının müalicə əhəmiyyətli məşhur təbii suları əsasında, peşəkar tibbi heyətin nəzarəti altında müalicə kursları təqdim olunacaq. Mərkəzdə fizioterapiya, hidroterapiya, masaj və palçıq applikasiya otaqları da var. Səhiyyə ocağında həmçinin laborator, rentgen və ultrasəs müayinələri də həyata keçiriləcək.
Sonra dövlət başçısı kompleksin kollektivi ilə görüşüb.
Kollektivi salamlayan və təbrik edən Prezident İlham Əliyev “Qalaaltı” müalicəvi istirahət mərkəzinin açılışını “gözəl, əlamətdar hadisə” adlandırıb: “Qalaaltı suyu çox məşhur sudur, nadir keyfiyyətlərə malikdir və indi bu gözəl mərkəz yaranandan sonra, əminəm ki, həm Azərbaycan vətəndaşları, həm də xarici qonaqlar bu imkanlardan istifadə edəcəklər. ...Burada yerin altından çıxan gözəl su insanların sağlamlığına müsbət təsir göstərəcək”.
Azərbaycanda digər kurortların da bərpa olunduğunu, inkişaf etdiyini vurğulayan ölkə rəhbəri Naftalanda, Naxçıvandakı “Duzdağ” mağarasında görülən işlərdən danışıb: ““Duzdağ” daha çox ağciyər xəstəlikləri üçün yararlıdır. “Qalaaltı” kompleksində böyrək, öd kisəsi, Naftalanda revmatizm, oynaq xəstəlikləri müalicə olunur. Bu müxtəliflik artıq Azərbaycanı dünya səviyyəli turizm mərkəzinə çevirir”.
Sonra Prezident İlham Əliyev kompleksin ərazisində yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, “Qalaaltı” kompleksində qonaqlar Qalaaltı kəndi ərazisindən çıxan məşhur “Naftsu”nun müalicəvi xüsusiyyətlərindən peşəkar tibbi heyətin nəzarəti altında yararlanacaqlar. Tərkibində yüksək miqdarda üzvi maddələr olan bu sudan qaraciyər, öd yolları iltihabı, böyrək daşı, böyrəyin xroniki iltihabı və bəzi digər xəstəliklərin müalicəsində istifadə edilir. Kompleksdə Qalaaltı suyu ilə müalicənin səmərəliliyini təmin etmək məqsədilə ziyarətçilərə xüsusi kartlar verilir. Həkimlərin hər bir ziyarətçiyə müəyyən etdiyi fərdi müalicə qaydası, suyun qəbul edilmə miqdarı, temperaturu elektron şəkildə həmin kartlara yazılır. Qonaqlar müalicəvi su içmə zalında həmin göstərişə uyğun olaraq lazımi qədər və zəruri temperaturda su əldə edirlər. Bu müasir texnoloji yenilik Azərbaycanda ilk dəfə məhz burada tətbiq olunur.
“Qalaaltı” müalicə-istirahət kompleksi ölkəmizdə müalicəvi turizm sektorunun inkişafına mühüm töhfə verəcək.