Sizin Reklam Burada!

WUF13-də mənzil və səhiyyə məsələlərinə dair dialoq təşkil edilib

WUF13-də mənzil və səhiyyə məsələlərinə dair dialoq təşkil edilib

Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilmiş 13-cü Sessiyası (WUF13) çərçivəsində “Davamlı mənzil siyasətləri vasitəsilə səhiyyə nəticələrinin gücləndirilməsi: Mənzil və səhiyyə üzrə çoxsektorlu dialoq” təşkil olunub.
AZƏRTAC xəbər verir ki, “One UN” tədbiri çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) Avropa üzrə İqtisadi Komissiyası, Ətraf Mühit Proqramı, Məskunlaşma Proqramı, Uşaq Fondu (UNICEF), Fəlakət Risklərinin Azaldılması Ofisi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri bir araya gələrək, mənzil siyasəti, sosial inklüzivlik, dayanıqlılıq və iqlimə davamlılıq, həmçinin bu amillərin şəhər mühitində sağlamlığa təsirləri mövzusunda dialoq aparıblar.
Tədbirdə çıxış edən ÜST nümayəndəsi Natali Roebbel bildirib ki, yaş, cins, etnik mənsubiyyət, əlillik kimi sosial-demoqrafik amillər, eləcə də sərvət, gəlir və imkanlar kimi iqtisadi amillər insanların mənzil baxımından nəyə gücünün çatacağını müəyyən edən əsas faktorlar sırasındadır. Bu isə həm mənzilin növünə və keyfiyyətinə, həm də isitmə, su və texniki xidmət kimi xərclərə təsir edir. Bir addım da irəli getsək, bu amillər mənzilin konkret xüsusiyyətlərini formalaşdırır.
ÜST rəsmisi burada bir məqama diqqət çəkib: “Biz mənzil dedikdə yalnız başımızın üzərindəki damı nəzərdə tutmuruq. Mənzil, əslində, tikili mühit, daxili məkan və insanların yaşadığı ətraf mühit deməkdir. Yəni bu anlayış şəhər, məhəllə və ümumi yaşayış konteksti ilə sıx bağlıdır. Digər vacib məqam isə odur ki, mənzil yalnız fiziki məkan deyil, həm də orada yaşayan insanlarla bağlıdır. Bu, bütün bu amillərin qarşılıqlı təsiri nəticəsində formalaşan bir sistemdir. Əlçatanlıq, istilik izolyasiyası, enerji təminatı və yaşayış sahəsi kimi xüsusiyyətlər sağlamlıq üçün risk faktorlarına çevrilə və insanlara birbaşa təsir göstərə bilər”.
Natali Roebbel vurğulayıb ki, sağlamlıq dedikdə yalnız fiziki sağlamlıq nəzərdə tutulmur: “Mənzil şəraiti insanların psixoloji sağlamlığına da ciddi təsir göstərir. Bu amillər yalnız sağlamlığa deyil, eyni zamanda, təhsil nəticələrinə, iqtisadi məhsuldarlığa və sosial bərabərliyə də təsir edir".
ÜST nümayəndəsi qeyd edib ki, urbanizasiya sürətləndikcə şəhərlərdə mənzil problemləri daha da kəskinləşir. O bildirib ki, mənzil iqlim dəyişikliyi ilə mübarizə kontekstində də mühüm rol oynayır. Enerji səmərəliliyi, iqlimə uyğunlaşma və dayanıqlı şəhər planlaşdırması baxımından mənzil sektoru əsas sahələrdən biridir: "Bu gün biz tez-tez yoluxucu və qeyri-yoluxucu xəstəliklərdən danışırıq. Əksər hallarda mənzil məsələsini daxili hava çirklənməsi kimi problemlərlə əlaqələndiririk. Lakin bir çox ölkələrdə, xüsusilə şəhər mühitində mənzil və mənzil siyasəti yenidən ortaya çıxan xəstəliklərin qarşısının alınmasında mühüm rol oynaya bilər. Mənzil sosial məsələdir. Məsələn, sıxlıq ciddi problemdir. Sıx yaşayış şəraiti vərəm kimi xəstəliklərin yayılmasına səbəb ola bilər. Amma heç kim könüllü olaraq sıx şəraitdə yaşamır, bu, sosial şəraitin nəticəsidir. Bu baxımdan mənzil ətraf mühit, sosial və iqtisadi amillərin kəsişmə nöqtəsində dayanır".
BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Şəhərlər bölməsinin rəhbəri Gülnarə Roll bildirib ki, UNEP binalara ilk növbədə iqlim və ətraf mühit prizmasından baxır: "Binalar və tikinti sektoru qlobal enerji mənşəli karbon emissiyalarının 34 və enerji istifadəsinin 32 faizini təşkil edir. Bu sektor emissiyalar baxımından yüksək təsirə malik olduğuna görə, bu sektorun karbon emissiyalarını azaltmaq üçün çalışırıq. Eyni zamanda, düşünürəm ki, burada sizinlə daha sıx əməkdaşlıq etməliyik. Çünki sağlamlıq aspekti çox vacibdir. İnsanlar məhz bu binalarda yaşayırlar və binaların 70 faizi yaşayış məqsədlidir. Məsələn, soyutma və bina proqramlarımız çərçivəsində ekstremal istilərlə işləyirik. Bu artıq bütün BMT agentliklərinin cəlb olunduğu bir sahədir, çünki Baş katibin ekstremal istilərlə bağlı çağırışı olmuşdu və hamımız fəaliyyətlərimizi uyğunlaşdırmışıq".
“Davamlı mənzil siyasətləri vasitəsilə səhiyyə nəticələrinin gücləndirilməsi” sessiyasına videomüraciət formatında qoşulan UNICEF-in Ətraf Mühit Sağlamlığı bölməsinin rəhbəri Abheet Solomon bildirib ki, mənzil haqqında danışarkən üç əsas ölçüyə baxmaq lazımdır: təhlükəsiz mənzilə çıxış, adekvat yaşayış şəraiti və ətraf mühit riskləri, o cümlədən iqlim dəyişikliyi. Bu amillər üçü birlikdə insanın inkişafını ana bətnindən yeniyetməlik dövrünə qədər formalaşdırır, həyat boyu onun sağlamlığına, təhsilinə və potensialına təsir göstərir: "Birinci ölçü təhlükəsiz mənzilə çıxışdır. Dünyada milyonlarla uşaq üçün təhlükəsiz ev əlçatmazdır. Bunun səbəbləri yoxsulluq, münaqişələr və sistemlərin zəifliyidir. Ailələr dağılır və uşaqlar qeyri-rəsmi yaşayış məntəqələrinə, məcburi köçkünlüyə və evsizlik reallığına sürüklənirlər. Belə qeyri-sabit şəraitdə uşağın təhsili dayanır, təhlükəsizlik hissi itir və o, həssaslıq dövründən çıxmaqda çətinlik çəkir.
İkinci ölçü yaşayış şəraitidir. Qlobal miqyasda 1,5 milyarddan çox insan qeyri-adekvat və dağılmış mənzillərdə yaşayır. Həmin böyük rəqəmin arxasında təmiz su, təhlükəsiz enerji və möhkəm dam kimi əsas ehtiyaclardan məhrum milyonlarla uşaq dayanır. Bu əsas təminatlar olmadıqda, ev xəstəliklərin yayılması üçün təhlükəli mühitə çevrilir. Əgər biz bu əsasları düzəltməsək, bütöv bir nəslin inkişafına zərər vurmuş olarıq.
Üçüncü ölçü uşağın ətraf mühitidir. Uşaqlar həm evin daxilində, həm də kənarda görünməyən təhlükələrlə əhatə olunublar. Onlar zəhərli hava, nəqliyyat tüstüsü və yandırılan tullantıların təsirinə məruz qalırlar. Qurğuşunla zəhərlənir, kiflə boğulur və çirklənmiş torpaqda yaşamağa məcbur olurlar. İqlim dəyişikliyi fonunda isə ekstremal istilər və dağıdıcı daşqınlarla üzləşirlər, eyni zamanda, təhlükəsiz yaşıl məkanlardan məhrum olurlar.
Beləliklə, mənzil sadəcə sığınacaq deyil. Bu, ictimai sağlamlıq böhranı, sosial bərabərlik məsələsi və uşağın fundamental hüququdur. Həmin vəziyyəti dəyişmək üçün biz daha əlçatan mənzillərə çıxışı genişləndirməli, onları təmiz su, təmiz hava və iqlim qorunması ilə təmin etməliyik. Siyasətlərimizi yenidən nəzərdən keçirməli, uşaqların sağlamlığını birbaşa şəhər planlaşdırmasına daxil etməli və dayanıqlı şəhərləri əsasdan qurmalıyıq. Ən əsası isə həssas və unudulmuş icmaları dəstəkləməliyik".
Abheet Solomonun sözlərinə görə, uşaq üçün ev sadəcə bir bina deyil, onun bütün dünyasıdır. Lakin ev mövcud olmadıqda və ya təhlükəsiz olmadıqda, bu, uşağın sağlamlığını, inkişafını və psixoloji rahatlığını zədələyir.
"Heç bir uşaq onu qorumaq üçün nəzərdə tutulmuş yerdə – evində zəhərli hava, təhlükəli su və ya ekstremal istilərlə mübarizə aparmalı deyil. Bunlar kiçik çiyinlər üçün çox ağır yüklərdir. Təhlükəsiz ev lüks deyil, bu, həyat xəttidir, hər bir uşağın yaşamaq, inkişaf etmək və həqiqətən, çiçəklənmək üçün ehtiyac duyduğu sığınacaqdır. Uşaqlar yetkinlər deyillər. Onlar inkişaf edən bədənə malikdirlər, daha çox hava udurlar və dünyanı bizdən daha dərindən mənimsəyirlər. Ana bətnindən yeniyetməlik dövrünə qədər onlar son dərəcə həssasdırlar. Əgər onlar təhlükəli yaşayış şəraitinə və ekoloji risklərə məruz qalarlarsa, bu təsirlər ömür boyu davam edə bilər. Biz uşaqları böyüklər üçün hazırlanmış siyasətlərlə qoruya bilmərik. Buna görə də dünyanı onların gözü ilə qurmalıyıq, çünki onların gələcəyi bundan asılıdır", - deyə Abheet Solomon bildirib.
ÜST-nin Azərbaycan nümayəndəliyinin əməkdaşı Turanə Əliyeva “Mənzil və sağlamlıq” mövzusunda kifayət qədər diqqət yetirilməyən bir sahədən – əlçatanlıq, əlilliyin inklüzivliyi və köməkçi texnologiyaların birlikdə dayanıqlı və ədalətli şəhər inkişafının əsas hərəkətverici qüvvələri olmasından danışıb. O deyib ki, ÜST-nin baxış bucağından yanaşdıqda, sağlamlıq yalnız yaşamağı və ya xəstəliklərin olmamasını nəzərdə tutmur: “Bu gün ÜST sağlamlığın daha bir mühüm göstəricisini – funksionallığı tanıyır. Funksionallıq dedikdə, biz əlçatanlıqdan, iştirakdan və inklüzivlikdən danışırıq. Bu anlayış əsasdır. Əgər biz bu gün mənzil mövzusundan danışırıqsa, şəhərlərin insanlara təqdim etdiyi mənzil şəraitinin onların funksional həyatını necə dəstəklədiyini düşünməliyik. ÜST-nin mənzil və sağlamlıq üzrə tövsiyələrinə əsasən, mənzil yalnız fiziki sığınacaq deyil. O, ətraf mühit risklərindən qorumanı təmin etməli, kifayət qədər yaşayış sahəsi təqdim etməli və əlçatan olmalıdır. Bu xüsusiyyətlər seçim deyil, onlar zəruridir və insanların həyat keyfiyyətini, rifahını və cəmiyyətə inteqrasiyasını müəyyən edir", - deyə Turanə Əliyeva bildirib.
ÜST nümayəndəsi deyib ki, biz qlobal demoqrafik və epidemioloji dəyişikliklərin baş verdiyi bir dünyada yaşayırıq. Bu gün şəhərlər böyüyür, əhali isə yaşlanır, qeyri-infeksion xəstəliklərin yayılması, əlilliyi olan insanların sayı artır. İnsanların yaşadığı xroniki sağlamlıq vəziyyətlərinin daha geniş yayılmasını görürük. Onların hamısı müəyyən funksional məhdudiyyətlərlə üzləşəcək və eyni zamanda, daha çox vaxtlarını evdə keçirəcəklər. Bu səbəbdən ev onların müstəqilliyini, sosial inklüzivliyini və ümumi rifahını müəyyən edən əsas amilə çevrilir.
Onun sözlərinə görə, digər bir perspektiv isə iqlim dəyişikliyidir: "Ev insanları ekstremal hava şəraitindən – istidən və soyuqdan qoruyan əsas məkandır. Bu xüsusiyyətlər də seçim deyil, zərurətdir və bu, mənzilin artıq ictimai sağlamlıq baxımından vacib bir ehtiyac olduğunu göstərir. Dünyada bir milyarddan çox insan müxtəlif formalarda əlilliklə yaşayır və onların funksional imkanları məhduddur. Bu baxımdan, köməkçi texnologiyalar mühüm rol oynayır. Bunlar insanların hərəkətliliyini, görmə və eşitmə imkanlarını, ünsiyyətini dəstəkləyən sadə vasitələrdir, onların müstəqil və ləyaqətli həyat sürməsinə kömək edir. Lakin həmin texnologiyalar yalnız əlçatan mənzil olduqda effektiv ola bilər. Əlçatan mənzil və köməkçi texnologiyalar bir-birini tamamlayır. İnsanların funksional həyatını təmin etmək üçün hər iki amil vacibdir. Bəs həll yolu nədir? Çox sadə dizayn elementləri böyük fərq yarada bilər: pilləsiz girişlər, geniş qapılar və digər sadə xüsusiyyətlər funksional məhdudiyyətləri olan insanların həyatını asanlaşdırır. ÜST-nin araşdırmaları göstərir ki, əlçatmaz mənzillər qarşısı alına bilən xəsarət riskini artırır və insanların sosial asılılığını gücləndirir. Əksinə, əlçatan mənzil müstəqilliyi artırır, funksionallığı dəstəkləyir və xəsarətlərin qarşısını alır.
Bütün bu sübutlara baxmayaraq, tətbiq sahəsində boşluqlar qalmaqdadır. Bu gün əlçatanlıq çox vaxt şəhər planlaşdırmasından ayrı bir məsələ kimi nəzərdən keçirilir. Halbuki biz onun şəhər inkişafı və mənzil dizaynına tam inteqrasiya olunmasını istəyirik.
Bu mürəkkəb məsələdir və çoxşaxəli yanaşma tələb edir. Əgər biz heç kəsi geridə qoymayan şəhərlər qurmaq istəyiriksə, biliklərimizi, təcrübəmizi və resurslarımızı birləşdirməli, hamı üçün əlçatan və yaşamaq üçün əlverişli şəhərlər və mənzillər yaratmalıyıq".
Sessiya çərçivəsində bu istiqamətlərin daha uyğunlaşdırılmış və praktik “One UN” həllərinə necə çevrilə biləcəyi, davamlı mənzil siyasətləri vasitəsilə sağlamlıq nəticələrinin necə gücləndirilə biləcəyi müzakirə olunub. Bildirilib ki, mənzil məsələsi insan və ekosistem sağlamlığı, rifah ilə dərin və ayrılmaz şəkildə bağlıdır. Müxtəlif şəhər kontekstlərində mənzil siyasətləri yalnız yaşayış şəraiti ilə deyil, həm də əlçatanlıq, yerləşmə, iqlim və fəlakət risklərinə davamlılıq, əsas xidmət və infrastruktur imkanlarına çıxış, ekoloji rifah və biomüxtəliflik kimi daha geniş struktur amillər vasitəsilə formalaşır. Bunların təhsil nəticələrinə, iqtisadi məhsuldarlığa və digər sahələrə də dolayı təsirləri olur.
BMT sistemi çərçivəsində fəaliyyət göstərən müxtəlif qurumlar uzun illərdir ki, mənzil təminatı məsələlərinə fərqli, lakin bir-birini tamamlayan prizmadan yanaşırlar. Bu qurumların prioritet istiqamətləri fərqlənsə də, onların fəaliyyəti bütövlükdə həssas əhali qrupları üçün, eləcə də qeyri-rəsmi və ya yüksəkriskli şəhər mühitində yaşayan insanların sağlamlıq göstəricilərinin və rifahının yaxşılaşdırılmasına yönəlib. Bu baxımdan, mənzil və səhiyyə məsələlərinin kəsişməsi “One UN” dialoqunun mühüm əlavə dəyər yarada biləcəyi strateji platformadır. Müxtəlif mandat və baxış tərzlərinin konsolidasiyası sayəsində BMT sistemi milli və yerli hökumətlərə pərakəndə yanaşmalardan uzaqlaşmağa, eləcə də insanların sağlamlığını, sosial bərabərliyi və şəhər dayanıqlığını təmin edən daha inteqrasiya olunmuş, çoxsektorlu və çoxsəviyyəli həllərin tətbiqinə yönəlmiş effektiv dəstək göstərə bilər.
Qeyd edək ki, WUF13 forumunun Bakıda keçirilməsi ilə əlaqədar olaraq Azərbaycan tərəfinin də üzərinə müəyyən məsələlər düşüb. O cümlədən, Səhiyyə Nazirliyi WUF13-ün tibbi təminatını həyata keçirib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, sessiya iştirakçılarına tibbi xidməti təmin edəcək tibb müəssisələrinə, yəni Bakı Sağlamlıq Mərkəzi, Milli Oftalmologiya Mərkəzi, Mərkəzi Klinika, Liv Bona Dea, İnternational Medical Centre (Baku Medical Plazanın Babək filialı) və Məlhəm Hospitala Səhiyyə Nazirliyi tərəfindən yerində baxış keçirilib, rəhbərlikləri ilə görüş zamanı şərait, maddi-texniki baza və heyətin ilkin hazırlığı qiymətləndirilib. Məsələ ilə əlaqədar tibb müəssisələri tərəfindən koordinatorlar təyin edilib.
Bildirilib ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan bir sıra müəssisələr də, yəni Yeni Klinika, Kliniki Tibbi Mərkəz, Mərkəzi Neftçilər Xəstəxanası, Məhəmmədi Modul Tipli Xəstəxana, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tibbi yardımın göstərilməsi ilə bağlı tədbirə cəlb olunub.
Tədbirin keçiriləcəyi məkanda işin təşkili və koordinasiyası məqsədilə Səhiyyə Nazirliyinin əməkdaşları ayrılıb.
Tədbirlə bağlı zəruri olan tibbi avadanlıq, dərman preparatları və tibbi ləvazimatlara olan tələbat müəyyənləşdirilib və təmin edilib.
Həmçinin Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrindən tədbir zamanı yaradılan tibb məntəqələrində, zəruri olduğu halda tibbi xidmətin göstərilməsi üçün həkim və orta tibb işçisi ayrılıb.
Sanitariya-gigiyena nəzarəti sahəsində tədbirlərin görülməsi məqsədilə qonaqların kütləvi toplaşdıqları məkanlarda (tədbir məkanları və digər) mütəmadi dezinfeksiya işləri aparılıb, ictimai iaşə müəssisələrində, mehmanxanalarda, restoranlarda birgə monitorinqlər keçirilib.


Xəbəri paylaş



May 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova