Azərbaycan səhiyyə naziri İstanbulda IX Türk Tibb Dünyası Qurultayında iştirak edib
Teymur Musayev Əziz Sancar mükafatı ilə təltif olunub
İstanbulda Türkiyə Respublikası Prezidentinin himayəçiliyi ilə “Türkiyə Yüzilliyi” çərçivəsində IX Türk Tibb Dünyası Qurultayı keçirilib. Toplantıda türk dövlətləri ilə yanaşı, müxtəlif qitələrdən olan rəsmi nümayəndə heyətləri və səhiyyə sahəsində tanınmış elm adamları iştirak ediblər.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, tədbirin başlıca məqsədi müasir dövrdə səhiyyə sahəsində baş verən yeniliklər, mütərəqqi yanaşmalar, innovativ texnoloji həllərin, xüsusilə də süni intellektin tətbiqi ətrafında fikir və təcrübə mübadiləsinin aparılmasıdır.
Qurultayın açılış mərasimində Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğanın tədbir iştirakçılarına videomüraciəti təqdim olunub. Türkiyə Prezidenti Qurultay iştirakçılarını salamlayıb, builki tədbirin türk dövlətlərinin səhiyyə sisteminin müasir əsaslarla inkişafında geniş imkanlar yaradacağına əmin olduğunu bildirib və qurultayın işinə uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Türkiyənin Sağlamlıq İnstitutları Başkanlığının sədri professor Erhan Akdoğan ilk olaraq Türkiyə Respublikasının yaranmasının 100 illiyi münasibətilə təbriklərini çatdırıb. O qeyd edib ki, Türk Tibb Dünyası Qurultayı tibb elminin inkişafı, nailiyyətlər, ixtiralar, yeni müalicə üsullarının tətbiqi sahəsində fikir mübadiləsinin aparılması, nəzəri və praktiki təcrübələrin bölüşülməsi üçün geniş imkanlar yaradır.
Türkiyənin səhiyyə naziri Fahrettin Koca isə öz çıxışında IX Türk Tibb Dünyası Qurultayının ölkə başçısının himayəsi altında, özü də önəmli bir tarixdə - Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi çərçivəsində keçirildiyini vurğulayıb. Nazir qurultayın builki mövzusunun “Səhiyyədə süni intellekt” olduğunu bildirib. Fahrettin Koca qeyd edib ki, tibdə əldə edilən son nailiyyətlər, yeni texnoloji həllər, rəqəmsallaşma, innovasiyalar sahəsində aparılacaq müzakirə və təcrübə mübadilələri gələcək fəaliyyət prinsiplərinə, eyni zamanda, əməkdaşlıq prioritetlərinə önəmli töhfə verəcək. Türkiyənin səhiyyə naziri IX Türk Tibb Dünyası Qurultayının səhiyyə sahəsindəki çoxşaxəli istiqamətlərdə əlaqələrin daha da inkişafı, bilik və təcrübələrin qarşılıqlı mübadiləsi üçün əvəzsiz fürsət yaradacağını vurğulayıb.
Qurultayda çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə Səhiyyə Nazirliyi adından bütün türk qardaşlarımızı təbrik edib: “Bu il “bir millət, iki dövlət” anlayışı ilə acımızın, sevincimizin bir olduğu Türkiyə Cümhuriyyətinin 100-cü ildönümüdür. Əminəm ki, Türkiyə – Azərbaycan qardaşlığı daha da güclənərək, neçə yüzilliklərə bərabər çatacaq. 2023-cü il həm də Azərbaycan Respublikası üçün əlamətdar ildir. İki qardaş ölkə arasındakı qardaşlıq bağlarının möhkəmlənməsində tarixi və misilsiz xidmətləri olan dahi siyasi xadim, müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyidir”.
IX Türk Tibb Dünyası Qurultayının əhəmiyyətindən danışan Teymur Musayev bildirib ki, müxtəlif ölkələrin səhiyyə nazirlərinin və elm adamlarının iştirakı ilə yaradılan bu platforma nəinki Türk Dövlətləri Təşkilatında təmsil olunan ölkələrin tibb mütəxəssisləri ilə, eyni zamanda, digər ölkələrdə fəaliyyət göstərən türksoylu peşəkarlarla əlaqələr qurmaq, onların təcrübələri ilə tanış olmaq və gələcək əməkdaşlıq imkanlarını müəyyən etmək üçün möhkəm əsaslar yaradıb: “Bu strateji və gələcəyə yönəlmiş addımların nəticəsidir ki, bugünkü tədbirdə müxtəlif qitələrdən olan nümayəndə heyətləri iştirak edir və qurultay biliklərin mübadiləsi üzrə beynəlxalq platformaya çevrilib”.
Nazir bir neçə gün öncə Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyinin 20 illiyinin ölkəmizdə böyük qürur və sevinc hissi ilə qeyd edildiyini bildirib. “2023-cü il oktyabrın 15-də üçrəngli bayrağımız Prezidentin siyasi iradəsi sayəsində bütün ölkə ərazisində dalğalanmağa başladı və ölkəmizin suverenliyi tam bərpa olundu. 30 illik işğal dövründən sonra azad olunmuş ərazilərin sürətli şəkildə ölkənin bütün sektorlarına inteqrasiyası başlanıb. Bu prosesdə müasir informasiya texnologiyalarının tətbiqi mühüm rol oynayır”, – deyə nazir vurğulayıb.
Teymur Musayev müasir səhiyyə sistemlərinin dinamik inkişafını təmin edən əsas amilin səhiyyənin rəqəmsallaşması olduğunu, texnoloji inkişaf və tibbi biliklərin kəşfi nəticəsində indi qlobal səhiyyə sektorunun transformasiya dövrünü yaşadığını da qeyd edib. “Hazırda səhiyyədə müxtəlif proseslərdə effektivliyi artırmaq üçün süni intellektdən istifadə olunur. Qurultayın süni intellekt sahəsində müxtəlif mövzulara toxunacağına və Türkiyə Respublikasının bu sahədəki təcrübəsinin iştirakçılarda böyük maraq yaradacağına inanıram”, – deyə nazir fikrini tamamlayıb.
Qurultay panel sessiyalarda müxtəlif mövzular ətrafında müzakirələr və təqdimatlarla davam edib.
Tədbir çərçivəsində Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevə “Əziz Sancar elm, xidmət və təşviq” mükafatı təqdim olunub.
IX Türk Tibb Dünyası Qurultayı çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayev bir sıra həmkarları ilə ikitərəfli görüşlər keçirib.
Türkiyənin səhiyyə naziri Fahrettin Koca ilə görüşdə tərəflər ölkələrimiz arasında qardaşlıq münasibətləri, səhiyyə sahəsində əməkdaşlıq, həmçinin birgə layihələr ətrafında səmərəli fikir mübadiləsi aparıblar. Qeyd edilib ki, qurultayın builki mövzusu olan səhiyyə sahəsində süni intellektin tətbiqi ilə bağlı fikir və təcrübə mübadiləsinin aparılması müasir texnoloji inkişaf və tibbi biliklərin kəşfinə, rəqəmsal həllərin tətbiqinə geniş imkanlar yaradacaq.
Bundan başqa, Azərbaycanın səhiyyə naziri Teymur Musayev qurultay çərçivəsində bəzi digər həmkarları ilə də ikitərəfli görüşlər keçirib. O cümlədən, Qırğızıstanın səhiyyə naziri Alımkadır Beyşenalıyev, Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili, Şimali Makedoniyanın səhiyyə naziri Fatmir Meciti, Kuba Respublikasının ictimai səhiyyə nazirinin müavini Tania Marqarita Kruz Hernandez, Şimali Kipr Türk Cümhuriyyətinin səhiyyə naziri Hakan Dinçyürek ilə konstruktiv və qarşılıqlı anlaşma mühitində keçən söhbətlər zamanı səhiyyə, tibb təhsilində ölkələr arasında əməkdaşlığının mövcud vəziyyəti və potensial inkişaf imkanları, həmçinin əczaçılıq sahəsində ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunub. Keçirilən görüşlərdə tərəflər arasında Türk dünyası ölkələri üçün səhiyyənin rəqəmsallaşdırılmasının əhəmiyyəti, dünya səhiyyəsində yeni çağırışların tətbiqi və müxtəlif platformalara ehtiyac olduğu vurğulanıb.
Həmçinin ölkələrdə səhiyyədə həyata keçirilən uğurlu islahatların nəticələri, elmi araşdırma mərkəzlərində aparılan tədqiqatlar, stomatologiya, daxili xəstəliklər, transplantasiya və tibbi turizmin inkişafı ilə bağlı əməkdaşlıq barədə danışılıb.
Eləcə də qeyd olunub ki, IX Türk Tibb Dünyası Qurultayı türkdilli dövlətlərdə tibb elminin müasir əsaslarla inkişafı, səhiyyədə mütərəqqi texnoloji həllərin, müasir müalicə üsullarının tətbiqi sahəsində fikir və təcrübə mübadiləsinin aparılması üçün geniş imkanlar yaradır. Eyni zamanda, tədbirin səhiyyədə süni intellektin tətbiqi imkanlarının elmi əsaslarla araşdırılması, yeni tibb xidmətinin fəlsəfəsinin bərqərar olması, müasir standartların formalaşmasında əvəzsiz töhfələr verəcəyi bildirilib.