Qarabağ sülh həyatına qayıdır
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağda antiterror tədbirlərindən sonra gedən proseslərlə bağlı bir neçə məlumat yayıb.
Bildirilir ki, Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Xocalı şəhərində Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşündə bundan əvvəl Yevlax şəhərində müzakirə edilmiş məsələlərin həlli istiqamətində atılan addımlardan razılıq ifadə olunub.
Konstruktiv mühitdə keçən görüşdə Ramin Məmmədov bundan sonrakı mərhələdə həyata keçiriləcək tədbirlər haqqında məlumat verib. Qeyd olunub ki, bəzi yaşayış məntəqələrində tənha vəziyyətdə müəyyən edilmiş erməniəsilli yaşlı sakinlərə ilkin tibbi yardım göstərilib və onlar həkim nəzarəti altında saxlanılırlar. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin həmin şəxslərlə görüşünə şərait yaradılması, onların ailə üzvlərinə və ya müvafiq tibb müəssisələrinə təhvil verilməsi təklif edilib.
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin sosial-humanitar, iqtisadi və infrastruktur məsələlərin həlli üzrə rəhbərlik etdiyi işçi qrupun üzvlərinin cari fəaliyyət istiqamətlərini müəyyən etmək məqsədilə Xankəndi şəhəri də daxil olmaqla, ərazidə kommunal, səhiyyə xidmətləri və digər mülki fəaliyyətlə məşğul olan müvafiq nümayəndələrlə görüşünün təşkili və birgə işçi qrupunun yaradılması barədə razılıq əldə olunub.
Təklif edilib ki, Xankəndi şəhəri yaxınlığında və ya Xocalı istiqamətində səhiyyə xidmətlərinin Azərbaycan və erməniəsilli tibb heyəti tərəfindən birgə göstərildiyi səhra hospitalı təşkil olunsun. Həmçinin Azərbaycan və erməni xidmət personalı tərəfindən mobil qida təminatı xidmətinin yaradılması təklifi irəli sürülüb.
Xroniki ağır xəstəliklərdən əziyyət çəkən və ya xüsusi cərrahiyyə əməliyyatına ehtiyacı olan şəxslərə zəruri tibbi yardımın göstərilməsinə hazırlıq ifadə olunub.
Bununla yanaşı, görüşdə Azərbaycan və erməniəsilli tibb işçilərindən ibarət səyyar birgə həkim briqadalarının formalaşdırılması, həmin briqadalar tərəfindən ucqar kəndlərdə tənha və tibbi xidmətə ehtiyacı olan şəxslərə xidmət göstərilməsinin vacibliyi vurğulanıb.
Görülmüş işlərin yekunlarının müzakirəsi və gələcək addımları müəyyənləşdirmək məqsədilə tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının digər məlumatında bildirilir ki, 2023-cü il sentyabrın 25-də Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Hadisə nəticəsində çoxlu sayda ölən və yaralananlar var.
Bununla əlaqədar yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq hərəsində 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan iki təcili tibbi yardım maşını Ağdam – Əsgəran – Xankəndi yolu vasitəsilə yola salınıb.
Yevlax şəhərində keçirilmiş görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin, ilk növbədə, bağçaların, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin yanacaq-sürtkü materialları ilə təmin edilməsinə dair xahişinə uyğun olaraq, Ağdam – Əsgəran – Xankəndi yolu vasitəsilə bu məqsədlə 30 ton benzin, 34 ton dizel yanacağı, növbəti dəfə isə daha 32 ton benzin yola salınıb.