Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirildi

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirildi

Toplantıda 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olundu
Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi. Dövlət başçısı iclasda giriş nitqi söylədi.
Prezident İlham Əliyev keçən ilin də ölkəmiz üçün uğurlu olduğunu qeyd etdi. Ötən ilin sonunda bölgədə artıq böhran başlamasına baxmayaraq Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etdiyini və 2014-cü ilin də çox gözəl göstəricilərlə başa vurulduğunu dedi.
Bu ilin birinci rübündə də müsbət meyillərin davam etdirildiyini bildirdi: “Mən keçən ilin sonunda əmin olduğumu bildirmişdim ki, 2015-ci il də ölkə iqtisadiyyatı üçün uğurlu il olacaq. Birinci rübün yekunları bu sözləri təsdiqləyir. Ümumi daxili məhsul 5 faizdən çox artmışdır. Bu, çox gözəl göstəricidir, həm region, həm dünya üçün. Bu gün dünyada 5,3 faiz, yaxud da 6 faizə yaxın inkişaf edən iqtisadiyyatlar çox azdır”.
Ölkə rəhbəri son illər ərzində aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində Azərbaycanda qeyri-neft sektorunun 7 faiz artdığını, dinamik inkişafın təmin edildiyini dedi. Bildirdi ki, uzun illər Azərbaycan iqtisadiyyatına qoyulan vəsait, şaxələndirmə siyasəti, qeyri-neft sektorunun inkişafı iqtisadiyyatımızın dayanıqlı surətdə inkişaf etməsinə, təkcə neft-qaz sektorundan asılı olmamasına imkan verir: “Hətta dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi bizim ümumi iqtisadi inkişafımıza təsir etmədi. Azərbaycanın iqtisadi modelinin unikallığı və bu göstəricilər bizim seçdiyimiz yolun nə qədər düzgün olmasını bir daha göstərir”.
Azərbaycanda müsbət demoqrafik vəziyyətin mövcudluğunu, son illər ərzində əhalimizin kəskin şəkildə artmağa başladığını deyən Prezident İlham Əliyev məhz bu səbəbdən yeni iş yerlərinin yaradılmasının daimi proses olduğunu vurğuladı. Birinci rübdə regionlarda da müsbət meyillərin müşahidə edildiyini bildirdi. 25 mini daimi olmaqla 30 minə yaxın iş yerinin açıldığını söylədi. Qeyd etdi ki, demoqrafik dinamikaya nəzər saldıqda hazırda ölkəmizdə işsizlik və yoxsulluğun ən aşağı səviyyədə, 5 faiz səviyyəsində olduğunu görürük.
Sosial məsələlərin həllinə gəlincə, dövlət başçısı düşünülmüş iqtisadi islahatların bütün dövrlərdə güclü sosial siyasətlə tamamlandığını diqqətə çatdırdı: “Bu il bütün sosial öhdəliklər yerinə yetirilir, sosial infrastrukturun yaradılması üçün əlavə vəsait ayrılır, məktəblər, uşaq bağçaları, tibb müəssisələri tikilir.Hazırda 20-dən çox tibb müəssisəsi tikilir və təmir edilir, əhalinin diaqnostikası məsələləri öz həllini tapır, müayinədən keçmə prosesi uğurla gedir. Keçən il 5 milyon, bu il isə təqribən artıq 4 milyona yaxın Azərbaycan vətəndaşı müayinədən keçmişdir. Son illərdə bütün bölgələrdə müasir tibb mərkəzləri yaradılmışdır. Yəni indi müayinədən keçmək üçün Bakıya gəlməyə ehtiyac yoxdur. Hər bir yerdə müasir tibb ocaqları var ki, insanlara gözəl xidmət göstərməlidir”.
Azərbaycanda həyata keçirilən islahatların aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirildiyini vurğulayan dövlət rəhbəri Davos Dünya İqtisadi Forumunun ölkələrin iqtisadiyyatlarının rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 38-ci yerə layiq gördüyünü söylədi. Bu yerin neftə, qaza görə yox, məhz düşünülmüş islahatlara görə qazanıldığını, belə göstəricinin gənc dövlət üçün böyük nailiyyət olduğunu dedi. Xarici bazarlardan istənilən məbləğdə maliyyə resursları cəlb emək imkanı olsa da, ölkəmizdə görüləsi işlərin daha çox daxili imkanlar hesabına həyata keçirildiyini vurğuladı.
Manatın devalvasiyası məsələsinə də toxunan ölkə başçısı bildirdi ki, məzənnəni tədricən dəyişmək istəyi ajiotaj yarandığı üçün mümkün olmayıb: “Hər gün 500 milyon dollar vəsait bazarlardan yığışdırılırdı, alınırdı və belə getsə idi, bizim Mərkəzi Bankın valyuta ehtiyatları kəskin şəkildə aşağı düşə bilərdi”.
Prezident İlham Əliyev eyni zamanda dərman preparatlarının qiymətləri ilə bağlı narahatlığını da ifadə etdi: “Mən xüsusi göstəriş vermişdim ki, bütün apteklərdə ciddi nəzarət təşkil edilsin və qiymətlərin qalxmasına imkan verilməsin. Onu da qeyd etməliyəm ki, dərman preparatlarının bazarı əfsuslar olsun ki, Azərbaycanda müəyyən dərəcədə nəzarətdən kənarda qalmışdır. Bu, əslində, dözülməz bir hal idi. Deyə bilərəm ki, bu hadisə bizim diqqətimizi bu sahəyə daha da ciddi şəkildə yönəltdi və gördük ki, bu sahədə çox böyük pozuntular, uyğunsuzluqlar var. Bəzi hallarda dərmanların qiyməti bir neçə dəfə, bəzi hallarda on dəfə şişirdilir. Yəni burada tamamilə özbaşınalıq və anarxiya hökm sürürdü. Kim dərmanı hansı qiymətə istəyirdi, o qiymətə də satırdı. İnsanlar da məcbur olub o dərmanları alırdılar, böyük vəsait xərcləyirdilər, xüsusilə, pensiyaçılara daha çox dərman lazımdır.
Bəzi hallarda ölkəyə o qədər də böyük keyfiyyətə malik olmayan dərmanlar da gətirilir. Ona görə mən Səhiyyə Nazirliyinə, İqtisadiyyat və Sənaye Nazirliyinə göstəriş vermişəm ki, bu sahədə vəziyyət tamamilə nəzarətə götürülsün. Eyni zamanda, hökumətə tapşırmışam ki, ciddi nəzarət olmalıdır və indi yeni mexanizm işlənilir. Ümid edirəm ki, bir neçə aydan sonra biz bu mexanizmi tətbiq etməyə başlayacağıq və insanlar bunu gündəlik həyatda görməlidirlər. Qiymətlər qalxmamalıdır. Mən hesab edirəm ki, bəzi dərmanların qiymətlərində kəskin azalma da olacaqdır.
Bu mövzu ilə bağlı bir məsələni də qeyd etməliyəm. Bu vəziyyət onu bir də göstərdi ki, yerli istehsalın ölkə iqtisadiyyatı üçün nə qədər böyük əhəmiyyəti var. Ona görə İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırıram ki, yerli istehsalın stimullaşdırılması üçün əlavə tədbirlər hazırlasın, təklif versin və biz lazımi qərarlar, sərəncamlar verəcəyik”.
Dövlət rəhbəri inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi məsələsinə də toxundu, əlavə tədbirlər görülməsinin, azad, ədalətli rəqabətin təmin edilməsinin zəruriliyini vurğuladı.
Bu il sosial infrastruktur layihələrinin icrası - məktəblərin, xəstəxanaların, uşaq bağçalarının, peşə məktəblərinin tikintisinin davam etdiriləcəyini dedi.
Çıxışının sonunda Avropa Oyunlarının keçirilməsinə az vaxt qaldığını xatırladan ölkə başçısı bu müddət ərzində bütün müvafiq qurumların daha da fəal işləməli olduğunu diqqətə çatdırdı: “Oyunlara dünyada çox böyük maraq var. Altmışa yaxın telekanal artıq müqavilə bağlayıb ki, bu Oyunları yayımlasın, beləliklə, “Bakı-2015” birinci Avropa Oyunları dünya ictimaiyyəti tərəfindən də izlənəcək.Belə ki son mərhələdəyik, ona görə şadam ki, çox qısa bir müddətdə - iki il yarım ərzində biz bu işin öhdəsindən gəldik. Əslində, mən şübhə etmirdim, çünki bizim başladığımız bütün işlər uğurla yekunlaşır. Əminəm ki, Avropa Oyunları da böyük idman və dostluq bayramına çevriləcəkdir.
Bir sözlə, vəzifələr aydındır. Biz ilin sonuna qədər fəal işləməliyik ki, bütün vəzifələri uğurla icra edək, ölkəmizi daha da gücləndirək”.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova