Prezident İlham Əliyev Bakıda “Diamed” dərman istehsalı zavodunun açılışını edib

Prezident İlham Əliyev Bakıda “Diamed” dərman istehsalı zavodunun açılışını edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Pirallahı rayonunda “Diamed” dərman istehsalı zavodunun açılışında iştirak edib.
AZƏRTAC-ın bildirdiyinə görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Diamed Development Group” MMC-nin təsisçisi Aytən Quliyeva dövlət başçısına görülən işlər haqqında məlumat veriblər.
Layihənin əhəmiyyəti barədə videoçarx nümayiş olunub.
Prezident İlham Əliyev zavodu işə salıb.
İstehsal prosesi ilə yaxından tanış olan dövlət başçısına məlumat verilib ki, zavodda müxtəlif adlarda, geniş çeşiddə (NaCl 0,9 faiz; Ringer; Ringer laktat; Qlükoza və s.) və müxtəlif həcmlərdə (100 ml, 200 ml, 250 ml, 400 ml, 500 ml) həyati vacib və zəruri venadaxili dərman məhlulları istehsal olunacaq.
Qeyd edilib ki, “Diamed Development Group” MMC-nin Pirallahı rayonunda yaradılan dərman zavodu daxili tələbatın ödənilməsində yerli məhsulların payının artırılması, ixrac imkanlarının genişləndirilməsi məqsədilə açılıb. Müəssisənin illik istehsal gücü 20 milyon litr, ölkəmizin bu dərmanlara illik tələbatı isə təxminən 15 milyon litrdir. Beləliklə, müəssisədə istehsal edilən məhsulların yerli bazarın tələbatını ödəməsi ilə yanaşı, Rusiya, Gürcüstan və Orta Asiya ölkələrinə ixracı da nəzərdə tutulur.
“Diamed” dərman zavodunda 100 iş yeri yaradılıb. Müəssisənin layihəsi İsveçrə şirkəti tərəfindən Qabaqcıl İstehsal Təcrübəsinə (GMP), istehsal xətti isə Avropa Farmakopeyasına uyğun olaraq hazırlanıb. Yüksək texnologiya və tam qapalı sistemlə təchiz edilmiş zavodun istehsal avadanlıqları İtaliya, ABŞ, Almaniya, İsrail kimi ölkələrdən alınıb. İstehsal olunan məhsullar zavoda məxsus müasir laboratoriyada Avropa Farmakopeyasının tələblərinə uyğun mütəmadi olaraq yoxlanılır.
Qeyd edək ki, dövlət başçısının müvafiq Sərəncamı ilə yaradılmış Pirallahı sənaye parkı ölkəmizdə sənayeləşmə siyasətinə uyğun olaraq təşkil olunan 7 sənaye parkından biridir və əczaçılıq məhsullarının istehsalı sahəsində ixtisaslaşır. Bu günədək parkda 6 müəssisə rezident kimi qeydiyyatdan keçib. Onlardan “R-Pharm” MMC və “Diamed Co” MMC artıq fəaliyyətə başlayıb. Rezidentlər tərəfindən 36,6 milyon manatdan çox investisiya yatırılıb, 130-dan çox iş yeri yaradılıb. Növbəti mərhələdə 30 milyon manat investisiyanın qoyulması və daha 250-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur. Bu sənaye parkının rezidentləri tərəfindən indiyədək 37 milyon manatlıq məhsul istehsal olunub.
Məlumat verilib ki, “Diamed” dərman zavodunun tikintisinin maliyyələşdirilməsində Prezident İlham Əliyevin Sərəncamı ilə 2006-cı ildə fəaliyyətə başlayan “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti də iştirak edib. Ümumi dəyəri 15,6 milyon manatdan çox olan zavodda “Azərbaycan İnvestisiya Şirkəti”nin payı 20 faizdir.
Bu müəssisəyə dövlət tərəfindən digər dəstək tədbirləri də göstərilib. Belə ki, layihənin reallaşması üçün İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 6 milyon manat güzəştli kredit verilib. Sahibkarlığın inkişafına digər bir dövlət dəstəyi çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş investisiya təşviqi sənədi sayəsində müəssisə idxal etdiyi avadanlıqlara görə 1,3 milyon manat güzəşt əldə edib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova