Səhiyyə naziri Oqtay Şirəliyev İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi
Səhiyyə naziri O.Şirəliyev görüş zamanı ölkəmizdə səhiyyə sahəsində çox böyük işlər görüldüyünü və uğurlar qazanıldığını qonaqların diqqətinə çatdırdı. İtaliyanın səhiyyə sistemi ilə artıq bir neçə il əvvəldən müəyyən qarşılıqlı əlaqələrin qurulduğunu vurğuladı. Bu əlaqələrin daha da genişləndirilməsinin zəruriliyini qeyd edən nazir. Azərbaycanda fəaliyyət göstərən tibb müəssisələrində kifayət qədər İtaliya istehsalı olan tibbi avadanlıqların olduğunu, o cümlədən tibbin müxtəlif sahələri üzrə mütəxəssis mübadiləsinn həyata keçirilməsindən məmnunluğunu qonaqların nəzərinə çatdırdı. Oqtay Şirəliyev hazırda tibb sahəsində çalışan mütəxəssislərin yüksək səviyyədə hazırlanmasının zəruriliyini ifadə etməklə, İtaliyada fəaliyyət göstərən yaxşı mütəxəssislərin ölkəmizdə öz sahələri üzrə çalışmasından və eyni zamanda Azərbaycanda kadrların hazırlanması və tədris işinə vaxt ayırmalarından, bu istiqamətdə yardım etmələrindən məmnun olacağını vurğuladı.
Bundan əlavə, nazir ölkəmizdə yeni tibb müəssiələri yaradılarkən onların dizaynı, təchizatı və idarə edilməsi sahəsində İtaliya ilə qarşılıqlı əməkdaşlığın önəmini diqqətə çatdırdı.
Görüşdə İtaliya tərəfini təmsil edən iqtisadi inkişaf naziri Federika Quidi Azərbaycanda olmaqdan məmnunluğunu ifadə etməklə, o, ölkəmizlə İtaliya arasında ikitərəfli əlaqələrin, xüsusilə neft və qaz sahəsində çox yüksək inkişaf etdiyini bildirdi. O, İtaliya şirkətlərinin ölkəmizdə fəaliyyətinin digər sahələr üzrə də gücləndiriləcəyinə ümid etdiyini dedi. Xanım F.Quidi, həmçinin qeyd etdi ki, İtaliya şirkətləri səhiyyə müəssisələrinin tikilməsi, avadanlıqla təminatı və onların idarə edilməsi sahəsində də geniş təcrübəyə sahibdirlər və bu təcrübəni bölüşməyə hazırdırlar.
Qonaq artıq İtaliyanın böyük şirkəti ilə Azərbaycan Səhiyyə Nazirliyinin əlaqələrinin olmasını, onların xəstəxana tikintisi ilə bağlı layihə təqdim etməsini qarşılıqlı əlaqələrin başqa sahələrdə də inkişafına töhfə verdiyini dedi.
İqtisadi inkişaf naziri Federika Quidi İtaliyada tibb sahəsi üzrə milli idarəetmə sahəsi yaradıldığını diqqətə çatdırdı. O, həmin sistemə aid bir sıra pilot layihələri təqdim edə biləcəklərini, bu pilot layihələrdən birinin də milli tikinti şirkətinin xəstəxana layihəsi olduğunu dedi.
Qonağa maraqlı təkliflərinə görə təşəkkür edən səhiyyə naziri Oqtay Şirəliyev, İtaliya şirkətləri yaxşı layihələr təqdim edəcəkləri təqdirdə onlarla birlikdə işləyə biləcəklərini vurğuladı.
Görüşün sonunda nazir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yüksək səviyyəli italiyalı mütəxəssislərin ölkəmizdə praktik və tədris fəaliyyəti göstərməsi ilə əlaqədar qarşılıqlı əməkdaşlığın yaradılmasında maraqlı olduğunu qeyd etdi.