Səhiyyə naziri Lənkəranda vətəndaşları qəbul edib
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, avqustun 28-də Lənkəran Rayon Mərkəzi Xəstəxanasında səhiyyə naziri Oqtay Şirəliyevin vətəndaşlar üçün səyyar qəbul günü keçirilib.
Qəbul üçün Lənkəran sakinləri ilə yanaşı, Astara, Masallı və Lerik rayonlarından olan vətəndaşlar da müraciət ediblər.
Səhiyyə naziri sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciət edən 17 nəfəri qəbul edib, onların problemlərini dinləyib və həlli ilə bağlı göstərişlər verib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerindəcə həll edilib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyətli qurumlara çatdırılması üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.